"Azərbaycanda vəziyyət artıq bundan pis ola bilməz"

05.07.2014 - 11:17

“İlham Əliyevin Avropa Şurasında dedikləri inandırıcı deyil”

“İlham Əliyevin Avropa Şurasında dedikləri inandırıcı deyil”
 

Florian İrminger: “Azərbaycanda siyasi məhbuslar var və Aqramunt gəlib həmin məsələni burda həll etməlidir”

İyunun 30-dan iyulun 4-dək Azərbaycanda siyasi məhbus məsələsi üzrə
missiya işləyib. Missiyanı Vaşinqtonda yerləşən, siyasi məhbuslara
hüquqi və vəkillik yardımı göstərən “Freedom Now” qeyri-hökumət
təşkilatı və Norveçin İnsan Haqları Evi Fondu (Human Rights House
Foundation) birgə həyata keçirib.
“Freedom Now” təşkilatının icraçı
direktoru Maran Turner və İnsan Haqları Evi Fondunun Cenevrə ofisinin
rəhbəri Florian İrminger iyulun 4-də “Azadlıq” qəzetinin qonağı olub.
Qəzetin
baş redaktorunun birinci müavini Rahim Hacıyev qonaqlara “Azadlıq”ın
tarixi və fəaliyyəti barədə məlumat verib, kollektivin üzləşdiyi
çətinliklərdən danışıb. Söhbət zamanı Azərbaycanda söz və mətbuat
azadlığı sahəsindəki problemlər, mövcud ictimai-siyasi vəziyyət müzakirə
olunub.

Sonra Florian İrminger “Azadlıq” qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik:

– Siz dəfələrlə Azərbaycanda olmusunuz. Son vaxtlar bura
gəlişiniz çox ağır dövrə təsadüf edib. Ölkədə insan hüquq və azadlıqları
ilə bağlı ağır vəziyyət yaranıb. Bu vəziyyəti necə qiymətləndirirsiniz?


Həqiqətən də bu sahədə vəziyyət çətinləşib. Söhbət ondan gedir ki,
artıq insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyətinin qaymaqları
həbs edilir. Ikinci məsələ ondan ibarətdir ki, bunlar artıq daha uzun
müddətə həbs olunurlar. Əvvəllər Azərbaycan hökumətinin siyasi
məhbusları həbsdən azadetmə tendensiyası mövcud idi. Artıq bu yoxdur və
siyasi məhbuslar azad edilmir. Hazırda baş verənlər onu göstərir ki,
Azərbaycan hökuməti Ilqar Məmmədov, Anar Məmmədli kimi beynəlxalq
ictimaiyyətdə nüfuzu olan, tanınan fəalları, vətəndaş cəmiyyəti
liderlərini həbsə atır. Digər tərəfdən, həbs edilənlər arasında çoxlu
gənc var. Onlar fəal şəkildə sosial mediadan istifadə edirdilər. NIDA
işi bunun çox aydın göstəricisidir. Gənc, parlaq təhsilli insanları həbs
edirlər. Ömər Məmmədovun bu gün (dünən – red.) son məhkəmə dinləməsidir
(müsahibə alınan zamanı Ömər Məmmədovla bağlı məhkəmə hökmü
çıxarılmamışdı – red.). Ittiham tərəfi onun üstündən heroin tapıldığını
iddia edir. Baxmayaraq ki, Ömər Məmmədov burda yaşamır, Kiprdə təhsil
alır. Bütün bunlar göstərir ki, bu əslində siyasi həbslərdir.

– Son dövrlərin ən dəhşətli hadisələrindən biri Rauf
Mirqədirovun həbsi, Leyla Yunusa qarşı görünməmiş miqyasda təzyiq
kampaniyasının aparılmasıdır. Sizcə, konkret bu şəxslərə qarşı
kampaniyada hökumətin məqsədi nədir?

– Bu hadisələrdə
Azərbaycan hökumətinin məqsədinin nədən ibarət olduğunu demək mənim üçün
çətindir. Əslində, münaqişə durumunda olan ölkədə bu insanlar sülhə
nail olmaq istəyir. Xalq diplomatiyasını həyata keçirən insanlara qarşı
təzyiq kampaniyası həyata keçirmək, onlara basqı etmək münaqişənin həlli
üçün ən pis yolu seçməkdir. Əslində, həm jurnalistin həbsi, həm Leyla
Yunusa qarşı olan ittihamlar bəlkə də ona yönəlib ki, qonşu dövlətlə heç
kim əlaqə saxlamasın və sülh prosesi davam etməsin. Çünki jurnalisti
casusluqda ittiham edirsinizsə, yaxud hüquq müdafiəçisinə deyirsiniz ki,
Ermənistanın xeyrinə cəsusluq edirsən, deməli, siz sülh prosesində
maraqlı deyilsiniz. Biz Cənubi Qafqazın hər üç ölkəsində işləyirik. Hər
üç ölkədə sülh uğrunda mübarizə aparan, çalışan jurnalistlər və hüquq
müdafiəçiləridir.

– Bu yaxınlarda AŞ PA-nın sessiyasında Ilham Əliyev ölkədə
insan hüquq və azadlıqlarının pozulması ilə bağlı açıq inkarçı mövqe
sərgilədi. Ilham Əliyevin bu tərzdə davranışı Avropada necə
qiymətləndirildi?

– Hər hansı hökumətin nümayəndəsi
beynəlxalq tədbirdə deyəndə ki, bizdə problem yoxdur, ona inanmırlar.
Azərbaycan Avropa Şurasına qoşulanda Heydər Əliyev öhdəlik götürdü ki,
ölkədə siyasi məhbus olmayacaq. Siyasi məhbus varsa, öhdəlik onları azad
etməkdən ibarətdir. Siyasi məhbus yoxdursa, o zaman bu öhdəliyə də
ehtiyac yoxdur. Əslində gözləyirdik ki, Ilham Əliyev Strasburqda bu
işlərdən xəbərdar olduğunu və baş verənləri araşdıracaqlarını deyəcək.
Yaxud bu qərarı verən hakimlərin işinin araşdırılacağını bildirəcək.
Ancaq bunun əvəzində dedi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bu da
inandırıcı deyil.

“Görüşmək istədiyim siyasi məhbusların siyahısını özüm verəcəm”

– Xeyli vaxtdır “kürü diplomatiyası” ifadəsi işlənir və 
Azərbaycanda ictimaiyyətində qəti əminlik var ki, hakimiyyət “kürü
diplomatiyası” hesabına Avropa Şurasında Azərbaycanda insan hüquq və
azadlıqların kobudcasına pozulması, siyasi məhbuslarla bağlı
qətnamələrin keçməsinə mane olur. Bu səbəbdən də Ştrasserin qətnaməsi
qəbul edilmədi. Sizcə, bundan sonra Azərbaycan hökumətinin “kürü
diplomatiyası” ona uğur gətirəcəkmi?

– Azərbaycan öz
maraqlarını ölkədən kənarda təmsil etməyi yaxşı bacarır. Bu məsələdə çox
peşakardır. Təkcə Avropa Şurası deyil, BMT və digər təşkilatlarda da
bunu işi görür. Ancaq bununla yanaşı Azərbaycan Avropa Şurası qarşısında
öhdəliklər götürmüşdü və hələ görməli olduğu işlər var. Bu öhdəliklərin
yerinə yetirildiyini, yaxud kağız üzərində qaldığını siyasi məhbuslar
üzrə məruzəçi, ispaniyalı deputat Pedro Aqramunt araşdırmalıdır. Onun da
Azərbaycan hökuməti ilə yaxşı əlaqələri var.

– Məhz Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətdə olduğu
Aqramunta ölkənin demokratik ictimaiyyətinin etimadı yoxdur. Ştrasserin
qətnaməsinin əleyhinə səs vermiş adamla bağlı ciddi ümidlər ola bilməz.
Rüşvət vermək çətin deyil, onu alan adamların buna necə münasibət
göstərməsi vacibdir. Sizcə, siyasi məhbus məsələsində Avropa Şurası daha
sərt mövqedə duracaqmı?

– Biz Aqramuntun üzərinə fokuslaşa
bilərik, amma onun görməli olduğu işlər var. Söhbət Azərbaycanda siyasi
məhbusların olub-olmadığından getmir. Bu məruzəçinin mövcud olması artıq
o deməkdir ki, siyasi məhbus var və o gəlib həmin məsələləri burda həll
etməlidir. Yəni artıq Ştrasserin hesabatına kimin səs
verib-vermədiyinin o qədər əhəmiyyəti yoxdur. Çünki Parlament
Assambleyasının sədri Bakıda olarkən açıq şəkildə, həm də rəsmi
görüşlərdə deyib, mən bura o şərtlə gəlirəm ki, istədiyim siyasi
məhbuslarla gedib görüşmək imkanım olsun. O bildirib ki, görüşmək
istədiyim siyasi məhbusların siyahısını özüm verəcəm. Yəni Ştrasserin
hesabatının qəbul olunub-olunmamasından asılı olmayaraq monitorinq
komitəsinin hesabatı, qətnaməsi və Parlament Assambleyası ona səs verib.
Monitorinq komitəsinin qətnaməsində Aqramuntun tərtib etdiyi qətnamədə
siyasi məhbuslarla bağlı böyük paraqraflar var və orda kimlərin siyasi
məhbus olduğu göstərilir. Bundan istifadə etmək və o qətnaməni də
prezidentə təqdim etmək lazımdır.

“Azərbaycan son 18 ay ərzində beynəlxalq radarlara çox düşdü”

– Azərbaycan ictimaiyyətində belə fikir formalaşıb ki,
Belarus rejiminə, Lukaşenkoya münasibətdə Qərbin mövqeyi çox sərtdir.
Amma Azərbaycan hakimiyyətinə qarşı belə mövqe yoxdur. Bundan sonra
beynəlxalq birlik Azərbaycan hökumətini öhdəliklərə əməl etməyə məcbur
edə biləcəkmi? Qərbdə belə istək varmı?

– Azərbaycanda insan
haqları ilə bağlı vəziyyət pisləşir, daha çox tendensiya bundan
ibarətdir. Əslində bu bizim işimizdən asılıdır. Yəni Azərbaycanda
vəziyyətin pis olması ilə bağlı beynəlxalq qurumları, dünya
dövlətlərinin liderlərini inandırməlıyıq ki, onlar da hökumətə təzyiq
etsinlər. Eyni zamanda bizim işimiz ondan ibarətdir ki, vətəndaş
cəmiyyətinə yardım edək, onlar da ölkə daxilində bu məsələ ilə bağlı
hökumətə təzyiqlər etsinlər. Düzdür, BMT-nin Belarus üzrə xüsusi
məruzəçisi var. Eyni zamanda Azərbaycan da son 18 ay ərzində beynəlxalq
radarlara çox düşdü. Belə bir tanınmış, nüfuzlu qəzet yoxdur ki,
Azərbaycandakı insan haqları ilə bağlı nəsə yazmasın. “Əl-Cəzirə” kanalı
hətta Azərbaycanda insan haqlarının durumu ilə bağlı sənədli film
hazırladı. Bir çox yerdərdə bu haqda danışılır. “Avroviziya” vaxtı çox
böyük beynəlxalq ictimai kampaniya getdi. Belarusda hokkey üzrə dünya
çempionatı oldu. Amma Belarusda insan haqları məsələləri ilə bağlı heç
kim yazmadı. Ancaq Azərbaycanda “Avroviziya” ilə bağlı çox yazıldı.

– Bizim qəzetdə bütün o qəzetlərdə olan materiallar çap
olunub. Amma problem ondadır ki, bu qədər böyük diqqət əslində
vəziyyətin müsbət istiqamətə dəyişməsilə nəticələnmir. Əksinə,
dəyişikliklər mənfi istiqamətdə olub. Təəssüf ki, biz daha yüksək
səviyyələrdə təzyiqin şahidi deyilik. Sizin bununla bağlı
gözləntiləriniz nədən ibarətdir?

– Azərbaycandakı vətəndaş
cəmiyyəti çox fəal və peşəkardır. Biz əlimizdən gələni etməyə çalışırıq
ki, Avropa Şurasının prezidenti bura gələndə o, Van Rompey kimi, Barrozu
kimi danışmasın, daha çox tənqid etsin. Proqnoz verə bilmirik.
Azərbaycanda vəziyyət o həddə çatıb ki, artıq bundan pis ola bilməz.
Analoqu olmayan vəziyyətdir. Həm mediaya olan təzyiqlər, həm siyasi
məhbuslarla bağlı vəziyyət bundan o tərəfə pisləşə bilməz, ancaq
yaxşılaşa bilər. (azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9245

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31