Moskva ilə Brüssel arasında sıxılan Bakı

20.06.2014 - 09:02

Hakimiyyət iki güc mərkəzi arasında yenə “qızıl orta” axtarışındadır…

Ölkəmiz üzücü bazarlaşma mərhələsində;

Sergey Lavrovun səfəri cavabdan çox suallar doğurdu; hakimiyyət iki güc mərkəzi arasında yenə “qızıl orta” axtarışındadır…

Rusiya
xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri ətrafında öncədən xeyli
ajiotaj yaradılmışdı. Ötən il prezident seçkiləri ərəfəsi prezident
Vladimir Putinin Bakı səfəri ərəfəsində də təxminən oxşar situasiya
mövcud idi. Lavrovun ziyarətinə belə böyük maraq əlbəttə ki, onun
konkret statusu və missiyası ilə yox, postsovet məkanında situasiyanın
güclü şəkildə dəyişməsi və Rusiya-Azərbaycan münasibətlərindəki bir sıra
məsələlər üzrə özünü göstərən qeyri-müəyyənlik faktoru ilə bağlı idi.
Məsələ
ondadır ki, Putinin səfərindən sonrakı təxminən bir illik müddətdə
dünyada ciddi proseslər gedib və bu proseslər Rusiya ilə Qərb (Avropa
Birliyi və ABŞ) arasında postsovet məkanında dominantlıq uğrunda
mübarizəni ifrat həddə kəskinləşdirib. Söhbət ilk öncə Kremlin stimul
verdiyi və Krımın ilhaqı ilə, separatçılığın alovlanması və “qaz savaşı”
ilə Rusiya-Ukrayna münasibətlərinin həddən ziyadə konfliktli vəziyyətə
gətirilməsindən gedir.
Bu hadisələrin
konteksti nəticə etibarilə qlobal geosiyasi münaqişə doğurdu və Qərblə
(AB, NATO, ABŞ) Rusiya arasında qarşıdurmalı rəqabəti dərinləşdirdi. Öz
növbəsində Azərbaycan da daxil, bir çox postsovet ölkəsi qeyri-iradəvi
olaraq bu konfliktlərdən qaynaqlanan real və potensial təhlükələrin
girovuna çevrildilər.
Münasibətlərdəki gərginlik faktoru
Putin
Rusiyada hakimiyyət olimpinə qayıtdıqdan dərhal sonra aktiv şəkildə
özünün “sabit ideya”sının – SSRİ-nin yeni modifikasiyası kimi Avrasiya
Birliyinin (AB) yaradılmasına girişdi. Bu məqsədlə Moskva əksər
postsovet ölkələrinə təzyiqləri gücləndirməyə başladı. Təzyiqlər xüsusən
də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına cəlb olunmuş və
GUAM üzvü olan ölkələrə (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan)
yönəldi.
Qeyd edək ki, məhz Putinin Kremlə qayıdışından sonra
Rusiya-Azərbaycan münasibətlərində problemlərin, qeyri-müəyyənliyin və
soyuqluğun son ana kimi gizli saxlanılan yeni zolağı başlamış oldu.
Aydındır ki, tonu Moskva diktə edirdi, ancaq Bakı da ara-sıra borclu
qalmırdı. Son bir-iki ilin hadisələrini yada salaq.
Məsələn,
Kremlin bəyan edilən yeni velikorus kursuna cavab olaraq rəsmi Bakı
Qərbin Azərbaycana kəskin artan energetik ehtiyaclarından ruhlanaraq
sanki aktiv şəkildə avrointeqrasiya cığırına qayıtmaq qərarı verdi.
Qəbələ RLS-ə görə icarə haqqını kəskin qaldırmaqla, “Transxəzər
layihəsi”nə qəfil qoşulmaqla, Türkiyə və İsraillə hərbi-siyasi
əməkdaşlığı gücləndirməklə, ABŞ və AB ilə təmasları intensivləşdirməklə,
İranla münasibətləri kəskinləşdirməklə, həmçinin Qarabağ məsələsində
Rusiyanın sülhyaratma missiyasından məyusluq nümayiş etdirməklə və
problemin hərbi yolla həllinə hazır olduğunu göstərməklə Bakı tez-tez
Moskvanın maraqları əleyhinə getməkdə idi. Bununla o, sanki açıq şəkildə
Qərbin əlinə oynayırdı. O hesabla ki, Qərbin ona “demokratik pressinq”i
zəifləyəcək və şimaldan və cənubdan gələn təhlükələrə qarşı ondan
hərtərəfli dəstək alacaq.
Beləliklə,
2010-11-ci illərdə ölkənin xarici siyasəti üçün xarakterik olan
Rusiyaya ifrat əyilmə 2012-ci ildən etibarən müvafiq şəkildə Qərbə
meyllənmə ilə “düzəlməyə” başladı. Azərbaycanın bu qərbyönlü dönüşünü
Rusiya əlbəttə ki, cavabsız qoymadı və qoya da bilməzdi. Qərbin
planlarına fəal şəkildə müqavimət göstərən Moskva postsovet məkanının,
ilk növbədə Azərbaycan da daxil Güney Qafqazın onun prioritet geosiyasi
maraqlar sferasına aid olduğunu təkid eləməkdə davam elədi.
Azərbaycana
gəlincə, Rusiya Qarabağ problemindən ona qarşı “qamçı və kökə” qismində
daim aktiv şəkildə istifadə edib, edir və yəqin ki, bundan sonra da
edəcək. Moskvanın təzyiq potensialı bununla bitmir: MDB-nin ənənəvi
meydançası var, Xəzər dənizinin hüquqi statusu məsələsi var, neft-qaz
rıçaqları var, iqtisadiyyatın, mədəniyyətin, siyasi lobbiçiliyin
intensiv sferaları var. Üstəlik, Kremlin sevdiyi və vaxtaşırı istifadə
elədiyi üsul – yeni separatçı təhlükələr yaratmaq metodu var. Nəhayət,
Rusiyadakı milyonluq əmək miqrantları ordusu var, hansı təhlükəli
kartdan ki, Moskva vaxtaşırı Bakını bir sıra məsələlərdə güzəştə sövq
eləmək üçün faydalanmağa cəhd edir.
Bununla
belə, Putinin neoimperiya kursu, onun Avrasiya Birliyi timsalında
SSRİ-nin yeni analoqunu yaratmaq və bütün postsovet məkanında, o
cümlədən Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi və iqtisadi
dominantlığını bərpa eləmək ideyası hələ ki Bakıda dəstək və anlaşıqla
qarşılanmır. Ona görə ki, bu ideya Azərbaycanın milli-dövlət maraqları
ilə açıq-aşkar ziddiyyətdədir.
Bu da bir
göstəricidir ki, Putin ali hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan
prezidenti İlham Əliyev Moskvaya bircə dəfə də səfər eləməyib. Hər
şeydən göründüyü kimi, Rusiya Putinin Azərbaycana avqust səfərinin
yekunlarından bir elə razı qalmayıb: fakt budur ki, heç bir problem
üzrə, öncəliklə Gömrük İttifaqına üzvlük və Avrasiya Birliyinə dəstək
məsələsində Bakının açıq-aydın mövqeyini almaq mümkün olmayıb.
Gözləntilərin intriqası
İndiki
mərhələdə Moskva ilə Bakı arasında siyasi münasibətlər hansısa
“məcburi” tərəfdaşlıq formatında və ambvilent şəkildə qurulub. Bir
yandan, Rusiya həddən artıq maraqlıdır ki, Azərbaycanı Avropa Birliyi və
NATO-dan məsafədə saxlasın ki, perspektivdə onu Avrasiya İqtisadi
Birliyinə inteqrasiyaya meylləndirsin, Avropanı Azərbaycanın qismində
alternativ “energetik meydança”dan məhrum eləsin. Bu məqsədlə Moskva
Qarabağ məsələsində və işğal altındakı bəzi ərazilərin azad edilməsində
müəyyən dərəcədə Azərbaycanın əlinə oynamağa hazırdır.
Başqa
yandan, Moskva BMT-dəki səsvermə zamanı Ukraynanı dəstəkləməsinə,
müstəqil xarici siyasət xətti yeritməkdə inadkarlığına və alternativ
energetik ambisiyalarına görə Azərbaycandan ifrat dərəcədə məyusdur. Bu
planda Rusiyanın zərurət halında imperiya “qamçısı”nı təzədən işə
salacağı istisna deyil.
Bakının da Moskvaya
münasibətinə hazırda bir ambivalentlik xasdır. “Ukrayna olayları” və
Moskvadan gələn neoimperiya hədələri Bakıya artıq ayıldıcı təsir edib və
onu xarici siyasət kursuna, daha dəqiqi, ritorikaya müəyyən
korrektələrin edilməsinə kökləyib.
Son ayda isə rəsmi Bakı
münasibətlərdəki inamsızlıq və gərginliyi götürməyə cəhd edərək, Rusiya
tərəfə aktiv reveranslar edir, ABŞ siyasətindən açıq şəkildə narazılıq
və məyusluq nümayiş etdirir, avroiteqrasiya templərini bir az da
ləngidir və söndürür və bununla Brüsselə, elə həm də Moskvaya açıqca
göstərir ki, o, əməkdaşlığın ikitərəfli formatının tərəfdarıdır və hər
hansı ittifaqa qoşulmağın əleyhinədir.
***
Rusiyanın
xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri Avrokomissiyanın
başçısı Barrozunun Azərbaycana ziyarətindən az sonraya təsadüf elədi.
Əlamətdardır ki, rəsmi Bakı çoxsaylı məsələlər üzrə mövqe seçiminin
qəlizliyi şəraitində sanki bir yandan Brüsselin nüfuzlu təmsilçiləri
ilə, digər yandan isə Moskvadan olan mühüm emissarla saat əqrəblərini
bir daha “tutuşdurmaq” qərarına gəlib. Görünür, Bakı yenə də “qızıl
orta”nı – həm Brüsselin şirnikləndirmələrindən, həm də Moskvanın
hədələrindən bərabər uzaqlıqlı mövqeyi tapmağa çalışır.
Hazırkı
mərhələdə Bakının belə bərabəruzaqlıqlı və konyuktur balanslı mövqeyi
bütövlükdə Brüssel və Bakını qane edə bilər. Fəqət, öz mövqeyini
dəqiqləşdirmək və strateji seçimi eləmək zərurəti bu səfərlərdən sonra
da itib getməyəcək. Həmçinin, Qərblə Rusiyanın asimmetrik təzyiqləri
aradan qalxmayacaq. Azərbaycan istənilən halda, seçim eləməli və bir
sıra məsələlərlə bağlı mövqeyini müəyyənləşdirməli olacaq.
Lavrovun
səfəri çoxlu suallar doğurdu. Heç kimə sirr deyildi ki, rusiyalı nazir
Azərbaycana Moskvanın təkcə Qarabağ nizamlanması, energetik siyasət,
Avrasiya Birliyinə perspektiv üzvlük və s. bağlı müəyyən təkliflərini
səsləndirmək üçün yox, həm də Bakının əks-təkliflərini dinləmək üçün
gəlmişdi – əgər təbii ki, belə təkliflər varsa.
Gözlənildiyi
kimi, səfər qapalı rejimdə keçdi, mətbuat üçün hər hansı informasiya
səslənmədi. Bu səbəbdən ziyarətin uğurlu və ya məhsuldar olması barədə
mühakimə yürütmək olduqca çətindir. Görünən budur ki, Lavrovun səfəri
üzücü danışıqlar (“bazarlaşma”) mərhələsinin yalnız başlanğıcıdır: hər
halda, bu səfər hələ ki bir çox sualları ortadan qaldırmadı və səfərədək
mövcud olan həyəcanlı gözləntilər ovqatını saxladı.
Rəsmi
Bakı yəqin ki, bundan sonra da xarici siyasətdə konyuktur
çoxvektorluluq strategiyasına söykənəcək ki, bütün qapıları açıq
saxlasın, özünü geosiyasi planda bu və ya başqa sərt, etiketlənmiş
taxçaya aparıb salmasın. İlham Əliyev məhz Moskva ilə Vaşinqton
arasında, Ankara ilə Tehran arasında, NATO ilə Qoşulmamaq Hərəkatı
arasında, Avrasiya İttifaqı ilə Avropa İttifaqı arasında müəyyən seçim
azadlığı yaradan belə bir praqmatik və konyuktur balanslı siyasətə
üstünlük verir.
Belə mövqe mahiyyət etibarilə
anlaşılan və müdrikdir, eyni zamanda mövcud vəziyyətdə xeyli əsaslı
görülür. Lakin strateji planda bu siyasət seçim qərarı vermək
zərurətindən xilas eləmir. Bu gün olmasın, sabah olsun.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=8622

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930