Əliyevin Qarabağ sövdələşməsi

07.06.2014 - 10:25

“Altı rayonu almaq” təbliğatı beş rayonu verməyin ifşasıdır, yaxud, Kreml nə alsa, torpaq verər?

 

Hakimiyyət mediası yenidən ajiotaj yaratmağa başlayıb. Guya,
hakimiyyət Qarabağı alır. Yaydıqları xəbərin məzmunundan isə məhz bu
aydın olur ki, hakimiyyət Qarabağı verir. Regionda baş verən hadisələri
əndrəbadi şəkildə təqdim edən xəbər və analizlərin mahiyyətində sadəcə,
ictimai rəyi çaşdırmaq durur. Məsələn, Prezident Administrasiyasındakı
Əli Həsənova bağlılığı şübhə doğurmayan sayt və qəzetlərdə belə
başlıqlarla yazılar verilib: “Azərbaycan Qarabağı geri alır”.
Başlıqda
ürək nə qədər dağa dönürsə, mətndə o qədər bulanma yaşayır: “Ermənilər
təlaşda!; Iqtidar Rusiyanın vasitəsilə işğaldakı torpaqları geri almaq
üçün hərəkətə keçib; Təmas xəttində düşmən tərəfdən minaların
təmizlənməsi barədə ilginc məlumatlar var; Kremlin göstərişini Sərkisyan
başlanacaq müharibəni uduzmaqla həyata keçirə bilər və s…”
Söhbət
ondan gedir ki, guya, Rusiya Ermənistana torpaqları qaytarmaq əmri
verəcək, o da qaytaracaq. Bu, nə qədər əsaslı ola bilər? Baxaq…
Bu
xəbərin böyük bir yalan olduğunu sübut edəcək iki fakt var. Birincisi,
Ermənistanla Rusiya hərbi və təhlükəsizlik sahəsində 50 illik saziş
imzalayıblar. Bunun ardınca Rusiya generalı ötən aylarda açıqlama verib
dedi ki, “kim Ermənistana hücum barədə düşünsə, qarşısında bizi
görəcək”.
Bu isə o deməkdir ki, Azərbaycan Ermənistana hücum edərkən
heç bir halda, Rusiyaya arxayın ola bilməz. Kim bu barədə düşünsə,
deməli, o həm də siyasi baxımdan son dərəcə səbatsız biridir. Amma onu
da iddia etmək olmaz ki, bu məlumatlar və “çalxalanmalar” səbatsızlıqdan
yayılır. Deməli, ortada hansısa məqsədlər var. Biz də bu gün həmin
məqsəd və planlardan yazacağıq.

“Altı rayon” blefi

Hər dəfə Ilham Əliyevin əli dara düşəndə, ondan demokratiya tələb
olunanda “altı rayonu alırıq” kimi xəbər tozanağı aləmi bürüyür. Bu
siyasət Heydər Əliyev hakimiyyətinin son dönəmindən dəbdədir. Amma
2010-cu ildə, hətta elə durum var idi ki, rəsmi Bakı özü beynəlxalq
aləmə Qarabağ məsələsində güzəştə hazır olduğunu, amma Ermənistanın
razılaşmadığını bəyan edirdi. O zaman bu açıqlamalar vətənini sevən
insanları hakimiyyətin təslimçi mövqeyinə görə xalqa çağırış etməyə
vadar etmişdi. Etdi də…
Indi də hakimiyyət bu mövzunu nahaqdan
ortaya atmayıb. Azərbaycanı Rusiyaya yaxınlaşdırmaq Əliyevə öz
hakimiyyətini qorumaq üçün lazımdır. Baxmayaraq ki, bu, ölkənin
müstəqilliyi üçün ciddi təhdiddir, amma Əliyev bundan çəkinmir. Bu
addımını pərdələmək üçün də guya, yeddi rayonu alacağı xəbərini yayır.
Həqiqətdə isə hakimiyyətdə olanlar da bilirlər ki, bu, çox şişirdilmiş
və təkrarı artıq bezdirən bir yalandır. Rusiyanın bizə sevgisi 1990-cı
ilin yanvarında, 1992-ci ilin fevralında ifadə olunub. Ardınca isə
Ermənistana daimi yaşamaq qarantiyası verən sazişlər bağlayıblar – iki
milyard dollarlıq silah-sursat veriblər. Iki hərbi bazaları isə onları
qorumaqla məşğuldur.
Ilham Əliyevin mirzələri isə insanlarımızı
inandırmaq istəyir ki, qarı düşmən dost olub. Bu necə olur, əfəndilər?
Axı siz özünüz aylar öncə bu Kremli düşmən kimi təqdim edirdiniz.
Görünür ki, sizin də sabit maraqlarınız üçün təhlükə yaranıb. Bu maraq
isə Əliyevin kürsüsünü daimi qorumaqdır.

Bəs beş rayon? Onları veririk?

Siyasətdə ən uğursuz adamlar bu peşənin riyaziyyatla əlaqəsini dərk
etməyənlərdir. Ilham Əliyevin təbliğatçıları onu altı rayonu alacağı ilə
təbliğ edirlər. Hərçənd, hər kəs anlayır ki, bu blefdir. Amma iqtidar
təbliğatçıları anlamırlar ki, altı rayonun alınmasını təbliğ etmək eyni
zamanda, beş rayonun ermənilərə təslim edilməsinin ifşasıdır. Çünki
Erməmənistan bizim 6 yox, 11 rayonumuzu  işğal edib.
Ilham Əliyev elə
rəy yaradır ki, guya, onun yaydığı məlumatlar hansısa ciddi uğurdan
xəbər verir. Amma unudur ki, söhbət ərazi bütövlüyü prinsipinin
qorunmasından və suverenliyin bərpa olunmasından gedir. Ilham Əliyev
bunlara nail olurmu ki, belə sevinclidir? Yaxud da o, Rusiyaya nə verir
ki, əvəzində altı rayonu alır? Bu sual sizin üçün də maraqlıdırmı?
Yazının sonunda buna mütləq aydınlıq gətiriləcək.

Bu, həm də şantajdır…

Bir versiya budur ki, Ilham Əliyev sadəcə, şantaj edir. O bilir ki,
Rusiya Qarabağ məsələsində güzəşt etməz. Amma onu da bilir ki, Qərb bu
regionda savaş istəməz, ona görə də  “müharibə” deyib durur. O, bununla
demək istəyir ki, “Rusiya nə istəsə, o da olacaq”. Çünki bu regionda
konfliktdə iki ölkənin hakimiyyəti daha maraqlıdır. Birincisi, Rusiya
hökumətidir – onlar münaqişənin mövcudluğundan istifadə edib Cənubi
Qafqazın iki ölkəsinə təsir imkanını saxlayırlar. Ikincisi, Azərbaycan
hakimiyyətidir ki, Əliyevlər də bu münaqişənin varlığını bəhanə edib,
demokratik prosesin qarşısını alırlar. Ilham Əliyev bu cür məlumatlarla
Qərbi açıq şəkildə şantaj edir ki, vəziyyətin dəyişməsinə imkan
verməyəcək. Hazırda isə status-kvonun yeganə qarantı müharibədir.

ABŞ diplomatı maskaları cırdı

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq
ictimaiyyətdə böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın,
insan hüquqlarının və əsas azadlıqların inkişaf etdirilməsinə kömək
etməyə hazırdır.
Təəssüf ki, vətəndaş cəmiyyətinin Azərbaycanda
işləyə biləcəyi məkan əvvəlki kimi hakimiyyət tərəfindən daraldılır və
bu meyl getdikcə güclənir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi
təhlükəyə atır” – bu fkirlər ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer
Robinsonun iyunun 5-də Vyanada, ATƏT Daimi Şurasında səsləndirdiyi
bəyanatdan götürülüb.
ABŞ diplomatını bu qədər açıq danışmağa nə
vadar edib? Görünür, Vaşinqtonda da anlayırlar ki, Azərbaycan
hakimiyyəti artıq heç bir milli marağı nəzərə almadan davranır. Qərbin
Qarabağ məsələsində bütün dəstəklərinə baxmayaraq, Əliyev
administrasiyası Kremlin drektivlərindən çıxmaq istəmir. Çünki işğal
faktorunun aradan qalxması Rusiyanın regional, Azərbaycan iqtidarının
isə hakimiyyət maraqlarının əleyhinədir. ABŞ isə bu bəyanatla Əliyevə
çatdırmaq istəyir ki, artıq heç nə gizli qalmayacaq. Bu prosesi yaşayan
ölkələrin təcrübəsini öyrənmək elə də pis olmazdı. Yəni, Qərb artıq açıq
danışırsa, deməli, anlaşmaq istəmir.

Narıncı əks-inqilabçılar

Bu xəbərə diqqət yetirin: “Destruktiv qüvvələrin MDB ölkələrində
vəziyyəti qarışdırmağa yönələn səyləri yolverilməzdir. Biz bu səylərin
qarşısını almaq üçün qanun çərçivəsində, ancaq olduqca sərt hərəkət
edəcəyik ki, destruktiv qüvvələrin bizim ölkələrimizdəki vəziyyətə təsir
etməsinə imkan verməyək”, – deyə Bortnikov bildirib.
Bortnikov
Federal Təhlükəsizlik Xidmətinin rəhbəridir. FTX rəhbəri əlavə edib ki,
onlar bu istiqamətdə real niyyətlərin şahidi olurlar və xüsusi xidmət
orqanlarını mövcud informasiyaya reaksiya verməyə, səyləri
birləşdirməyə, o cümlədən informasiya mübadiləsinə məcbur edir.
A.Bortnikov bildirib ki, bu cür qüvvələr qeyri-leqal fəaliyyət
göstərirlər, müvafiq Qərb qeyri-hökumət təşkilatlarından maliyyələşirlər
və bu təşkilatlar o cümlədən MDB ölkələrinin ərazisində də mövcuddur.
Bortnikovun sözlərinə görə, xüsusi xidmət orqanlarının səyləri “bu cür
qanun pozuntularının profilaktikasına” yönəlib və məqsəd “leqal
müxalifətçilik fəaliyyətinin radikal zəminə keçməsinin” qarşısını
almaqdır”.
Bu müsahibə onu deyir ki, 2003-cü, 2005-ci və 2013-cü
illər arasında Azərbaycan xalqının səsinin boğulmasında Ilham Əliyevin
arxasında məhz Rusiya dayanıb. Amma bəzi mənəviyyat əlilləri bunu
bilə-bilə çaşdırıcı ictimai rəy yaradıblar.
Ilham Əliyev üçün bu
açıqlama istefa səbəbi olmalıdır. Onun hakimiyyətə gəlməsini və
hakimiyyətdə qalmasını qanunsuz yollarla təmin edən hökumətin rəsmisi
açıq etiraf edib. Bu etirafdan sonra biz o nəzəri söhbətin üstünə
gəlirik ki, Rusiya nəyi alsa, altı rayonu verə bilər?

Dövlət gedir…

Məsələ çox konkretdir. Krım və Cənubi Osetiya təcrübəsi göstərir ki,
Rusiya bütövlüyü yalnız bir halda qəbul edir – öz nəzarətində. Yəni,
Rusiya, hətta altı rayonun qayıtmasına söz veribsə də, onun əvəzində
Azərbaycanın müstəqilliyinə iddialıdır. Bunu almasa, heç vaxt razı olmaz
ki, Azərbaycana  6 rayon geri qaytarılsın.
İlham Əliyev öz hakimiyyətini qorumaq üçün buna gedərmi?
Bu
günə qədər olanlar və bu günlərdə baş verənlər onu deməyə əsas verir
ki, gedər. Ola bilsin ki, bunu açıq yazmaq çox risklidir. Amma riskli
olduğu qədər də vacibdir, həyatidir.  Ona görə də indi yalançı
vətənpərvərlərin ifşa günüdür. Kim ki qalxıb “qarı düşmənin dost
olmayacağını”, “Xocalı qırğınını törədəndən bizə xeyir gəlməyəcəyini”
deməyəcək, deməli, onun özü təkcə bu iqtidarın köləsi deyil, hətta onun
ağalarının buyruqçusunun buyruqçusudur.
Bir sözlə, Əliyevlər
Azərbaycanın müstəqilliyini hakimiyyət maraqlarına qurban verirlər.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana
səfəri ərəfəsində Ilham Əliyev Rusiyanın xarici işlər naziri Sergey
Lavrovu Azərbaycana çağırmaqla demək istəyir ki, o, mövqeyində
israrlıdır.
Xatırlatmaq yerinə düşər ki, Sərkisyanla Əliyev arasında
baş tutan məşhur Soçi görüşündən əvvəl də hökumət mediası Əliyevin
Qarabağı faktiki vermək planına don geyindirməyə çalışırdı və belə rəy
var idi ki, o, Kremlin hazırladığı sülh layihəsinə qol çəkəcək. Amma
həmin görüşə bir gün qalmış Əliyev Brüsselə dəvət edildi və Barrozo
onunla görüşərək, bu mövqedən çəkindirdi.
İndi isə hakimiyyət cidd-cəhdə məsələyə nöqtə qoymaq istəyir. Yəni, torpaqları verib, problemdən canını qurtarmaq…
Onsuz da Əliyevlərin müstəmləkəyə rəhbərlik etmək təcrübəsi var.

Short URL: http://www.cumhuriyyet.net/?p=8135

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31