ABŞ-dan Əliyevləri təşvişə salan qərar
ATƏT-in Bakıda keçiriləcək 23-cü sessiyasında Rusiyaya qarşı qətnamə
qəbul edilə bilər. ABŞ sessiyada müzakirə olunmaq üçün gözlənilməz
təkliflə çıxış edib.
ABŞ senatoru Benjamin Kardinin Rusiyanın
Ukraynaya qarşı siyasətini ittiham edən qətnamə layihəsi də müzakirə
olunmaq üçün ATƏT-in iyunun 28-də işə başlayacaq və iyulun 2-nədək davam
edəcək illik toplantısının gündəliyinə daxil edilib. “Modern.az”ın
məlumatına görə, amerikalı senator ATƏT-in Bakı iclasında Rusiyanı
1975-ci ildə qəbul edilmiş Helsinki sazişininin prinsiplərini pozmaqda
ittiham edən qətnamə layihəsi hazırlayıb. Kardin bu qətnamədə Rusiyanı
Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.
Qətnamə layihəsinin rəsmi adı “Rusiya Federasiyası tərəfindən
Helsinki prinsiplərinin növbəti dəfə kobud pozulması” adlanır. Sənəddə
“suverenlik hüququna hörmət”, “güc tətbiqinin yolverilməzliyi”, “ölkənin
ərazi bütövlüyünün tanınması, mübahisələrin dinc yolla tənzimlənməsi,
ölkənin daxili işlərinə qarışmamaq və insan haqlarına hörmət” tezisləri
əks olunub.
Qətnamə layihəsində ATƏT üzvlərindən Krımda keçirilmiş referendumun
qeyri-legitimliyinin tanınması və bu anneksiyaya etiraz, buna görə
ATƏT-in Rusiyanı ittiham etməsi tələb olunur. Sənəd ATƏT-in Bakıda
keçiriləcək sessiyasında səsverməyə çıxarılacaq.
Xatırladaq ki,
Rusiya Dövlət Dumasının sədri Narışkinin rəhbərlik etdiyi nümayəndə
heyəti də sessiyada iştirak etmək üçün Azərbaycana gələcək.
Moskva bu
qətnamə layihəsindən ciddi narahatlığını ifadə edib. Rusiyanın
ATƏT-dəki fövqəladə və səlahiyyətli səfiri Vasili Lixaçov sənədi
“yalançı və qeyri-obyektiv” adlandırıb: “Bu qətnamə layihəsi ilə ATƏT
müstəvisində anti-Rusiya internasionalı yaratmaq istəyirlər. Hazırda üzv
ölkələrlə bu barədə danışıqlar gedir”.
Səfir etiraf edib ki, Bakıdakı iclasda Rusiya nümayəndə heyətini çox
çətin vəzifə gözləyir: “Ruslar ATƏT üzvlərinin Rusiya əleyhinə çıxışına
qarşı mübarizə aparmalı olacaqlar”.
Qeyd edək ki, ATƏT-in illik toplantısının Bakıda təşkili üçün
Azərbaycan tərəfi təşəbbüs göstərib və bu barədə bir müddət əvvəl ATƏT
Parlament Assambleyasına yazılı müraciət olunub. Amma proseslərin gedişi
göstərir ki, Azərbaycan hökuməti bu addımına görə peşman ola bilər.
Azərbaycan hökuməti heç bir halda, Rusiya ilə münasibətləri korlamaq
istəmir. Təbii ki, belə olan halda, sözügedən qətnamə layihəsinin
müzakirəsi də nəinki rəsmi Bakının ürəyincə deyil, hətta hökuməti çox
ciddi şəkildə narahat edir. Çünki söhbət Bakıda Rusiya əleyhinə
qətnamənin qəbulundan gedir. Başqa sözlə, Azərbaycan hökuməti Rusiyaya
qarşı açılmış cəbhədə yer almış olur.
Yadınızdadırsa, bugünlərdə NATO Parlament Assambleyasının Bakıda
keçirilən “Cənubi Qafqaz: problemlər və imkanlar” adlı 86-cı
“Rose-Routh” seminarında da bənzər qalmaqal yaşanmışdı. Həmin tədbirdə
Qərbin bir sıra ekspertləri, parlamentarilər çıxışlarında Rusiya
əleyhinə fikirlər səsləndirərək, Putinin Ukrayna ərazilərini ələ
keçirmək siyasətini tənqid etmişdilər. Azərbaycan hökumətinin
təmsilçiləri, deputatlar bir neçə bu cür çıxışa dözsələr də, NATO
Parlament Assambleyası prezidentinin eyni səpkili çıxışı sanki onların
“səbr kasası”nı daşırdı. Bakıdakı tədbirdə anti-Rusiya ovqatı hökuməti
həyəcanlandırmışdı. Ona görə də Azərbaycan rəsmiləri dərhal ABŞ-a və
NATO-ya qarşı hücuma keçdilər, onların ünvanına çox kəskin ittihamlar
səsləndirdilər. Məsələn, Azərbaycanın NATO Parlament Assambleyasında
nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov Liviya, Iraqda
baş verənlər, həmçinin Yuqoslaviyaya hücuma görə ABŞ-ı tənqid edib,
bunu “vicdansızlıq” adlandırıb. O, eyni zamanda, Qərbin Rusiyaya qarşı
sanksiyalarını “ikili standartlar” kimi dəyərləndirib.
Şübhəsiz ki, bu, Azərbaycan hökuməti tərəfindən, tədbirdə yaranmış
anti-Rusiya ovqatına anti-Qərb çalarları qatmaq, vəziyyəti
neytrallaşdırmaq cəhdilə yanaşı, həm də Putinlə münasibətlər baxımından
özünüsığorta məqsədi daşıyırdı.
Rusiya əleyhinə fikirlərin səslənməsindən belə həyəcanlanan
Azərbaycan hökumətinin ATƏT-in planlaşdırılan tədbirilə bağlı
narahatlığını təsəvvür etmək çətin deyil. Nəzərə almaq lazımdır ki,
NATO-nun seminarında sadəcə, ayrı-ayrı şəxslərin dilindən tənqid
səslənirdi, amma ATƏT-in toplantısında Rusiya əleyhinə konkret
qətnamənin qəbulu gözlənilir. Görəsən, Azərbaycan hökuməti vəziyyətdən
necə çıxmağı planlaşdırır?!
Afiq Muradov
Short URL: http://www.cumhuriyyet.net/?p=8701