Hakimiyyət daxilində media savaşı
Paşayevlər iqtidaryönlü KIV-lərin “Naxçıvan” qruplaşmasının nəzarətindən çıxarmağa çalışır

Iqtidar daxilində mediaya nəzarət uğrunda savaş başlayıb. Bu barədə
redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Məlumata görə,
xüsusilə Paşayevlər qrupu hakimiyyətyönlü medianı nəzarətə götürməyə can
atır.
Qeyd edək ki, hazırda iqtidaryönlü mediaya nəzarət hakimiyyətdəki
“Naxçıvan” qruplaşmasının əlindədir. Qəzetlər və xəbər saytlarının bir
qismi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, digər qismi isə
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin nəzarətindədir.
Televiziyaları da Ramiz Mehdiyevin kurasiya etdiyi bildirilir. Doğrudur,
Kəmaləddin Heydərov və Ramiz Mehdiyevin nəzarətində olan KIV-lər
hakimiyyətin ümumi maraqlarını müdafiə edir. Lakin bununla belə həmin
KIV-lərdə Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin də maraqları müdafiə
edilir. Məsələn, həmin KIV-lərə verilən tapşırığa əsasən ölkə başçısı və
onun ailəsi ilə yanaşı Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin də tənqid
olunması qadağandır. Qalan məmurlar haqqında isə tənqidi materiallar
verilə bilər.
Elə təkcə bu fakt iqtidar daxilində ciddi narazılığa səbəb olub.
Bundan başqa Kəmaləddin Heydərovla Ramiz Mehdiyev iqtidardaxili
ziddiyyətlərdə nəzarətlərində olan KIV-lərdən məharətlə yararlanırlar.
“Nurçu savaşı”nda bu özünü bariz şəkildə göstərdi. Paşayevlərə yaxın
olan kadrların əksəriyyəti barədə məhz bu iki məmurun nəzarətində olan
KIV-lər nurçu obrazı yaratdı. Həmçinin adıçəkilən məmurlar siyasi
məsələlərdə nəzarətlərində olan KIV-lər vasitəsilə öz mövqelərini
bütövlükdə hakimiyyətin mövqeyi kimi təqdim edə bilirlər. Bütün bunlar
da təbii olaraq rəqib qruplaşmanı qane etmir. Bu baxımdan Paşayevlər
iqtidaryönlü KIV-ləri birmənalı şəkildə öz nəzarətləri altında saxlamaq
istəyirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=8399