Hakimiyyətin çoxbaşlı bələdiyyə islahatı
İqtidar parlament seçkilərinin
baş məşqinə hazırlaşır
Hökumət beynəlxalq basqıları azaltmaq üçün yerli
özünüidarəetmə orqanlarının səlahiyyətlərini artırır; dövlət
rəhbərliyi ölkədəki boykot əhval-ruhiyyəsini aradan qaldıraraq bütün
siyasi qüvvələrin seçkidə iştirakını təmin etməyə çalışacaq; parlament
seçkiləri öncəsi bir “demokratik seçki” fonu iqtidara hava-su kimi
lazımdı; noyabrda həm də iqtidarla müxalifətin zəif və güclü nöqtələri
müəyyənləşdiriləcək
Azərbaycanın
Avropa Şurasına üzv qəbul olunması üçün ölkə qarşısında qoyulan
şərtlərdən biri də Azərbaycanda bələdiyyələrin yaradılması idi.
Azərbaycan hakimiyyəti bunu nəzərə alaraq ölkədə bələdiyyələrin
yaradılmasına qərar verdi və 1999-cu ilin noyabrında keçirilən
seçkilərlə ilk dəfə Azərbaycanda bələdiyyələr formalaşdırıldı.
O
zaman bu institut Azərbaycan cəmiyyəti üçün yeni olduğundan bizim
bələdiyyələrlə bağlı dəqiq təsəvvürlərimiz olmasa da, bələdiyyələrin
yaradılmasını alqışlayan Avropa Şurası hələ həmin vaxt bələdiyyələrə
geniş səlahiyyətlər verilmədiyini bildirərək bunu tənqid etdi və
çoxsaylı tövsiyələr verdi. Ancaq hələ indiyədək bələdiyyələrlə bağlı AŞ
qarşısında götürülən öhdəliklərin və verilən tövsiyələrin böyük hissəsi
yerinə yetirilməyib. Bu öhdəliklərdə əsas məqamlar Bakı başda olmaqla,
iri şəhərlərdə Böyük Şəhər Bələdiyyələrinin yaradılması, faktiki olaraq
icra hakimiyyətlərinin bir qurumu kimi fəaliyyət göstərən bələdiyyələrin
asılılığına son qoyulması, yerli idarəetmənin tam olaraq onların
səlahiyyətlərinə verilməsidir.
Nəhayət,
hakimiyyət 2014-cü ilin bələdiyyə seçkiləri ərəfəsində və ciddi
beynəlxalq basqılarla üzləşdiyi bir ərəfədə bələdiyyə islahatları ilə
bağlı bir sıra addımlar atmağa hazırlaşır. Bununla bağlı “Yeni Müsavat”a
daxil olan məlumata görə, bunun bir sıra səbəbləri olmaqla yanaşı,
müəyyən məqsədlər də var. Hakimiyyət bir sıra addımlar atmaqla həm
basqıları azaltmağa, diqqəti siyasi məsələlərdən yayındırmağa, AŞ-nin
əsas tələbi olan Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələsini
arxa plana keçirməyə, həm də ən əsası gələn ilin parlament seçkilərində
iqtidarla müxalifətin zəif və güclü olduğu nöqtələri, bölgələri
müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki,
hakimiyyət bugünlərdə parlamentin Regional məsələlər komitəsinin sədri
Arif Rəhimzadənin dili ilə Bakı Böyük Şəhər Bələdiyyəsinin
yaradılmayacağını deyib. A.Rəhimzadə bunu belə izah edib ki, Bakının bir
bələdiyyə ilə idarə edilməsinə hələlik nə cəmiyyət hazırdır, nə də
bələdiyyələr o yükü öz üzərinə götürə bilər: “Ona görə də bu məsələ
hələlik rayon səviyyəsində qalıb, bələdiyyələr Bakının rayonlarında
yaradılıb. Digər tərəfdən, hazırda Azərbaycanda mərkəzləşmə yüksək
səviyyədədir. Bunun əsası da var. Birinci, bizim qaçqınlarımız, məcburi
köçkünlərimiz var, müharibə şəraitindəyik. İstər-istəməz mərkəzləşmə
olmalıdır. Bələdiyyələrin görməli olduğu bir çox işi hazırda respublika
təşkilatları görür.
Vəziyyət
normal hala düşəndən, Dağlıq Qarabağ məsələsi həll olunandan, əks
mərkəzləşmə prosesi gedəndən sonra şəhər bələdiyyəsi də yaradılacaq, bu
istiqamətdə digər islahatlar da gedəcək. Digər tərəfdən, Bakı Böyük
Şəhər Bələdiyyəsinin yaradılması yönündə Avropa Şurasından həmişə
təkliflər olur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə
daxil olanda imzalanan sənədlərdə maddələr var. Tutaq ki, gərək 20
maddədən 15-i mütləq həllini tapsın. Azərbaycan nəzərdə tutulan
maddələri yerinə yetirib. Bəzi məsələlərin həlli isə vaxt tələb edir.
Bakı Böyük Şəhər Bələdiyyəsi də bu sıradadır”.
Hakimiyyət
Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmamasının səbəblərini müxtəlif
bəhanələrlə izah etməyə çalışsa da, görünən odur ki, iqtidar paytaxtın
idarəetməsinin icra strukturunun nəzarətindən çıxmasına imkan vermək
istəmir. Buna görə də, qeyd etdiyimiz kimi, müəyyən bələdiyyə
islahatları adı altında həm üzləşdiyi basqıları zəiflətməyə çalışır, həm
də belə bir görüntü yaratmaq istəyir ki, guya Bakı Böyük Şəhər
Bələdiyyəsi mərhələli şəkildə yaradılacaq.
Avropa Şurasında isə hakimiyyətin bələdiyyələrlə bağlı götürdüyü öhdəliklərə əməl etməsindən ciddi narazılıq var.
Azərbaycanın
AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi altı ay ərzində Avropa Şurasının
bələdiyyələrin fəaliyyətinə də nəzarət edən Yerli və Regionlar
Hakimiyyətlər Konqresi Bürosunun Bakıda iclası keçiriləcək. Bu iclasda
bələdiyyələrin səlahiyyətləri və fəaliyyətləri ilə bağlı hakimiyyət
qarşısında çıx ciddi məsələlərin qaldırılması və tələblərin qoyulması
gözlənilir. Necə ki, biz bunu Azərbaycan sədrliyə başlayan kimi AŞPA
Daimi Komitəsinin mayın 23-də Bakıda keçirilən iclasında gördük. Həmin
iclasda Azərbaycanın xarici işlər naziri, AŞ Nazirlər Komitəsinə sədrlik
edən Elmar Məmmədyarov və onun timsalında bütövlükdə hakimiyyət çətin
suallarla üzləşərək pis vəziyyətə düşdü. Əgər hakimiyyət tərəfindən
bələdiyyələrlə bağlı ciddi addımlar atılmasa, AŞ Yerli və Regional
Hakimiyyətlər Konqresi Bürosunun Bakıda keçiriləcək toplantısında da biz
eyni vəziyyətin şahidi ola bilərik.
“Yeni
Müsavat”ın məlumatına görə, AŞ-də Azərbaycanda bələdiyyələrin
fəaliyyətinə münasibət çox tənqidi və ironikdi. Azərbaycanda
bələdiyyələrin fəaliyyəti barədə danışılarkən onların icra
strukturlarından asılı olduğu qeyd edilir və belə bir təsnifat aparılır;
zəngin icra strukturları, kasıb bələdiyyələr.
Qeyd
olunur ki, 1999-cu ildən bu yana bələdiyyələr inkişaf etməyib və hələ
də onların yol xəritəsi yoxdur, yerli özünüidaretmə orqanlarının
inkişafı üçün maliyyə resursları ayrılmayıb. AŞ-nin qəti olaraq mövqeyi
belədir ki, Azərbaycan bu qurumun özünü idarəetmə xartiyasına qoşularaq
onu ratifikasiya edibsə, o yerinə yetirilməlidir.
Bu tələblər
qarşısında qalan və bələdiyyə seçkiləri ilə bağlı ölkədəki boykot
əhval-ruhiyyəsini aradan qaldıraraq bütün siyasi qurumların bu
seçkilərdə iştirakına nail olmaqla demokratiya istiqamətində irəliyə
addım atılması görüntüsünü yaratmaq istəyən hakimiyyət islahatları
zəruri sayıb.
“Yeni Müsavat”ın məlumatına
görə, ilk növbədə bələdiyyələrin nəzarətində sosial-iqtisadi layihələrin
həyata keçirilməsi üçün “Büdcə sistemi haqqında” Qanuna bələdiyyələrə
subvensiyaların ayrılması üçün dəyişikliyin edilməsi nəzərdə tutulur.
Məlumatda qeyd edilir ki, artıq gələn ilin büdcəsindən bələdiyyələrə
maliyyə vəsaiti ayrılacaq.
Həmçinin yerli əhəmiyyətli
sosial-iqtisadi layihələr bələdiyyələr tərəfindən həyata keçiriləcək.
Hüquqi və fiziki şəxslərə torpaq ayrılması, hər növ tikintinin
aparılması bələdiyyələrin razılığı ilə reallaşdırılacaq. Yerlərdəki iri
istehsal müəssisələri və mənzil tikinti şirkətlərinin nəğd və mənzil
formasında bələdiyyələrə pay ayrılması nəzərdə tutulur. Yerlərdə
təmir-tikinti və abadlıq işlərinin aparılmasının da bələdiyyələrin
səlahiyyətinə verilməsi, həmçinin park və xiyabanlara onların nəzarət
etməsi, bələdiyyələrin nəzdində reklam strukturlarının yaradılaraq
bələdiyyə ərazisində hər hansı reklam lövhələrinin yerləşdirilməsinin
yerli özünüidaretmə orqanları ilə razılaşdırılması nəzərdə tutulur. Eyni
zamanda bələdiyyələrin ərazisində mədəni və kütləvi tədbirlərin
keçirilməsi, onların məsul olduqları ərazilərdə yaşama iznin verilməsi
səlahiyyətləri də bələdiyyələrə həvalə olunacaq.
Nəzərdə
tutulan bütün bu dəyişikliklərlə bağlı danışan məlumatlı mənbənin
sözlərinə görə, hakimiyyət bununla bir neçə məqsədə nail olmaq istəyir.
Həm islahat tələblərini yerinə yetirdiyini göstərərək basqılardan
yayınmağa, həm Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılması tələbini arxa
plana keçirməyə, cəmiyyətin bələdiyyə seçkilərində iştirak etməkdə
maraqlı olmayan kəsimini və müxalifəti seçkiyə cəlb etməklə parlament
seçkiləri öncəsi legitim bir bələdiyyə seçkilərinin keçirilməsi haqda
fon yaratmağa çalışır. Bununla yanaşı, müxalifəti bu seçkilərə cəlb
etməklə bir növ gələnilki parlament seçkilərinin baş məşqinə çıxmaq
istəyir. Seçkilərin gedişindən və real nəticələrdən asılı olaraq, özünün
böyük planını hazırlamaq istəyir.
Bu barədə
söhbət etdiyimiz ekspertlər hesab edir ki, niyyətin nə olmasına
baxmayaraq, əgər bələdiyyələrlə bağlı bu cür islahatlar həyata
keçirilərsə, bu, istər-istəməz ictimai-siyasi fəallığa səbəb olar və
cəmiyyətə faydası dəyər. Ekspertlərin fikrincə, hakimiyyət gec-tez belə
islahatlara getməliydi, çünki hakimiyyət hansısa islahatlara getməklə,
ona yönələn təzyiqləri səngitməlidir.
Onların
qənaətincə, qeyd edilən dəyişikliklər reallaşarsa, biz təxminən
parlament seçkilərinə bənzər bir seçki mübarizəsinin şahidi ola bilərik.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=8386