Hakimiyyət üçün kritik 10 gün

29.06.2014 - 10:39

Moskva-Vaşinqton duelində riskli
seçim anı; İqtidarın Strasburqdan başlayan “avrosınaq” dekadasının
Bakıda ATƏT tədbiri ilə son akkordunun vurulacağı g
özlənilir; Ukraynaya
dair qətnamə layihəsi “balanslı siyasət”i bu dəfə “evdə” imtahana
çəkəcək…

Moskva-Vaşinqton duelində riskli
seçim anı; İqtidarın Strasburqdan başlayan “avrosınaq” dekadasının
Bakıda ATƏT tədbiri ilə son akkordunun vurulacağı gözlənilir; Ukraynaya
dair qətnamə layihəsi “balanslı siyasət”i bu dəfə “evdə” imtahana
çəkəcək…

Başa
çatan həftə və iyulun ilk iki gününü rəsmi Bakı üçün, faktiki olaraq,
“Avropa sınağı” (“avrosınaq”) saymaq olar. Diqqət edin, iyunun 23-də
Strasburqda AŞ PA-nın yay sessiyası öz işinə başlayıb və bu sessiyada
Bakının ən yüksək səviyyədə təmsilçiliyi Azərbaycan tematikasına xüsusi
məzmun, həyəcan gətirib.

Azərbaycanın Avropa Şurası Nazirlər
Komitəsində sədrliyinin başlanması ilə əlaqədar sessiyaya ölkə
prezidenti İlham Əliyev də qatılıb. Bundan əlavə, Əliyev iyunun 24-də
qurumda məruzə ilə çıxış edib və ona ünvanlanan sualları cavablandırıb.
Ayın 25-də, İnsan Haqları və Hüquq Məsələləri Komitəsinin iclasında isə
Azərbaycanda siyasi məhbuslarla bağlı təkliflər müzakirə edilsə də,
məsələ lazımi həllini tapmayıb.
Məlumdur ki, AŞ PA toplantısı iyunun 27-də öz işini bitirib. Amma
elə ertəsi gün – ayın 28-də Bakıda ATƏT Parlament Assambleyasının
sessiyası öz işinə başlayıb. Sessiya iyulun 2-dək davam edəcək.
Beləliklə, iyunun 23-dən iyulun 2-dək olan “on günlük” Bakı üçün hansısa
“Avropa dekadası” testi olacaq.
Bakı Avropada: AŞ PA-nın sessiyası
Hələ 10 il öncə AŞ PA-nın sessiyasında İlham Əliyev Azərbaycan
prezidenti qismində çıxış edərkən çox da inamlı görünməmişdi və sanki
özünə bəraət formasında avroparlamentarları inandırmağa çalışmışdı ki,
o, demokratikləşmə kursuna sadiqdir və ölkə öz üzərinə götürdüyü
öhdəlikləri müntəzəm şəkildə yerinə yetirir. Bu, o zamanlar idi ki, AŞ
PA-da ümumi fon və geosiyasi kontekst tamamən başqa idi: Azərbaycanın
yeni seçilən prezidenti həm Moskvanın, həm də Qərbin avanslı dəstəyinə
malik idi, onun bu və ya başqa addımları ilə bağlı ünvanına deyilən
tənqidlər xoş xarakter daşıyırdı və o zaman heç bir çətin sual və ya
obstruktiv mahiyyətli aksiyalar da müşahidə olunmurdu.
Lakin 10 il sonrakı sessiyada prezident özünə əmindən də çox əmin
görünürdü, ən rahatsız suallara belə çəkinib eləmədən olduqca sərt
cavablar verirdi, bununla da mövqeyinin haqlı olduğunu və apardığı
siyasətdə yanlışlar olmadığını nümayiş etdirməyə çalışırdı. Yəni
bütövlükdə müdafiə deyil, hücum mövqeyindən çıxış edirdi. Hərgah,
sessiyada ümumi atmosfer əvvəlki dönəmdən fərqli olaraq heç də əlverişli
deyildi: azərbaycanlı hüquq müdafiəçiləri prezidentin çıxışı ərəfəsində
iclas zalında əyani etiraz aksiyası təşkil etmiş, bəzi deputatlar isə
ölkədə insan haqlarının, söz, ifadə və toplaşmaq azadlıqlarının
pozulması ilə bağlı ona kəskin suallarla hücumlar eləmişdilər.
Lakin prezident bu dəfə özünə bəraət qazandırmağa, dəqiqləşmələr
etməyə və hətta deyilənlərin əksini inandırmağa səy göstərmirdi, o,
sadəcə, sərt formada deputatların yalanını çıxarır, qəti şəkildə iddia
edirdi ki, Azərbaycanda hər şey tam qaydasındadır və belə suallar üçün
heç bir əsas yoxdur.
Prezidentin verbal və real davranışında belə kəskin dəyişiklik,
əlbəttə ki, heç də Azərbaycanda demokratiya, insan haqları, siyasi
məhbuslarla bağlı iradlara əsasların azalması ilə əlaqədar deyil. Tam
əksinə: ölkədə demokratiya sahəsində vəziyyət daha da ağırlaşıb və
Qərbin rəsmi Bakının ünvanına tənqidləri əhəmiyyətli dərəcədə artıb. 
Ancaq İlham Əliyevin Strasburqdakı inamlı çıxışı göstərdi ki,
bunlar onu zərrəcə qorxutmur və hər şeydən göründüyü kimi, o, sərt
daxili siyasəti davam etdirəcək – çünki başa düşür ki, bu gün Qərbin
Bakı ilə münasibətləri korlaması açıq-aşkar məntiqdən kənardır.
Məsələ də ondadır ki, dünyada, postsovet məkanında və məxsusən
Azərbaycan ətrafında geosiyasi kontekst dəyişib. Rusiya ilə Qərb
arasında konfrontasiyalı qarşıdurmanın güclənməsi və postsovet məkanında
nüfuz dairələri uğrunda mübarizənin həddən ziyadə sərtləşməsi fonunda
Azərbaycanın Qərbə siyasi, geosiyasi, energetik və tranzit lazımlılığı
(rolu) olduqca artıb.
Yeri gəlmişkən, hazırkı Qərb-Rusiya qarşıdurmasının Azərbaycanı
geosiyasi seçimlə bağlı riskli duruma saldığı və Bakının manevr
imkanlarını daraltdığı barədə geniş yayılmış fikir reallığı tam əks
etdirmir. Tərsinə, Rusiya ilə Qərb arasında strateji seçim zəruriliyi
bir yandan rəsmi Bakı üçün riskləri artırsa da, ikinci yandan,
konyunktur geosiyasi bazarlıq və taktiki manevr üçün onun imkanlarını
genişləndirib. 
Bu mənada AŞ PA sessiyasında Bakının ünvanına səslənən tənqidlər
sırf nümayişkaranə və dozalı xarakter daşımaqla bərabər, bir daha Qərb
üçün geosiyasət və energetikanın demokratiyadan üstün olduğunu ortaya
qoyub. Rəsmi Bakı Strasburqa, şübhəsiz, bu amili nəzərə alaraq gedib.
Beləcə, baxmayaraq ki, Bakı demokratiya testindən vaxtaşırı keçə
bilmir, AŞ PA sessiyası göstərdi ki, bu testdən növbəti dəfə
avroparlamentarların özləri də çıxa bilməyiblər, hansı deputatlar ki,
İlham Əliyevi sərt məngənəyə sala bilərdilər. Fəqət, geosiyasi və
energetik motivlərin xüsusi əhəmiyyət kəsb eləməsi səbəbindən buna
getmədilər. Situativ kontekstdə belə yanaşmanı anlamaq çətin deyil.
Avropa Bakıda: ATƏT PA-nın sessiyası
AŞ PA-nın sessiyasından dərhal sonra, iyunun 28-dən iyulun 2-dək
ilk dəfə olaraq Bakıda ATƏT Parlament Assambleyasının sessiyası işinə
başladı. Nəzərə alsaq ki, növbəti sessiya Helsinki Yekun Aktının 40
illiyi ərəfəsində keçirilir, o zaman toplantının “Helsinki + 40” devizi
altında və Bakıya təklif edilən “ATƏT məkanında hər kəs üçün
təhlükəsizlik” mövzusunda reallaşması təəccüblü olmaz.
Sessiyada 500-dən çox nümayəndənin – siyasətçilərin, deputatların,
jurnalistlərin, 68-dən çox ölkənin nümayəndə heyətinin (57 üzv-ölkə, 11
əməkdaşlıq üzrə tərəfdaş dövlət) iştirakı gözlənilirdi və bu,
aşağı-yuxarı, oldu. Bakı toplantısına Ermənistandan olan nümayəndə
heyəti də qatılıb və ənənəvi destruktiv mövqeyini növbəti dəfə nümayiş
etdirib. Təbii ki, cavabları da verilib. (Sessiyadan reportaj-yazı
ayrıca təqdim edilir – red.). 
Azərbaycan prezidenti isə öz çıxışında bir daha müasir Ermənistan
dövlətinin tarixi Azərbaycan torpaqlarında təşəkkül tapdığını
vurğulayaraq diqqəti beynəlxalq təşkilatların Qarabağa dair
qətnamələrinin hələ də yerinə yetirilməməsinə, ikili standartlara
yönəldib. Sitat: ” Biz 20 ildir, erməni təcavüzündən əziyyət çəkirik.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir, erməni işğalı
altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir
sıra ölkəsində tanınıb… 
Öz müqəddəratını müəyyən etməyə gəlincə, Helsinki prinsiplərinə
görə, bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz
müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan
torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da
Azərbaycan ərazisində yaradılıb…”
*   *   *
Dünənki sessiyanın məhz Azərbaycan paytaxtında öz işinə başlaması,
həmçinin, bir çox başqa məsələlərlə yanaşı, Ukraynadakı situasiyanın,
Qarabağ da daxil həlli uzanan münaqişələrin və regional təhlükəsizliklə
bağlı məsələlərin müzakirəsini ehtiva edən zəngin gündəliyi foruma
xüsusi çalar verən amillərdəndir. Bu çaları bəzi ölkələr tərəfindən
xüsusi qətnamə layihələrinin sessiyanın gündəliyinə daxil edilməsi və
gözlənilən müzakirəsi əhəmiyyətli dərəcədə gücləndirir və Bakı üçün
əlavə “baş ağrısı” yarada bilər. 
Belə ki, amerikalı senator Bencamin Kardinin təşəbbüsü və ABŞ-ın
təkidi ilə sessiyanın gündəliyinə Rusiyanın Ukraynaya münasibətdə
aqressiv siyasətini və Krımın işğalını pisləyən qətnamə layihəsi daxil
edilib. Sənəddə Rusiya “Helsinki Aktı prinsiplərini Ukraynaya
münasibətdə aşkar, kobud və cəzasız şəkildə pozmaqda, o sırada ölkənin
suverenliyi və ərazi bütövlüyünü qaba şəkildə tapdamaqda” ittiham
olunur. 
Qətnamə layihəsi ilə bağlı səsvermə iyulun 1-nə nəzərdə tutulub.
Sənədin qəbulu üçün 300 deputatın dəstəyi lazımdır. Qətnamə bəyənilərsə,
o zaman ATƏT PA-nın əsas yekun sənədində – Bakı bəyannaməsində əksini
tapacaq və sənəd özündə bütün 57 üzv ölkə üçün siyasət, təhlükəsizlik,
iqtisadiyyat və insan haqları sahəsində tövsiyələri ehtiva edəcək.
Sessiyanın ilk günündəki debatlar müzakirələrin gərgin keçəcəyinə şübhə
yeri qoymadı.
Bu mənada ATƏT PA-nın sessiyasının rəsmi Bakıdan ötrü növbəti
sınaq, test olacağı şübhə doğurmur. Ancaq Strasburqdakı AŞ PA
sessiyasındakı kimi demokratiyaya sadiqlik testi yox, bu dəfə “Ukrayna
məsələsi”ndə öz mövqeyini dəqiqləşdirmək və Qərblə Rusiya arasında
hazırkı geosiyasi dueldə yerini müəyyənləşdirmək testi olacaq.
Rəsmi Bakı isə BMT-də Ukrayna ilə bağlı məlum səsvermədən sonra
Moskva ilə münasibətlərdəki gərginliyi təzə-təzə səngidə bilib.
Azərbaycan hakimiyyətini indi ATƏT PA-nın toplantısında, üstəlik forumun
ev sahibi qismində daha mürəkkəb və riskli seçim gözləyir.
Nəzərə alanda ki, separatizmin və üzücü Qarabağ probleminin
bəlalarını öz üzərində hərtərəfli hiss edən Azərbaycan bütün belə
analoji hallarda (təkcə “Krım məsələsi”ndə deyil, həm də Kosovo ilə
bağlı məsələdə) daim ölkələrin ərazi bütövlüyü və suverenliyini müdafiə
edir, o zaman bu məntiq çərçivəsində o, faktiki surətdə Amerika
qətnaməsini dəstəkləməyə məhkumdur.
Lakin o halda Bakı yenidən Kremlin həddən ziyadə sərt reaksiyası və
proqnozlaşdırılmayan hədələri ilə üzləşə, uzun müddətə Moskva ilə
münasibətlərin pozulmasına risklənə bilər. Bununla belə, az yuxarıda
sadalananlar üzündən Azərbaycan iqtidarı Rusiya tərəfdən Ukraynanın
ərazi bütövlüyü və suverenliyinin pozulmasını və separatizmi pisləyən
ABŞ qətnaməsi əleyhinə də gedə bilməz – belə mövqe açıq-aşkar
milli-dövlət maraqlarımızla ziddiyyət təşkil edə, Azərbaycanın özü üçün
təhlükəli bumeranq effekti yaradardı. 
Odur ki, rəsmi Bakı bu dəfə, yəqin ki, səsvermə zamanı sənədə nə
“hə”, nə də “yox” deyib bitərəf qalmaqla ehtiyatlı və neytral mövqe
tutmağa çalışacaq. Bununla belə, hətta o halda da sessiya Qərblə Rusiya
arasında kəskin qarşıdurma və debatlar üçün meydan olmaqla rəsmi Bakıdan
ötrü əsəbyaradıcı bir faktor olacaq və Azərbaycan üçün olduqca
qalmaqallı nəticələr doğura bilər. 
Çünki bu və ya başqa qətnamələrə səsvermə proseslərində
Azərbaycanın tutacağı mövqedən asılı olmayaraq, yekun sənəddə Rusiyanı
mühakimə edən bəndlər əksini taparsa, bu hadisə tarixdə Bakı bəyannaməsi
kimi qalacaq. O zaman Moskva öz neqativliyini ATƏT və ABŞ-a deyil, həm
də qismən foruma ev sahibliyi edənə, yəni rəsmi Bakıya yönəldəcək.
*   *   *   *
Beləliklə, Azərbaycan üçün həddən ziyadə ziddiyyətli və əsəbi
“Avropa dekadası” başlayıb. Onun yekunları Rusiya-Azərbaycan-Qərb
(Avropa və ABŞ) üçbucağında qarşılıqlı münasibətlərin ümumi kontekstində
müəyyən korrektələrə gətirə bilər.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=8969

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31