Hakimiyyət əleyhinə çıxdığı qərarı niyə dəstəkləyir?

ATƏT PA-nın Bakı tədbiri xeyli maraqlı məqamları üzə çıxardı. Belə
ki, hakimiyyətin “həqiqət” adıyla səhnəyə buraxdığı nə vardısa, “yalan”
adıyla geriyə qayıtdı. Hakimiyyət sözçülərinin etirazına baxmayaraq bir
neçə qanun qəbul olundu, siyasi məhbus məsələsi gündəmə gəldi,
hakimiyyətin dilaoq mədəniyyətinin olmaması təsdiq edildi.
Ancaq, baş verənlər bununla da yekunlaşmadı. Vəziyyə o həddə çatdı
ki, hakimiyyət sözçüsü özünü təkzib etməyə başladı. Təbii ki, bu həm də
komandanın ziddiyyətli mövqeyi idi.
Xatırlayırsınızsa, Bakıda Rusiya əleyhinə qətnamə qəbul olunarkən
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova
qətnamə layihəsinə etiraz etmişdi: “Regionda konfliktin həlli ilə bağlı
qətnamə qəbul ediriksə, regiondakı bütün münaqişələr nəzərdə
tutulmalıdır. Biz təklif və tələb edirik ki, cənab Kardin ya bu
qətnaməyə bütün konfliktləri salsın, ya da sənədi geri götürüb üzərində
işləsin. Bu qətnamə layihəsi indiki halda məhdud məzmunludur,
birtərəflidir və regiondakı konfliktləri tam əhatə etməyib. Ona görə də
indiki halda sənədin qəbulunun tam əleyhinəyik”- deyə Bahar Muradova
bildirmişdi.
Ancaq bütün etirazlara baxmayaraq Ukraynanın ərazi bütövlüyünü
dəstəkləyən sənəd qəbul edildi. Bundan sonra Bahar Muradova məsələyə
fərqli münasibət sərgilədi: “Bu dəfə biz bu sessiyada Bencamin Kardinin
Helsinki Yekun Aktının prinsiplərinin pozulması ilə bağlı qətnaməsini
bütün münaqişələrə aid presedent kimi qəbul edirik. Ümumilikdə sənədin
qəbulunu alqışlayırıq. Bizim onlara dəfələrlə təkliflərimiz olub ki,
belə bir təşəbbüslə çıxış etsinlər. Çox təəssüf ki, indiyə qədər
olmayıb. Amma belə bir danışığımız oldu ki, biz bu məsələni irəliyə
aparmaqda israrlıyıq, yəni ki, ABŞ Azərbaycan ərazilərinin işğal
olunduğunu vurğulayır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz
bu məsələni indən sonra irəliyə aparmaq niyyətindəyik. ATƏT PA-da belə
bir oxşar qətnamə qəbul olunduğu üçün bunun digər konfliktlər, xüsusilə
Dağlıq Qarabağla bağlı da qəbul olunması üçün biz daha israrla
çalışacağıq”- deyə Bahar Muradova bildirib.
Qeyd edək ki, qətnamənin qəbulundan öncə Rusiya Dövlət Dumasının
spikeri Sergey Narışkin Ilham Əliyevlə görüşmüşdü və bildirmişdi ki,
ATƏT Parlament Assambleyasının Bakıda keçirləcək növbəti sessiyasında
Rusiya və Azərbaycan yaxşı koordinasiya nümayiş etdirəcəklər. Yəni
əvvəlcədən razılaşdırılmışdı ki, Azərbaycan tərəfi bacardığı qədər
qətnamənin qəbuluna əngəl törətməlidir.
Ona görə də Bahar Muradova və digərləri bütün cəhdlərlə qətnamənin
əleyhinə çıxdılar və bu sənədə etiraz etdilər. Indi isə Bahar Muradova
deyir ki, bu sənədi presedent kimi qəbul edirik və alqışlayırıq.
Bizim hökumətimiz bir neçə gün öncə “qarğış”ladığı sənədi, indi alqışlayacaq qədər siyasi “bacarığ”a sahibdir.
Görünür, balanslı siyasət elə bəladır ki, əleyhinə səs verdiyin qətnaməni yüksək qiymətləndirə bilirsən.
Short URL: http://www.cumhuriyyet.net/?p=9252