Hakimiyyətin anti-inqilab hazırlıqları
Eyni cəzalar 280-ci maddəyə (silahlı qiyam) – Azərbaycanın Konstitusiya quruluşunu zorla dəyişdirmək, və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə, yaxud qiyamda fəal iştirak etməyə görə də tətbiq ediləcək.
Hazırda hər iki maddəyə görə cəzalar 10 ildən 15 ilə qədərdir. Dövlətə xəyanət cinayətinin cəza müddəti də artırılır. Cinayət Məcəlləsinin 274-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq ölkə vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda bu əmələ görə cəza 10 ildən 15 ilə qədərdir. Parlament yaxın günlərdə bu dəyişiklikləri müzakirə edəcək.
“Turan” informasiya agentliyinin direktor Mehman Əliyevdə prezidentin cəzaları sərtləşdirmək təklifinə şərh verməyi xahiş etmişik.
– Mehman bəy, Cinayət Məcəlləsinin “dövlətə xəyanət”, “casusluq”, “hakimiyyəti zorla ələ keçirmə”, “silahlı qiyam”a görə cəzaların sərtləşdirilməsi barədə prezidentin təklifi nə ilə bağlı ola bilər?
– Əgər belə addımlar atılırsa demək hakimiyyət nədənsə narahatdır. Bilirik ki, neft istehsalı ildən-ilə aşağı düşür. Xarici ekspertlər bildirirlər ki, 7 ildən sonra Azərbaycanda neftin istehsalı iki dəfə aşağı düşəcək. Hakimiyyət daxili vəziyyətin böhrana getməsinin qarşısını almaq üçün cəzaları sərtləşdirməyi qərara ala bilər. Başqa amillər də ola bilər. Belə dəyişikliklər bundan əvvəl Rusiyada da olub. Bizdə Rusiyada baş verən hadisələri izləyirlər və eyni dəyişiklikləri təkrar edirlər. Bundan başqa, Ukraynanın şərqində baş verən hadisələr diqqətdən kənarda qala bilməz. Xarici müdaxilə əsasında Azərbaycanda da belə hadisələrin baş verə biləcəyi ilə bağlı ehtimallar səslənir.Bu baxımdan cəzaların sərtləşdirilməsi belə hadisələrin qarşısının alınmasına hesablanmış addımlar hesab oluna bilər.
-Bu mənada Cinayət Məcəlləsində cəzaların sərtləşməsi effektli ola bilərmi?
– Müəyyən mənada effektli ola bilər, amma ümumilikdə vəziyyəti dəyişmək lazımdır. ABŞ-ın Azərbaycandakı səfiri Rişard Morningstar bu yaxınlarda verdiyi müsahibəsində demək olar ki, xəbərdarlıq etdi ki, belə bir problem var. Amerika daha çox narahatdır ki, belə bir problem var. Amerika bölgəyə stabillik gətirib və həmişə də hakimiyyətə himayədarlıq edib. Görür ki, vəziyyət lazımı istiqamətdə getmir və bu bəzi fəsadlar verə bilər və bu baxımdan da Azərbaycanı xəbərdar edir. Amma Azərbaycan hakimiyyəti bunu başqa cür qəbul edir, və ya qəbul etmək istəmir. Görünən odur ki, narahatlığa görə cəzalar sərtləşdirilir. Ötən ildən başlayan həbslərə baxanda belə görünür ki, bu məsələ ölkədə baş verə biləcək hər hansı aktivliyin qarşısını almağa hesablanıb.
-İndi Azərbaycanda zorla hakimiyyəti ələ keçirmə, silahlı qiyamla bağlı nələrsə hiss olunurmu?
-Biz eşidirik ki, bu gün Suriyada Azərbaycan vətəndaşları vuruşurlar, azərbaycanlılardan ibarət silahlı dəstələr var. Yəni, həmin silahlar Azərbaycana gələ, hansısa proseslərdə iştirak edə bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=7344