ABŞ Azərbaycan hakimiyyətini regional təhlükə mənbəyi elan etdi

06.06.2014 - 23:14

“Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması regional təhlükəsizliyə təhlükə yaradır”

ABŞ növbəti dəfə Azərbaycan hökumətini
birləşmək və toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları
sahəsində beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırıb.

“Turan”ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu barədə
ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer Robinsonun iyunun 5-də Vyanada
ATƏT Daimi Şurasında səsləndirdiyi “Azərbaycanda insan hüquqlarının
davam edən pozuntuları” adlı bəyanatda bildirilir.

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri
Anar Məmmədlinin vergi ödənişindən yayınma və qanunsuz sahibkarlıq,
vəzifə səlahiyyətlərindən sui-istifadə kimi şübhəli ittihamlarla 5 il
yarım müddətinə həbs edilməsi haqqında 26 may tarixli qərar Vaşinqtonu
çox narahat edir.

Hakimiyyət həmçinin təşkilatın ictimai direktorunu və tərəfdaş
QHT-nin rəhbərini də şübhəli ittihamlarla mühakimə edib. Bu əməllər, o
cümlədən digər son tədbirlər Azərbaycanın dostlarını hökumətin
səmimiliyi, demokratik inkişafa sadiqliyi haqqında düşünməyə vadar edir.

Biz həmçinin hakimiyyətin SDİ direktoru Leyla Yunusun və onun həyat
yoldaşının saxlanılmasından, pasportlarının əllərindən alınmasından,
onlara qarşı sonrakı təzyiqlərdən narahatıq. Bu, onların Börndə hüquq
müdafiə konfransında iştirakına mane olub.

Leyla Yunus regionda xalq diplomatiyası üzrə səylərin möhkəm əqidəli
tərəfdarı idi. Onun və jurnalist Rauf Mirqədirovun barəsində istintaq
Azərbaycan vətəndaş cəmiyyətinə, xüsusən Qarabağ münaqişəsinin dinc
yolla həllinə yardım etmək istəyənlərə mənfi təsir göstərir.

Bu gün biz Azərbaycandakı dostlarımızı ölkənin insan hüquqları və
əsas azadlıqlar sahəsində aparıcı rolunu geri qaytarmağa çağırırıq.

Azərbaycan və ABŞ enerji tədarükü yollarının müxtəlifləşdirilməsinə
və regional təhlükəsizliyə yardıma sadiqdir. Biz Azərbaycanın
Əfqanıstanda Beynəlxalq Koalisiyanın işinə töhfəsini yüksək
qiymətləndiririk. Biz Azərbaycanı açıq bazar iqtisadiyyatında və Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinin axtarışında dəstəkləyirik.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq
ictimaiyyətdə böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın,
insan hüquqlarının və əsas azadlıqların inkişaf etdirilməsinə kömək
etməyə hazırdır.

Təəssüf ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan
əvvəlki kimi hakimiyyət tərəfindən daraldılır və bu meyl getdikcə
güclənir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır. 

Azərbaycan ölkədə demokratik inkişaf və uzunmüddətli sabitlik üçün
həlledici əhəmiyyət daşıyan daha açıq cəmiyyət yaradaraq, sabitliyi və
çiçəklənməni ən yaxşı şəkildə təmin edə bilər.

Biz Azərbaycan hökumətini siyasi plüralizm üçün şərtlərin
möhkəmləndirilməsi üzrə işə başlamağa və müstəqil KİV və vətəndaş
cəmiyyəti üçün məkanı genişləndirməyə çağırırıq”, deyə bəyanatda qeyd
olunur.

Azərbaycanda siyasi məhbuslarla bağlı problem iyunun 11-də ABŞ
Senatının Helsinki Komissiyasında da müzakirəyə çıxarılacaq.
Ekspertlərin fikrincə, hakimiyyətin yürütdüyü repressiv siyasətin
müzakirələr zamanı sərt tənqid olunacağı gözlənilir.

Fuad Qəhrəmanlı: “ABŞ diplomatının dilə gətirdiyi narahatlıq
həm də onu göstərir ki, Azərbaycandakı demokratiya problemi geosiyasi
məsələyə çevrilib” 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki,
Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlar qarşısında götürdüyü
öhdəlikləri, ictimaiyyətin təpkisini nəzərə almadan insan haqlarını,
demokratik prinsipləri kobud şəkildə pozur. Siyasi repressiyaların hər
ötən gün daha geniş vüsət almasının beynəlxalq aləmdə ciddi narahatlıq
doğurduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, ona görə dünyada Azərbaycan
hakimiyyətinin repressiv imici formalaşıb: “Son zamanlar Azərbaycan
hakimiyyətinə yönələn demokratik çağrışların intensivləşməsi situasiyaya
adekvat reaksiyadır. Bu prosesdə narahatlığını daha açıq formada ifadə
edən ABŞ-dır. ABŞ-ın da bu narahatlığı üçün kifayət qədər əsasları var.
Azərbaycanla ABŞ arasında strateji əlaqələrin olmasını nəzərə alsaq, bu
repressiyaların, avtoritarizmdən diktaturaya keçidin baş verməsi, ABŞ-ın
Cənubi Qafqazda demokratiya ilə bağlı siyasətini tənənzülə uğradır.
Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət  ABŞ-ın demokratiya ilə
bağlı çağrışlarının dəyərini aşağı salır. Ona görə də ABŞ hakimiyyətin
yürütdüyü siyasətdən ciddi narahatlıq ifadə edir”.

Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasətlə digər ölkələr
üçün pis nümunəyə çevrildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki,
Azərbaycan bir tərəfdən Avropanın enerji tərəfdaşı kimi çıxış edir,
Avropa Şurasının Nazirlər Komitəsinə sədirliyi reallaşdırır. Amma digər
tərəfdən də avtoritar siyasətini daha da gücləndirir: “Azərbaycan
hakimiyyətinin yürütdüyü siyasət Qərb dəyərlərinə hörmət edilməməsi,
onların qiymətdən salınması təəssüratı yaradır. Azərbaycan
hakimiyyətinin son zamanlar regionda geosiyasi durumu dəyişmək
istiqamətində atdığı addımlar, Rusiyaya yönəlik addımlar təbii ki,
Azərbaycana münasibətdə bu narahatlıqların daha açıq formada ifadə
olunmasına zəmin yaradır”.

F.Qəhrəmanlı hesab edir ki, ABŞ diplomatının dilə gətirdiyi
narahatlıq həm də onu göstərir ki, Azərbaycandakı demokratiya problemi
geosiyasi məsələyə çevrilib. F.Qəhrəmanlının sözlərinə görə, artıq
Qərbdə o fikri qəbul edirlər, Azərbaycanda avtoritarizm, Əliyev
hakimiyyəti qaldıqca ölkənin Avropaya inteqrasiyası mümkün deyil: “Bu
bəyanatlar onu deməyə əsas verir ki, əgər Azərbaycanda demokratik
proseslər genişlənərsə, bu ölkənin xarici siyasət kursunun formalaşması,
sabit şəkildə Qərbə inteqrasiya kursunu götürülməsi deməkdir. Çünki
aydın görünür ki, İlham Əliyev hakimiyyəti ilə Qərbə nə iqtisadi, nə
siyasi, nə də təhlükəsizlik sahəsində inteqrasiya alınmır. Demokratik
prseslərə münasibət təkcə dəyərlərə yanaşma deyil, həm də siyasi,
təhlükəsizlik maraqları ilə bağlıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8116

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31