Mehdiyevin Rusiyaya müəmmalı səfəri


Azərbaycan hakimiyyətində ruspərəst qüvvələr xeyli fəallaşıb.
Həmçinin onların sayı artmaqdadır. Əgər əvvəllər iqtidarda yalnız
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Rusiyaya yaxın
şəxs kimi xarakterizə edilirdisə, artıq bu sıraya daha bir güclü fiqur
əlavə olunub: Fövqəladə hallar naziri Kəmaləddin Heydərov.
Hakimiyyətdaxili mənbələrdən sızan məlumatlara görə, bu qüvvələr
ayrı-ayrı deyil, birgə fəaliyyətə üstünlük verirlər.
Yəni, Rusiya
faktoru uzun müddət aralarında gərginlik olan Ramiz Mehdiyevlə
Kəmaləddin Heydərovu bir araya gətirib. Hər iki məmurun komandası Rusiya
ilə bağlı aktiv təbliğata başlayıb. Bundan başqa V Azərbaycan-Rusiya
Regionlararası Forumun Qəbələdə keçirilməsi Kəmaləddin Heydərovun
Kremllə yaxınlığının təzahürü hesab edilir. Ən diqqətçəkən məsələ Ramiz
Mehdiyevin Rusiyaya səfəridir.
Iyunun 19-20-də Rusiya
Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində
Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü
keçirilib. Ramiz Mehdiyev də həmin görüşdə iştirak edib. Lakin AzərTac
bu barədə məlumatı iyunun 23-də yayıb. Yəni, Ramiz Mehdiyevin Rusiyaya
səfəri ən azı 3 gün gizlədilərək ictimaiyyətə heç bir məlumat
verilməyib. Bu isə Ramiz Mehdiyevin Rusiyaya səfərində hansısa
müəmmaların olduğunu deməyə əsas verir. Ekspertlər hesab edir ki, çox
nadir hallarda səfərlər edən Ramiz Mehdiyevin yuxarıda qeyd etdiyimiz
tədbirdə iştirak adı ilə Rusiyaya getməsinin kökündə Kreml rəsmiləri ilə
Azərbaycan barədə hansısa ciddi müzakirələr dayana bilər. Yeri
gəlmişkən, Ramiz Mehdiyev səfər çərçivəsində Rusiyanın Təhlükəsizlik
Şurasının katibi Nikolay Patruşev və müavini Rəşid Nurqaliyevlə
ikitərəfli görüşlər keçirib. AzərTac Patruşevlə görüş barədə xəsisliklə
məlumat yayıb. Bir cümlə ilə qeyd olunub ki, görüşdə ikitərəfli
əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Beləliklə,
ruspərəstlərin fəallığı Azərbaycanla bağlı ciddi planların olduğundan
xəbər verir. Əks qruplar baş verənlərdən ciddi narahat olub. Onların
narahatlığı ölkənin deyil, öz talelərilə bağlıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=8828