Milli Şura bu gün də var, sabah da olacaq

06.06.2014 - 23:46

Azərbaycan
xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir

Cəmil Həsənli: Azərbaycan
xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir

 

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli iyunun 6-da “Media forum” saytının suallarını cavablandırıb.

– Milli Şuranın yaradılmasından bir il ötür. Şura bir ildə
nələr etdi, nələri edə bilmədi? Bir illik fəaliyyəti necə
qiymətləndirirsiniz?

– Milli Şura bır sıra tanınmış
ziyalıların, partiya rəhbərlərinin, vətəndaş cəmiyyəti liderlərinin və
fəallarının, müxtəlif partiyalarda təmsil olunan siyasətçilərin, gənc
liderlərin toplandığı bir qurum kimi təsis olundu və Azərbaycanda
dəyişiklik etmək istəyən, dəyişiklik arzusunda olan insanların,
qüvvələrin birlik modeli kimi ortaya çıxdı. Ötən ilin payızında
prezident seçkisində də iştirak etdik. Hesab edirəm ki, Milli Şura
uğurlu ideya idi.
Şuranın yaradılması ideyası görkəmli ziyalı Rüstəm
İbrahimbəyova məxsusdur. Birliyin yaranmasında onun müstəsna rolu olub.
Hamımızın arzusu o idi ki, Rüstəm İbrahimbəyov prezident seçkisində
vahid namizəd kimi iştirak eləsin və biz onun ətrafında birləşməyə hazır
idik. Amma iş elə gətirdi ki, Rüstəm İbrahimbəyovun namizəd olması
hüquqi və texniki baxımdan mümkün deyildi və o zaman mənim namizədliyim
üzərində dayanıldı. Ölkədə siyasi şəraitin dəyişməsi, ictimai rəyin
formalaşdırılmasına güclü təsir imkanının əldə edilməsi Milli Şuranın
böyük nailiyyəti idi. Milli Şura ideyası göstərdi ki, Azərbaycan
hakimiyyətinin sosial dayaqları necə zəifdir. Seçki ərəfəsində keçirilən
sosioloji sorğulara diqqət yetirin. Birmənalı olaraq bütün sorğuların
nəticəsində Milli Şura və qurumun namizədi ön mövqe tutub. Əslində
prezident seçkisində də nəticə elə idi. Sadəcə olaraq seçki
saxtakarlığı, Azərbaycan xalqının konstitusion hüququnun əlindən
alınması nəticəsində seçki seçicilərin rəyi ilə deyil, Mərkəzi Seçki
Komissiyasının arayışı ilə yekunlaşdı. Milli Şura seçkidən sonrakı
dövrdə də bir təşkilat olaraq qorunub saxlandı, bu gün də var, sabah da
olacaq.

– Amma şuranın fəaliyyətini dayandıracağı haqda informasiyalar da yayılır…

Fəaliyyətə başladığı müddətdən indiyədək elə həftə olmayıb ki, şuranın
toplantısını keçirməyək. Növbəti sessiyanın keçirilməsi üçün müzakirələr
gedir və qərar verildikdən sonra mətbuata açıqlama veriləcək. Son
vaxtlar Milli Şuranın toplantıları AXCP qərargahında keçirilirdi, amma
həmin qərargah partladıldı, daha sonra isə söküldü. Bundan sonra
iclasları Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirdik.
Növbəti sessiyamızın vaxtı da yaxın günlərdə bilinəcək. Ona görə də
Milli Şuranın fəaliyyətinə xitam verilməsi xəbərləri yanlışdır.

– Milli Şuranın gələcək planlarına nələr daxildir?

Şuranın fəaliyyətinin əsas istiqamətini Azərbaycanda normal, ədalətli
cəmiyyətin qurulması təşkil edir. Milli Şura hesab edir ki, Azərbaycan
xalqı ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Siyasi
məhbuslarsız Azərbaycan şuranın fəaliyyətinin çıxış nöqtəsidir. Əhalinin
geniş təbəqələrinin sosial rifah halının yaxşılaşdırılması, seçki
demokratiyasının inkişaf etdirilməsi, azad və ədalətli seçkinin
keçirilməsi, Avratlantik məkana inteqrasiya Milli Şuranın fəaliyyətinin
əsas istiqamətlərini təşkil edir. Avropa strukturlarında təmsil olunmaq,
mütərəqqi Qərb dünyası ilə əlaqələrin genişləndirilməsi prioritet
fəaliyyət istiqamətlərimizdən biridir.
Ən nəhayət, Qarabağ məsələsi
ilə bağlı deyə bilərəm ki, bir ölkənin ərazisinin 20 faizinin 20 ildən
artıq işğalçı dövlətdə qalması tarix üçün kifayət qədər böyük vaxtdır.
Cənab İlham Əliyev dəfələrlə deyir ki, Azərbaycan güclü dövlətdir, onun
güclü ordusu var. Ərazisi işğal altında olan dövlətin və ordunun gücü
işğal olunmuş ərazisini azad etməkdən keçir. Əgər bu yoxdursa, o gücün
meyarı nədir? Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti Qarabağ
məsələsində təşəbbüsü addım-addım beynəlxalq təşkilatlara verdi, uzun
müddət Azərbaycan cəmiyyəti Qarabağ probleminin həllindən
uzaqlaşdırıldı. Belə bir fikir formalaşdırıldı ki, bu, yalnız
prezidentin səlahiyyətinə aid məsələdir. Sonra məlum oldu ki, prezident
bu məsələni həll edə bilmir. ATƏT-in Minsk qrupunun uğursuzluğu isə göz
qabağındadır. Milli Şura olaraq hesab edirik ki, ölkədə işğalın
Azərbaycan cəmiyyətinə adaptasiya etdirilməsi kimi çox qorxulu bir
tendensiya var və bu sindromdan uzaq durmaq lazımdır.

– Rusiyanın himayədarlığı ilə Avrasiya İqtisadi İttifaqı
yaradılıb. Ermənistan da bu ittifaqa qoşulacağını bəyan edib. Belə bir
vəziyyətdə, sizcə, Azərbaycan hansı addımları atmalıdır?


Biz Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının əleyhinəyik. Hesab
edirik ki, ölkəmizin yeri Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
proqramında olmalıdır. Eyni zamanda ticarət, iqtisadiyyat baxımından
Azərbaycanın yeri Gömrük İttifaqında deyil, Dünya Ticarət Təşkilatında
olmalıdır. Enerji daşıyıcıları hara istiqamətlənirsə, siyasət də ora
istiqamətlənməlidir. Gürcüstan, Moldova və Ukrayna tezliklə Avropa
İttifaqı ilə assosiativ saziş imzalayacaq. Azərbaycan da bu siyasi
məkanda təmsil olunarsa, həmin siyasi məkana meyllənərsə, əlbəttə, bu,
mütərəqqi tarixi proses olar. Baxmayaraq ki, Ukrayna ağır bir dövr
yaşadı, ağır sınaqlardan keçdi, böyük itkilər verdi, amma daimi böhranda
yaşamaqdansa, bir dəfə o böhranı yaşayıb normal həyata keçmək lazımdır.
Ukrayna bu sınaqdan çıxdı və əminəm ki, ərazi bütövlüyünü də təmin
edəcək.
Azərbaycan strateji baxımdan Avropa məkanına, “Şərq
tərəfdaşlığı”na, mütərəqqi dünyaya meyillənməlidir. Təəssüf ki,
Azərbaycan hakimiyyəti bu istiqamətdə qeyri-müəyyən siyasət yürüdür,
üstəlik, ölkədə mütərəqqi dünyaya meyilli qüvvələrə qarşı repressiyalar
həyata keçirilir və bütün bunların nəticəsində Azərbaycan Avrasiya
İttifaqına meyilli kimi görünür. Bu, yanlış siyasətdir. Azərbaycan
birmənalı şəkildə mütərəqqi dünyaya inteqrasiya yolunu tutmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=8118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930