Əliyev hakimiyyətinin əsl qorxusu
Moldova, Ukrayna, Gürcüstan bu cəsarəti hardan alıb?
Dünyada gedən siyasi proseslər və Azərbaycanın bu proseslərdəki
iştirakçılığı xeyli maraqlı “sürpriz”lərin olacağından xəbər verir və
siyasi hərarətin artacağını vəd edir. Yeni dünyanın demokratiya
“kərpic”i ilə hörülməsi planı, avtoritar rejimlərin “taxta koma”larını
gözdən salmaqdadır. Deməli, “yeni şəhər”in görüntüsünü pozmaq olmaz və
hər kəs seçim etmək haqqında düşünməlidir.
Hakimiyyətin “layihə”si nədən ibarətdir?
Yuxarıda qeyd etdik ki, hakimiyyətlər yeni layihələr üzərində
işləməlidir və dövlətin maraqları hakimiyyətin arzularına qurban
verilməməlidir. Azərbaycandakı hakim komanda uzun illərdi bu “layihə”ni
alsa da, standarta uyğun “tikili”ni ərsəyə gətirə bilmir. Daha doğrusu,
həm tikməyə həvəsli olduğunu bildirir, həm də köhnə “taxta koma”dan əl
çəkmir. Bildiyiniz kimi, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramına
qoşulub və Avropa Birliyi ilə əməkdaşlığa könülsüz də olsa razılıq
verib. Yəni Assosasiya Sazişinin əvəzinə, “Strateji əməkdaşlıq” təklif
edib. Ancaq son günlər hakimiyyətin alovlu müdafiəçiləri, yenidən
“tikinti”ni dayandırmağa start veriblər. Belə ki, rejim mirzələri “Şərq
Tərəfdaşlığı” proqramının iflasa uğradığını və öz hədəfinə çatmadığını
dilə gətirirlər. Bu məqamda sual meydana çıxır. Bu proqram iflasa
uğrayıbsa, Strateji Əməkdaşlıq niyə təklif edirsiniz? Həm “Şərq
Tərəfdaşlığı” çərçivəsində uğurlu faəliyyətdən danışıb, həm də bu
qurumun iflasa uğramasını iddia etmək, hansı məntiqin məhsuludur?
Göründüyü kimi, Azərbaycan hakimiyyəti sözü ilə əməli arasında balans
yarada bilməyib. Və yeni “layihə” əsasında deyil, öz “çertyoj”u ilə
tikməkdə maraqlıdır. Hiss olunur ki, “tikinti materialları” Rusiyadan
alınır.
Çətin günlərin həyəcanı
Iyunun 23-27-də Avropa Şurası Parlament Assambleyasının Strasburqda
yay sessiyası keçiriləcək. Artıq sessiyanın gündəliyi bəlli olub və
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla, ölkə başçısı Ilham
Əliyevin tədbirdə çıxışı olacaq. Eyni zamanda Elmar Məmmədyarov AŞ
Nazirlər Komitəsinin fəaliyyətdə olan səfiri kimi xeyli sualara cavab
verməli olacaq. Siyasi məhbusların olduğu, azad sözün boğulduğu,
seçkilərin saxtalaşdırıldığı, korrupsiyanın tüğyan etdiyi bir ölkəni
təmsil etməyin çətinliyi başadüşüləndir. Ancaq “özü yıxılan ağlamaz”
deyiblər. Yıxıldığı üçün utanc hissi keçirən adam isə, ən azı yenidən
qalxmağa cəhd etməlidir. Indiki şəraitdə hakimiyyətin gətirdiyi
arqumentlər, səsləndiyi andan ifşa olmağa məhkumdur.
Qorxu ilə arzunun üst-üstə düşməsi
Hər dəfə Qərbə inteqrasiyadan, demokratik islahatlardan söhbət
düşəndə “bizim Qarabağ kimi dərdimiz var” və “Rusiya təhlükəsi realdır”
şüarı cəmiyyətə yeridilir. Biz razıyıq ki, Qarabağ ağır dərddi və Rusiya
təhlükəli qonşudur. Ancaq hakimiyyətin bioqrafiyasına nəzər salanda,
demokratiyadan qaçışın bu amillərlə bağlı olmadığı üzə çıxır. Bu gün
Avropa Birliyi ilə “Assosasiya Sazişi” imzalamağa tam hazır olan
Moldova, Gürcüstan və Ukraynanın dərdi yoxdurmu? Gürcüstan- Abxaziya və
Asetiya, Moldova-Dnestryanı, Ukrayna-Krım problemini yaşamırmı? Niyə bu
ölkələr cinayətlərini dərdlərinin arxasında gizlətmək yolu tutmur?
Bəlkə, Gürcüstanın və Moldovanın hərbi gücü Azərbaycandan qat-qat çoxdur
ki, onlar Rusiya qorxusuna qalib gəliblər?
Moldova, Gürcüstan, Ukrayna nümunəsi sübut edir ki, istənilən qorxunu
dəf etmək olar və dövlətin mənafeyi üçün bütün risklər düzgün seçimdir.
Digər tərəfdən, indiyə qədər yürüdülən siyasət Qarabağ məsələsini
həll etməyibsə, bu dərddən sipər kimi istifadə etmək riyakarlıq deyilmi?
Ümumi mənzərə onu göstərir ki, hakimiyyətin demokratik islahatlardan
imtina etməsi, yalnız Rusiya qorxusuna görə deyil. Mövcud siyasət
hakimiyyətin şəxsi maraqlarını təmin edir və bu siyasətin nəticəsində
ölkənin başında duranlar milyardlara sahib olublar. Yəni hakimiyyət
kürsüsünü qorumaq üçün, vətəndaşları keyfiyyətli təhsil və səhiyyədən,
müstəqil məhkəmədən, sosial rifahdan, qanunun aliliyindən, bir sözlə
normal yaşamdan məhrum edib.
Deməli, Rusiya qorxusu, hakimiyyətin arzularına xidmət edir və bu
qorxunun kürsüyə ziyanı yoxdur. Daha dəqiq desək, hakimiyyət ən çox
qazandıqlarını itirməkdən qorxur.
Istənilən etiraf, ifşa deməkdir
Müstəqil dövlət olmaq üçün, bayraq, himn, prezident və digər
atributlar kifayət deyil. Müstəqil dövlət o dövlətə deyilir ki, başqa
dövlətlərin təsirindən çəkinmədən, müstəqil qərar verə biləsən.
Indi, Azərbaycan hakimiyyəti üçün seçim anıdır və etiraf
mərhələsidir. Əliyev hakimiyyəti etiraf etməlidir ki, demokratik
islahatlar və Qərbə inteqrasiyanın qarşısında duran əngəl Rusiyadır. Bu
həm də onun etirafı olacaq ki, “bizim öz yolumuz var”, “heç kim bizim
daxili işimizə qarışa bilməz”, “biz müstəqil siyasət yürüdürük”
fikirləri, fiksiyadır.
Ya da etiraf edilməlidir ki, dövlətin və xalqın iradəsinə zidd
addımların atılması, hakimiyyətin tələbatıdır və daha çox qazanmaq
istəyi bunu tələb edir. Bu həm də onun etirafı olacaq ki, “gənclərə
qayğı”, “vətənpərvərlik”, “iqtisadi inkişaf”, “Qarabağın azadlığı” kimi
bəlağətli çıxışlar xalqı aldatmağa xidmət edirmiş.
Bir sözlə, indiki reallıqda hər iki etiraf hakimiyyətin ifşası
deməkdir. Xilas yolu isə, qətiyyətli addım ataraq, demokratik dünyanın
bir hissəsinə çevrilməkdir.
Azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=8391