Əliyevlər rejiminin əfv imitasiyası

27.05.2014 - 19:42

“Siyasi məhbuslar niyə azadlığa buraxılmadı?”

siyasi_mehbuslarPrezident İlham Əliyev gözlənilən əfv fərmanını imzaladı. Bir aya yaxın idi ki, cəmiyyətdə siyasi və vicdan məhbuslarının azadlığa buraxılacağına dair ictami rəy formalaşdırılırdı. Müxtəlif düşərgələrdə fəaliyyət göstərən hüquqmüdafiəçiləri, parlamentin üzvləri, bir sözlə hakimiyyətin loyal yanaşdığı adamların dilindən tezliklə “böyük əfv” olacağı və siyasi məhbusların azadlığa buraxılacağı səslənirdi. Hətta parlamentdə bircə dəfə də siyasi məhbuslardan heç birinin adını çəkməyən Qüdrət Həsənquliyev belə partiyası adından prezidentə konkret siyahı ilə müraciət etdi. Məsələnin bu şəkildə qoyuluşu yuxarıların aşağılara mesajı kimi göründü.

Kimlər əfv olunub?
Və nəhayət, əfv imzalandı, ancaq adı çəkilən siyasi məhbuslardan heç kimin adı həmin siyahıya düşmədi. Siyahıda yalnız 5 nəfər ictimai-siyasi fəallığına görə həbs olunmuş şəxslərin adları var idi: 1) Sabiq AXCP üzvü Daşqın Məlikovun cəzası mayın 8-də xəstəliyinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsi ilə əvəz olunmuşdu. Narkotik maddə saxlamaqda ittiham olunan gənc fəal Daşqın Məlikov Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Daşqın Məlikov məhkum olunandan bir müddət sonra həbsdən bəyanat yayaraq AXCP-dən istefa vermiş və həbsxanadan çıxan kimi mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etmişdi; 2) AXCP-nin sabiq üzvü Rahib Hacıyev Bakıda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Cəbhəçinin evindən narkotik maddə tapıldığı bildirilirdi. Rahib Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2014-cü il hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası almışdı. Həbsdə olarkən Rahib Hacıyev prezidentə məktub ünvanlayaraq AXCP sədri Əli Kərimlinin siyasi baxışlarının qurbanı olduğunu yazmış və partiya sıralarını tərk etmişdi; 3) Jurnalist Fərəməz Novruzoğlu 2012-ci ildə həbs edilib, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə ittihamları ilə 4 il 6 aylıq həbs cəzası almışdı; 4) Bəxtiyar Məmmədov 2011-ci ilin dekabr ayının 30-da həbs olunub. O, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmədə təqsirli bilinib. 2013-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Bəxtiyar Məmmədovu 8 il müddətinə azadlıqdan məhrum etmişdi; 5) Fuad Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddəsi ilə təqsirli bilinib, 2011-ci il sentyabrın 26-da Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov onlarla razılaşdırılan siyahıda yalnız üç nəfərin – Fuad Hüseynov, Fərəməz Allahverdiyev ve Bəxtiyar Məmmədovun adının əfv olunanların siyahısında olduğunu bildirdi: “Ona görə də bizim hazırladığımız siyasi məhbusların siyahısından yalnız 3 nəfər buraxılıb. Daşqın Məlikov və Rahib Hacıyev isə siyahıda yox idilər, çünki onlar ərizə yazıb siyasi baxışlarının dəyişdiyini və özlərini siyasi məhbus hesab etmədiklərini yazmışdılar”.
Hüquqşünas Erkin Qədirli hesab edir ki, hüquq müdafiəçilərinin ortaya qoyduqları siyahıdakı adların heç biri hüquqi nöqteyi-nəzərdən əfvə şamil oluna bilməzdilər: “Əfv yalnız barələrində qanuni qüvvəyə minmiş hökm olan adamlara tətbiq olunur. Buna görə də İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, N!DA-çılar, Anar Məmmədli, Bəşir Süleymanlı, Rauf Mirqədirovla bağlı əfv fərmanı texniki baxımdan mümkün deyildi. Çünki onlarla bağlı məhkəmə prosedurları hələ tamamlanmayıb. Onlardan bəzilərinin işi indi apellyasiya məhkəməsindədir, bəzilərinin məhkəməsi isə yenicə bitib. Ona görə də mediada yaradılan və şişirdilən bu gözləntini mən ciddi qəbul etmirdim”.
Erkin Qədirlinin sözlərinə görə, bu vəziyyətdə adları siyahıda olan siyasi məhbuslara amnistiyanın tətbiqini mümkündür: “Amnistiya söhbəti olsaydı, onda başqa məsələ. Amnistiya cinayət prosesinin istənilən mərhələsinə şamil oluna bilər. Amma o, artıq konkret adamlara deyil, maddələrə və əməllərə görə verilir. Amnistiya söhbəti olmadığından aydın idi ki, sadaladığım adamlara bu fərman tətbiq oluna bilməzdi”.
Aldadılmış təbəələr
Prezidentə müraciət edən Novella Cəfəroğlunun mətbuata açıqlamasında sətiraltı başqa bir qəzəb hiss olunurdu. “Leyla Yunusun siyahısından 29 nəfəri seçdik və çoxlu hüquq müdafiəçisi müraciət imzaladıq. İndi bizə deyirlər ki, o adamların apellyasiyası olmadığından, əfvə düşməyib. Bu, doğru deyil. Bu işlərin hamısı prezidentdən asılı idi, bu, humanist addım idi və hər şey prezidentin əlində idi. İstəsə, həmin şəxsləri buraxa bilərdi”.
Hüquq müdafiəçisinin bu sözlərinin arxasında aldanılmış adamın etirazı hiss olunur. Bu abzasın sətiraltı anlamı budur: Bizə dedilər gedin, Leyla Yunusun siyahısından adlar seçin və müraciət edin. Gerisi bizlikdir, prezident bu sənədi imzlayacaq.
Əslində hüquq müdafiəçisi Leyla Yunusun da əfv fərmanı ilə bağlı açıqlaması buna işarədir. O, qeyd edib ki, bu fərman həmişəki kimi insanları aldatmaqdan başqa bir şey deyil: “Bu, həmişəki kimi, oyun idi. Azərbaycan vətəndaşları, jurnalistlər ildə iki dəfə bu cür aldadılırlar, gözləyirlər və nəticədə heç nə olmur. Hökumətə yaxın olan təşkilatlar çalışırdılar insanları inandırsınlar ki, əfv olacaq, əfvə siyasi məhbuslar düşəcək, ortada siyahı var və kimlərəsə təqdim edilib və sair”.
Siyasi məhbuslar niyə azadlığa buraxılmadı?
Ekspertlərin də yanaşmasından göründüyü kimi əfvlə bağlı bu gözlənti aldadıcı və şişirdilmiş idi. Özü də bu gözlənti yuxarıdan süni şəkildə yaradılmış olaydan doğurdu. “Hakimiyyətin bu nəyinə lazımdır?” deyə sualına müxtəlif mülahizələrlə cavab vermək olar. Amma əsas sual budur: “niyə siyasi məhbuslar azadlığa buraxılmadı?” Cavabı avropalıların son günlər siyasi məhbusların azadlığa buraxılması tələbi ilə bağlı Azərbaycan iqtidarının üzərinə çox getməsində axtarmaq lazımdır. Hakimiyyət cəmiyyətə göstərə bilməzdi avropalıların ciddi təzyiqindən geri çəkilib siyasi məhbusları azadlığa buraxır. Bunun əks effekti cəmiyyətdə hakimiyyətin güclü və güzəştə getməyən obrazının çatlaması şəklində görünə bilərdi.
Dünən səhər hakimiyyətə yaxınlığı ilə tanınan mətbu orqanın analitik yazısının oxucuya demək istədiyi fikrin mahiyyəti də bundan ibarət idi ki, hakimiyyət Qərbin qarşısında boyun əyməyəcək: “Qərb Azərbaycan hakimiyyətini tamam itaət altına salıb ona istədiyini etdirmək niyyətindədir”. Oxucuya aşılamaq üçün istifadə olunan bu fikrin tərcüməsi belədir: Qərb müstəqilliyimizi, suverenliyimizi əlimizdən almaq istəyir.
Hətta Milli Məclisin üzvü Səməd Seyidovun haqqın.az-a müsahibəsindəki Avropa Şurasından çıxmaq eyhamları da hakimiyyətin ənənəvi “müstəqil və güclü” obrazına yönəlik siyasətın davamıdır.
İndi isə insanları yeni gözləntiyə kökləmək istəyirlər. “Yeni Müsavat”ın bu günkü sayında 19 iyunda siyasi məhbuslarla bağlı yeni əfv fərmanının imzalanacağı bildirilir: “24 iyunda Azərbaycan prezidenti AŞPA sessiyasının açılış törənində çıxış edəcək. Həmin günə qədər siyasi məhbuslarla bağlı problem tam olaraq həll ediləcək”.
İndiki durumda siyasi məhbusların azadlığa buraxılması hansı şəkildə mümkündür?
Erkin Qədirlinin sözlərinə görə, mövcud durum məcbur edir ki, bu suala birmənalı, hüquqi prosedur baxımından cavab verilməsin: “Çünki cəmiyyətdəki ovqat başqadır. Siyasi və vicdan məhbusları həbs olunarkən hüquq özü pozulub. İstər onlara qarşı ittiham irəli sürülərkən, istər istintaqın aparılması zamanı, istər məhkəmələrin gedişatındanda, yaxud səmərəli müdafiənin təminatında hüququn normaları ciddi şəkildə pozulub. Bunu da hamı görürdü, ona görə də cəmiyyətdə gözlənti çoxalmışdı. Artıq belə fikir formalaşıb ki, başlanğıcdan hüquqa zidd olan bir şeyin sonu niyə hüquqa uyğun olmalıdır? Yəni aşağıdan istək belədir ki, necə tutmuşduz elə də buraxın. Anlaşılandır. Ama buna da hər hansı bir hüquqi don geyindirmək lazımdır”.
O, bildirdi ki, əgər söhbət konkret adı yuxarıda çəkilən adamlardan gedirsə, onlara amnistiya tətbiq oluna bilər: “Belə bir ehtimal ola bilər ki, yenə deyirəm, əgər buraxmaq niyyətləri varsa, apellyasiya məhkəməsi hökmü dəyişdirə, ümumiyyətlə bəraət verə bilər, verilmiş cəzanı azalda, işi xətm edə və ya hökmü qüvvədə saxlayıb cəza hissəsini dəyişib şərti azadlığa buraxa bilər”.
Erkin Qədirli pretendent kimi Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması faktını göstərdi. Onlar əfv fərmanı ilə buraxılmamışdılar, məhkəmə qərarı əsasında şərti azadlığa çıxmışdılar.

Günay İskəndərova

Short URL: http://www.cumhuriyyet.net/?p=7518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728