“Freedom House” Azərbaycanın adını “avtoritar rejimlər” siyahısına saldı
“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı dünyada azadlığın vəziyyətinə dair növbəti hesabatını açıqlayıb.
“Turan” xəbər verir ki, Freedom House hüquq-müdafiə təşkilatı dünyada azadlığın vəziyyətinə dair növbəti hesabatını açıqlayıb.
Azərbaycana həsr olunan bölmədə deyilir ki, ölkədə avtoritar,
özgəfikirliliyə dözümsüzlüyü, vətəndaş azadlıqlarına və siyasi hüquqlara
etinasızlığı ilə seçilən rejim hökm sürür.
2003-ci ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə repressiv tədbirlər
güclənib, neft gəlirləri axınından hakim rejimin təhlükəsizliyinin
möhkəmləndirilməsi, daxili və xarici tənqidi səslərin susdurulması üçün
istifadə edilib.
2013-cü ilin oktyabrında İlham Əliyev “nöqsanlı seçkilər” vasitəsilə
üçüncü dəfə prezident seçilib. Dövlət resursları üzərində inhisar və
amansız qorxutma siyasəti səbəbindən onun qələbəsi göslənilən idi.
Hakimiyyət əvvəlkitək etirazlara qarşı mübarizə aparır, icazəsiz etiraz
aksiyalarının təşkilinə və iştiraka görə yüksək cərimələr tətbiq edir.
Martda qanunvericiliyə edilən düzəlişlər QHT-lərin fəaliyyətini çox
çətinləşdirib.
Prezident seçkiləri ərəfəsində dövlət orqanları müstəqil KİV-i susdurmaq üçün yeni addımlar atıblar.
Hakimiyyət tənqidçi jurnalistləri susdurmaq üçün uydurma ittihamlardan
istfadə edir, eyni zamanda jurnalistlərə qarşı hücum və zorakılıq
halları araşdırılmamış qalır.
Müstəqil KİV-in iqtisadi durumu dəyişkən olaraq qalır: ilin sonunadək
“Azadlıq” və “Yeni Müsavat” qəzetləri yüksək cərimələr səbəbindən
bağlanmaq təhlükəsi ilə üzləşib.
Yeri özünüidarəetmə orqanları icra hakimiyyətinin tabeliyindədir və mərkəzi hakimiyyət orqanlarından maliyyə asılılığındadır.
Yanvarda İsmayıllıda baş vermiş avtomobil qəzası iqtisadi
bərabərsizlik, korrupsiya, yerli icra hakimiyyətinin özbaşına bölgüsü
səbəbindən iğtişaşlara gətirib çıxarıb.
İcra hakimiyyəti rejimə təhlükəni yatırmaq üçün müntəzəm olaraq
məhkəmə sistemindən və təhlükəsizlik orqanlarından istifadə edir. Bir
neçə fəal, bloger və siyasətçi, o cümlədən prezidentliyə namizəd İlqar
Məmmədov və yerli müşahidəçilər missiyasının rəhbəri Anar Məmmədli həbs
olunub.
Jurnalistlər, fəallar və müxalifət fəalları əvvəlki illərdə olduğundan da ağır cinayətlərdə ittiham ediliblər.
Dövlətin neft resursları üzərində nəzarəti və iqtisadiyyatın oliqarx
strukturu Azərbaycanda korrupsiyanın və sovet stilində bürokratiyanın
geniş yayılmasına xidmət edir.
2013-cü ildə Azərbaycan hökuməti pasport və ya doğum haqqında
şəhadətnamə kimi rəsmi sənədləri almaq imkanlarının yaxşılaşdırılması
yolu ilə aşağı və orta səviyyədə korrupsiyaya qarşı mübarizəyə başlayıb.
Bununla belə, yuxarı səviyyədə korrupsiya diqqətdən kənarda qalıb.
Əliyevlər ailəsi, dövlət məmurları və onların qohumları şəxsi
sərvətlərini artırmaqda davam ediblər. Bu cür korrupsiyaya nümunə kimi
deputat Gülər Əhmədovanın iştirakı ilə deputat yerlərinin satışına dair
videonu göstərmək olar. O, dələduzluğa görə həbs olunmuşdu.
Hökumət ciddi siyasi islahatlar keçirmək istəmir. Seçkilərdən sonra
Əliyev rejimi öz hakimiyyətinin konsolidasiyasını davam etdirir. Neft
hasilatı ilə iqtisadi və sosial bərabərsizlik də artır. Bundan əlavə,
2013-ci ilin sonunda neft məhsullarının qiymətinin artması əsas malların
qiymətinin artmasına gətirib çıxarıb. Bu iqtisadi narazılıqlar sosial
gərginliyin artmasına səbəb olacaq ki, bu da rejimi repressiv aparatın
möhkəmləndirilməsinə sövq edəcək.
Tənqidçi jurnalistlər siyasi təzyiqlərlə yanaşı şantaj və fiziki
hücumlarla da üzləşirlər. Media Hüququ İnstitutunun məlumatına görə,
2013-cü ilin birinci yarısında jurnalistlərə hücumlarla bağlı 47 hadisə
qeydə alınıb.
2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun və 2011-ci
ildə öldürülmüş publisist Rafiq Tağının qətlinin, həmçinin Novruzəli
Məmmədovun həbsdə ölməsinin araşdırılmasında irəliləyiş yoxdur. 2012-ci
ildən böhtan kampaniyasının hədəfinə çevrilən jurnalist Xədicə
İsmayılovanın işi üzrə irəliləyiş yoxdur.
İnformasiya əldə edilməsi imkanları məhdud olaraq qalır. Jurnalistlər
dövlət müəssisələrindən məlumatın əldə olunması zamanı çətinliklə
üzləşirlər. Belə ki, dövlət müəssisələri müxalifət və müstəqil KİV-ə
məlumat verməkdən, onları mühüm milli və rəsmi tədbirlərdə akkreditə
etməkdən imtina edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=8542