Cəmil Həsənli İlham Əliyevə cavab verdi

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə
əlaqədar ölkə başçısı Ilham Əliyev iyunun 24-də AŞ Parlament
Assambleyasında çıxış edib. Çıxışdan sonra sualları cavablandıran Ilham
Əliyev Azərbaycanda son prezident seçkisinin azad və ədalətli
keçirildiyini, ölkədə siyasi məhbus problemi olmadığını, xalqın
müxalifəti dəstəkləmədiyini iddia edib.
Milli Şuranın sədri Cəmil Həsənli Ilham Əliyevin iddialarına
münasibət bildirib. O, “Azadlıq”a açıqlamasında ilk olaraq ölkə
başçısının 2013-cü ildə keçirilən prezident seçkisilə bağlı fikirlərinə
toxunub. Cəmil Həsənli bildirib ki, Ilham Əliyevin dediklərindən fərqli
olaraq 2013-cü ildə keçirilən prezident seçkisi total saxtakarlıqla
müşayiət olunub. Hətta bu saxtakarlıq beynəlxalq miqyasda da
təsdiqlənib: “Ilk dəfə olaraq ATƏT-in Varşava bürosu Azərbaycanda
keçirilən seçkilər haqqında həqiqətləri açıqladı. Onlar bəyan etdilər
ki, səslərin sayılmasını məntəqələrin 58 faizində pis, ya da çox pis
qiymətləndirirlər. Nəzərə alsaq ki, ATƏT-in elan etdiyi bu rəqəm 2008-ci
ilin prezident seçkisində 23 faiz, 2010-cu ilin parlament seçkilərində
32 faiz olub, o zaman bu 58 faiz çox pis tendensiyadır. Yəni, əslində
ölkədə seçki sahəsində müsbətə doğru irəliləyiş olmalıydı. Amma biz
əksini gördük. Bunun da səbəbi əlbəttə ki, hakimiyyətin sosial dayağının
olmaması ilə bağlıdır. Əminliklə deyə bilərik ki, 2013-cü ildə
Azərbaycan xalqı Ilham Əliyevə səs vermədi. Mərkəzi Seçki Komissiyası və
icra orqanları müxtəlif saxtakarlıq üsulları ilə onu qalib çıxardı.
Bütün natəmiz əməllər sınaqdan keçirildi. Indi təbii ki, Ilham Əliyev
hər dəfə beynəlxalq tədbirlərdə çıxış edəndə bu suallarla qarşılacaq.
Çünki beynəlxalq ictimaiyyət Azərbaycanda baş verənlərdən xəbərdardır.
Yeri gəlmişkən, 2013-cü il seçkisilə bağlı nəinki Azərbaycanda,
ümumiyyətlə Avropanın seçki tarixində baş verməyən hadisə baş verdi.
Avropa Şurasının Müşahidə Missiyası və Varşava bürosunun Müşahidə
Missiyası fərqli rəylərlə çıxış elədi. Halbuki onlar hər dəfə bütün
çətinliklərə baxmayaraq kompromisə gələrək vahid mövqedən çıxış
edirdilər. Amma bu dəfə mövqelər bir-birindən o qədər fərqlənirdi ki,
Azərbaycan hakimiyyəti tərəfindən ələ alınmış Avropa Şurasının Müşahidə
Missiyası ATƏT-in mənfi rəyinə qoşulmadı. Bundan başqa Avropa
Parlamentinin Müşahidə Missiyası da öz rəyindən imtina etdi. Çünki o
rəydə seçki saxtakarlığına göz yumulmuşdu. Beləliklə, birmənalı demək
olar ki, 2013-cü il prezident seçkisi saxtalaşdırılıb”.
Cəmil Həsənli əlavə edib ki, demokratik düşərgənin xalq arasında
dayaqları güclüdür. Xalq hakimiyyətə deyil, demokratik düşərgəyə ümid
bəsləyir. Lakin Azərbaycandakı avtoritar rejim xalqı qorxu altında
saxlayır. Müxalifətin aksiyalarına az sayda insanın gəlməsi də bununla
bağlıdır: “Azərbaycanda vətəndaşların azad şəkildə fikirlərini ifadə
etməsi üçün şərait yoxdur. Bundan başqa etiraz aksiyaları üçün əlverişli
yer ayrılmır. Hətta əlverişsiz yerlərdə belə MTN və polisin mülki
geyimliləri insanlarda xof yaratmaq var-gəl edir. Həmin yerlərə
kameralar quraşdırılır və s. Bir məqamı xüsusi qeyd etmək istəyirəm.
Xaçmazda Elsevər Mürsəlli adlı 18 yaşlı bir gənc mənim facebook səhifəmə
dəstək verdiyi, eyni zamanda seçkidə mənə səs verməsilə fəxr etdiyini
yazması üçün narkotiklə şərlənərək həbs olundu. Onu 5 il azadlıqdan
məhrum etdilər. Azərbaycanda reallıq budur ki, etiraz edənin cibinə
narkotik, evinə “molotov kokteyli”, maşınına silah atırlar. Yaxud başqa
üsullarla şərləyirlər. Təəssüflər olsun ki, Azərbaycanda avtoritar rejim
hökm sürür. Icra strukturları, xüsusi xidmət orqanları, polis
vətəndaşlara təzyiq edir. Hakimiyyət idarə olunan cəmiyyət yaratmağa
çaışır və vətəndaşlara konstitusion hüquqlardan yararlanmaq imkanı
verilmir”.
Milli Şuranın sədri Ilham Əliyevin “Azərbaycanda siyasi məhbus
yoxdur” iddiasının da əsassız olduğunu bildirib: ” Azərbaycanda siyasi
məhbuslar var və beynəlxalq ictimaiyyət də bu faktı təsdiqləyir. Artıq
beynəlxalq aləmə də bəllidir ki, Azərbaycanda fərqli düşünənlər
repressiyaya məruz qalır. Biz siyasi motivlərlə həbs olunanların məhkəmə
proseslərində iştirak etmişik. Təsəvvür edin, Ilqar Məmmədovla Tofiq
Yaqubluya ona görə 5-7 il “iş” veriblər ki, onlar Ismayıllıda baş verən
hadisələrdən bir gün sonra həmin rayona gediblər və 20 dəqiqə orada
olublar. Yaxud götürək bloggerlər Əbdül Əbilovla Ömər Məmmədovu. Bu
gənclər sosial şəbəkələrdə fəallıqlarına görə hədəfə gəliblər. Həmçinin
dindarlar, jurnalistlər fərqli düşündüklərinə görə həbs atılıblar. Bu
sırada Rauf Mirqədirovu, Pərviz Həşimlini, Əvəz Zeynallını və
digərlərini göstərmək olar. Mən Pərviz Həşimlinin məhkəməsində iştirak
etdim. Ona qarşı irəli sürülən ittiham tamamilə qondarmadır. Pərviz
yazdığı yazılara görə həbs olunub. Qurban Məmmədov ictimai fəallığına
görə şərlənərək həbs edilib.
Hazırda ümumi razılığa əsasən Azərbaycanda 82 nəfər siyasi məhbusun
olduğu bildirilir. Lakin daha doğru siyahı Leyla Yunusun siyahıdır.
Həmin siyahıda 130-a yaxın şəxsin adı var. Güman edirəm ki, bu sessiyada
siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunması məsələsi
həllini tapacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8862