Əliyev diktaturasının dayaqları

05.06.2014 - 10:29
Yaxud əzilənlər səltənətinin yaratdığı sosial-inzibati “dedovşina”dan necə qurtulaq?

 
 

Çox sərt suallar qarşısındayıq. Niyə xalq qalxmır? Niyə Əliyev
diktaturası meydan sulamaqda davam edir? Əzilən kütlələr buna niyə
dözür? Dünya tarixinin buna oxşayan siyasi rejimləri necə olublar və
necə devriliblər? Suallar çoxdu, amma bunları araşdırmaq da yetər ki,
biz üzləşdiyimiz sosial “dedovşina”dan necə yaxa qurtarmaq barədə
düşüncəmizdə çıxış nöqtəsi müəyyən edək.
Ilham Əliyev və atası Heydər
Əliyev uzun illər ölkəni idarə  etməyə nail olublar. Bu faktla mübarizə
aparmaq bir neçə  bioloji nəslin uşaqlığını, cavanlığını və ahıl
çağlarını  süpürüb aparıb. Ortada isə yalnız bir fakt var – onların
tiraniyası davam edir. Əliyevlər bizim tariximizin ən neqativ
fenomenləri sırasında həm də ona görə liderdilər ki, onlar bizim ən yeni
və davam etməkdə olan tarixi-siyasi proseslərimizin içindədilər.
1960-cı illərin sonunda məktəbə Heydər Əliyevin hakimiyyətində gedənlər
indi öz nəvələrini Ilham Əliyevin hakimiyyətində məktəbə aparan və
ikinci Heydər Əliyevin müsahibələri barədə internet söz-söhbətlərini
eşidən babalardır. Onların arasında üzləşdikləri reallığı dəyişmək üçün
dəfələrlə inqilabi cəhdlər etmiş insanlar da var. Yəni, bütün bu illər
ərzində Əliyevçilik istibdadı susqunluqla qarşılanmayıb və indiki
hakimiyyətin qarşısındakı insanlar hər zaman milli müqavimət cəbhəsini
təmsil ediblər.
Indiki vəziyyəti bir neçə cümlə ilə ifadə etsək,
rəsmi maaşı bir neçə min manat olan dövlət başçısının offşor zonalarda
48 milyardlıq şirkətləri olduğu halda, ölkədə orta aylıq təqaüd 85 manat
ətrafındadır.

Mussolini və Hitler – “Yararsızı öldür!”

Italiya və Almaniyada XX nəsrin əvvəllərində hakimiyyətdə  olmuş
faşizm ideoloji diktatura üzərində qurulmuşdu.   Hitler daha da irəli
gedərək, Mussolininin “buraxdığı boşluqları” doldurdu. Bu, bizim xalqın
da yaşadığı tarixi prosesin yönünü müəyyən edən bir qlobal fenomen idi.
Hitler alman xalqının sərvətlərini talamırdı. Ona təlqin edirdi ki, 
alman irqi dünyanın ən ali irqidir. Hitler özünü almanlar üçün təhlükəyə
çevirmədi, əksinə, almanlarda elə bir ruh yaratdı ki, dünya Almaniyanı
özü üçün təhlükə saydı.
Bu, faşizmin təbliğatı deyil. Sadəcə, bir incə fərqi kobudluqla göstərmək cəhdidir.
Əliyev
Azərbaycan üçün təhlükəyə çevrilib. Dünya üçünsə, yüngül desək, gəlir
yeridir – ona “xox” gəlib, ölkənin sərvətlərini talayırlar. Çünki o,
əzənlərin deyil, əzilənlərin diktatorudur. Ilham Əliyev Azərbaycanın
qamarlana biləcək bütün sərvətlərinə iddia edir. Və məcazi mənada,
qucağı tutduğu qədər onu əldə edir. Diktatura özünün hakimiyyəti
bölməmək metodları ilə də fərqlənir.

Fəhlə diktaturası

Stalinizm – başqa adıyla “fəhlə diktaturası”. SSRI-də və onun xırda
peyklərinin sərhədləri daxilində fəhlə hakimiyyəti bərqərar idi. Stalin
sadəcə, ziyalıları sürgünə göndərirdi. Öz Xarici işlər nazirinin
xanımını həbs etdirirdi. Fəhlə hakimiyyətinin böyük fərqi bu idi ki,
uzaq Sibirdən, ya da Qafqazdan kimsə ona bir məktub yazıb yerli
hakimiyyətin səhlənkarlığından əziyyət çəkdiyini deyirdi. O məmur artıq
olmamalı idi. Təkcə siyasi mənada deyil, həm də fiziki mənada. Stalinist
diktaturada böyük pullar mənimsəmək yox idi. Stalini bütün sovet
vətəndaşları və sovetoloqlar belə xarakterizə edirlər: “Bir şineli və
bir cüt əsgər  çəkməsi var idi. Yaşayanda da, öləndə də əynində onlar
idi”. O, yaşayanda və öləndən sonra heç kim onun bir rubl sərvəti barədə
məlumata rast gəlmədi.

Əzilənlərin səltənəti

Ilham Əliyevi Hitler və Stalinlə yaxınlaşdıran tərəfləri var. O,
Hitler kimi, özündən olmayana nifrət edir, Stalin kimi, “insan yoxdur,
problem yoxdur” prinsipi ilə yaşayır və düşünür. Amma o, bütün
hakimiyyət fəlsəfəsini bir təhqirin  süjetində qurub. Keçmiş KQB
texnoloqları hakimiyyəti idarə etməklə bağlı Heydər və Ilham Əliyevlərin
“heyvan saxlamaq” eksperimentlərini lətifəyə çevirib yayırlar. Bəli, ən
az qidalandırılan canlı daha müti və halsız olur, onu bir qab yemin
arxasınca ora-bura sürümək asan olur.
Azərbaycanın görkəmli
ziyalılarından Xudu Məmmədov isə deyirdi: “Sürünənlər yıxılmır”. Ilham
Əliyevi hakimiyyətdə saxlayan onun əzdikləridir. Heç bir siyasi
təcrübəsi olmadan 9 milyonluq xalqı yalnız dəyənəklə sağa-sola
döndərməkdə,  əlini bir qarın çörəyə və şükr duasına çatdırmaqda dərin
fəlsəfi-siyasi mahiyyət axtarmaq lazım deyil. Bizim  ölkəmizdə başdan
aşağı bir-birini təhqir edərək idarə edənlərin hakimiyyəti bərqərardır
və ölkədə sosial-inzibati “dedovşina” hökm sürür. Ilham Əliyev isə
sağları ölümə tərk edən, ölənlərin qolundan saat açan, uduzmuş komandiri
xatırladır. Belə olmasaydı, həkimlər qatilə, müəllimlər  rüşvətxora,
polislər mafiyaya, xəfiyyələr qara qüvvələrə bənzədilmələrinə
dözməzdilər. Heç kimdən prezident və parlament seçkilərində qəhrəmanlıq
eləmək tələb olunmur. Bu dəfə özünüzə zibil daşıyan seçirsiniz – yəni,
bələdiyyə. Görün alınırmı? Alınmırsa, əmin olun ki, bu, sizin qurduğunuz
hakimiyyətdir – əzilib susanların diktaturası!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8038

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031