Hakimiyyət ABŞ-la münasibətlərə son qoyur

08.06.2014 - 10:59

Hakimiyyətlə ABŞ arasında ikinci cəbhə açıldı

 

 

Azərbaycan hökumətindən iki
diplomatımıza xüsusi təlimat; Amerikanın ATƏT-dəki müşavirinin sərt
bəyanatı iqtidarı hərəkətə keçirdi; Vaşinqtondakı və Brüsseldəki səfirə
hücum taktikasından istifadə etmək tapşırıldı; Elin Süleymanovla Qalib
İsrafilov çətin sınaq qarşısında: “İlham Əliyev bilir ki, Qərb ondan nə
istəyir…”

ABŞ-la
Azərbaycan hakimiyyəti arasındakı gərginlik ən sərt fazaya yüksəlib.
Rəsmi Vaşinqtonun son bəyanatında qeyd olunan tezislər iqtidarın sinir
sistemini zədələyib. Artıq hakimiyyət Qərbdən gələn sərt tənqidlərə
qarşı dözümlülük nümayiş etdirə bilmir.
Qeyd
edək ki, K.Robinson bəyanatında Azərbaycan hökumətini birləşmək,
toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq
öhdəliklərə hörmət etməyə çağırıb. Siyasi müşavirin iqtidarı
qəzəbləndirən ən əsas fikri isə onun hakimiyyəti region üçün təhlükə
mənbəyi elan etməsi olub. Azərbaycan hakimiyyəti onun bu bəyanatına və
ABŞ Konqresinin Helsinki Komissiyanda Azərbaycanla bağlı iyunun 11-nə
təyin olunan xüsusi dinləmələrə tutarlı cavablar verilməsi üçün hərəkətə
keçib. Aldığımız məlumata görə, bu məsələlərlə bağlı Azərbaycanın
ABŞ-dakı səfiri Elin Süleymanova və Avstriyadakı səfiri, həmçinin
ATƏT-dəki daimi nümayəndəmiz Qalib İsrafilova xüsusi təlimat verilib.
Prezident
Administrasiyasının və Xarici İşlər Nazirliyinin birgə xüsusi
təlimatında Q.İsrafilovun K.Robinsonun bəyanatındakı fikirlərin doğru
olmamasının isbat edilməsi üçün ATƏT Daimi Şurasında iş aparması, eyni
zamanda Azərbaycanın bu məsələ ilə bağlı etirazının ABŞ-ın ATƏT-dəki
daimi nümayəndəsi Daniel Bayerə çatdırması, lazım gəlsə ATƏT
tribunasından K.Robinsonun tonunda bəyanat verməsi, E.Süleymanovun isə
ABŞ-ın son aylardakı mövqeyinin ölkələr arasındakı münasibətlərə xələl
gətirdiyinin və 11 iyun dinləmələrində səsləndiriləcək hər hansı sərt
bəyanatların münasibətləri daha da kəskinləşdirəcəyi, Bakını bir sıra
məsələlərdə əməkdaşlığa yenidən baxmaq məcburiyyətində qoyacağını
Vaşinqtonun diqqətinə çatdırması öz əksini tapıb
Göründüyü
kimi, Azərbaycan hakimiyyəti ilə ABŞ arasında münasibətlər getdikcə
kəskinləşir və K.Robinsonun son bəyanatı isə demək olar ki, ölkələr
arasındakı diplomatik savaşda ikinci cəbhənin açılmasına səbəb olub. Son
məlumatlar göstərir ki, indiyədək hakimiyyət ABŞ-a yalnız Bakıdan
bəyanatlarla cavab verirdisə, indi Vaşinqtonda və Amerikanın əsas söz
sahibi olduğu ATƏT-də hücum taktikasından istifadə olunacaq. Verilən
xüsusi təlimatın nə dərəcədə uğurla yerinə yetirilməsi isə Elin
Süleymanovla Qalib İsrafilovun gələcək karyerasını bəlirləyəcək. Odur
ki, onlar çox çətin sınaq qarşısındadırlar. Bununla belə hakimiyyətin
iki diplomata hücum taktikası ilə bağlı verdiyi xüsusi təlimatların nə
ilə nəticələnəcəyini və ABŞ-dan hansı yeni bəyanatların, cavabların
gələcəyini isə çox gözləmək lazım gəlməyəcək. Artıq hər iki tərəf
“va-bank” gedir.
Bu arada həm YAP-dan, həm də ekspertlərdən K.Robinsonun hakimiyyəti qəzəbləndirən son bəyanatına reaksiyalar və şərhlər verilir
YAP-çı
deputat Aydın Mirzəzadə Qafqazinfo.az saytına deyib ki, K.Robinsonun
belə bəyanat verməsinin səbəbi onun üçün aydın deyil. Deputat xatırladıb
ki, ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki
demokratik inkişafı yüksək qiymətləndirib: “Yəni bu gün Azərbaycan
özünün dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin fəaliyyətini
demokratik dəyərlərə uyğun qurur. Vətəndaşların hüquq və azadlıqları
qorunur, Azərbaycanda açıq cəmiyyət, azad sahibkarlıq prinsipi
mövcuddur. Azərbaycanın bu gün yeganə problemi qonşu Ermənistanın
torpaqlarımızın bir hissəsini işğal etməsidir. Bu baxımdan Azərbaycanı
region üçün təhlükə hesab etmək absurddur”.
Onun sözlərinə
görə, vətəndaşların hüquq və azadlıqlarına verdiyi qiymət isə bu şəxsin
Azərbaycandakı vəziyyətdən bixəbər olduğunu göstərir: “Azərbaycanda
müxalif qəzetlər var, vətəndaşlar ölkəni sərbəst şəkildə tərk edə
bilirlər. ABŞ-ın ATƏT-dəki müşavirinin verdiyi bəyanat birincisi, onun
səlahiyyətinə aid deyil. İkincisi isə, o, Azərbaycandakı vəziyyəti ya
bilmir, ya da ki bilərəkdən təhrif edir”.
Deputat
bildirib ki, Morninqstar sonradan mətbuata verdiyi açıqlamada özünü
Azərbaycanın dostu saydığını və burdakı inkişafı gördüyünü deyib:
“Azərbaycan tərəfi isə səfirin verdiyi bəyanatı ölkənin daxili işlərinə
qarışmaq kimi qiymətləndirmişdi. Bununla da presedent aradan
qaldırılmışdı. Bu gün isə Azərbaycanda olmayan bir şəxs fikir bildirməyə
çalışır. Bir qayda olaraq bu ölkə ilə yaxından tanış olan səlahiyyətli
şəxslər bəyanat verirlər.
Digər tərəfdən isə
nə səbəbdən ABŞ-ın ATƏT-lə münasibətlərinə cavabdeh olan şəxsin
Azərbaycanla bağlı fikir bildirməsi qaranlıq qalır. Kimlərin ölkə
haqqında fikir bildirməsindən asılı olmayaraq Azərbaycan demokratik
cəmiyyət quruculuğunu inkişaf etdirmək, vətəndaşların hüquq və
azadlıqlarını qorumaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam
etdirir”
“Atlas”
Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun
ABŞ-Azərbaycan münasibətlərinə dair öz mülahizələri var. Politoloqun
“Yeni Müsavat”a dediyinə görə, Amerikanın Azərbaycan siyasətində bir
neçə istiqamət var; enerji layihələri, təhlükəsizlik amili və
demokratiya, insan haqları sahəsi.
E.Şahinoğlu
deyir ki, sonuncu, yəni demokratiya məsələsi Amerika üçün son dövrlər
ön plana çıxıb. Siyasi şərhçi bununla belə, münasibətlərdəki gərginliyin
sona qədər davam edəcəyi qənaətində deyil: “Amerika çalışır ki, onun
prioritet sahələrində demokratiya ön plana çıxsın. ATƏT-dəki müşavir
Robinsonun bəyanatından əvvəl də Morninqstarın dilindən sərt tənqidlər
eşitmişdik. Əslində biz bu sərt fikirlərə səfirin ampluasında
öyrəşməmişdik. Bizim üçün təəccüb doğururdu. Sadəcə, Amerikanın sərt
bəyanatlarına elə Azərbaycan hökuməti də sərt cavablar verir və Amerika
Azərbaycan hakimiyyətinə qarşı manevr etməyə başlayır. Gördünüz ki,
Morninqstar həmin sərt bəyanatının ardınca müsbət fikirlər səsləndirdi,
Azərbaycanı Qərb üçün vacib enerji tərəfdaşı kimi təqdim etdi. Bu
fəndlərlə Amerika Azərbaycanı çox sıxışdırmaq istəmir”.
E.Şahinoğlu
Amerikanın niyə Azərbaycan hakimiyyətini sona qədər dalana dirəmək
istəmədiyini belə izah edir: “Dünya siyasətində və regionda olduqca
mürəkkəb bir dövr yaşanır. Ukrayna hadisələri və Rusiya amili Amerikanı
buna vadar edir. Amerika istəmir ki, Azərbaycan iqtidarını çox
sıxışdırmaqla Rusiyanın maraqları qələbə çalsın.
Çünki Rusiya
da iqtidara təzyiq edir. Ona görə də insan haqlarının vəziyyəti haqda
tənqidi bəyanatlar verməklə yanaşı, iqtisadi layihələrlə bağlı müsbət
fikirlər səsləndirirlər. Belə demək olarsa, Amerika çalışır “nə şiş
yansın, nə kabab”. Əvvəlcə şişi yandırır, sonra kababı yeyir”
“Turan”
İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ABŞ-dan gələn
bəyanatları səmimi qəbul etmir. M.Əliyev qeyd etdi ki, Obama prezident
seçiləndə birinci növbədə demokratiya tələblərini irəli sürürdü: “Ancaq
Con Kerrinin göndərdiyi məktubda Buşun dövründə qoyulan ardıcıllığa
qayıdıblar.
Birinci enerji layihələri,
təhlükəsizlik məsələləri və sonra demokratiyanın inkişafında da
irəliləyişlər. Yəni yenidən Buş dövründə olduğu kimi ənənəvi vəziyyətə
getdilər. Onlar üçün prioritet məsələ kimi enerji və təhlükəsizlik
gəlir. Bugünkü vəziyyətin detallarını aydınlaşdırmaq istəyirsinizsə,
Kerrinin məlum məktubunu tapıb oxuyun, hər şey məlum olacaq”.
M.Əliyevin
sözlərinə görə, Azərbaycan hakimiyyəti də ABŞ-dan gələn son
bəyanatların arxasında nə dayandığını bilir: “İlham Əliyev bilir ki,
onlar nə istəyirlər. Ona görə də demokratiya və insan haqları sahəsində
sərt siyasət davam edir. Azərbaycan tərəfi özünü arxayın şəkildə aparır.
Sadəcə, müəyyən reformalar həyata keçirilir, ASAN xidmət layihəsi
fəaliyyətə başlayıb. Qərb üçün Avropa Birliyinin Şərq Tərəfdaşlığı
məsələsi var idi. İndi bu məsələ iqtisadi layihələrdən arxa plana keçib.
İndiki
məqamda demokratiya dondurulmuş məsələdir. Qərb üçün Gürcüstan, Ukrayna
və Moldova plandadır. Hazırda əsas proseslər Ukraynada gedir.
Azərbaycan, Ermənistan və Belorus hələ ikinci dərəcəli vaxta qalıb.
Gələn ildən bir qədər canlanma yaranacaq. Təkrar edirəm ki, Kerrinin
məktubunda incəlikləri ilə açıqlanıb”.
“Yeni Müsavat”
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031