Əhməd Əhmədzadəyə siyasi xəyanət ittihamı

08.07.2014 - 04:05

Keçmiş Partiya Komitəsinin məmurunun önəmli müxalifət
partiyasına maliyyə yardımı etdiyi üzə çıxıb

Keçmiş Partiya Komitəsinin məmurunun önəmli müxalifət
partiyasına maliyyə yardımı etdiyi üzə çıxıb

 

Bu gün
yerli ekspertlərin bir çoxu açıq şəkildə bəyan edirlər ki, Əhməd Əhmədzadənin rəhbərlik
etdiyi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyəti şəffaf olmadığından
sözügedən qurumda külli miqdarda yeyinti halına yol verilir. Məsələn, mütəxəssislərin
hesablamalarına görə, 2004-2011-ci illərdə dövlət büdcəsindən (2010-cu ildə
ayrılan əlavə vəsaitlər nəzərə alınmır) adıçəkilən ASC-yə 1,1 mlrd manat
(2004-cu ildə 39,4 mln AZN, 2005-ci ildə 48,6 mln, 2006-cı ildə 67,3 mln,
2007-ci ildə 141,1 mln, 2008-ci ildə 153,3 mln, 2009-cu ildə 199,2 mln, 2010-cu
ildə 205,8 mln və 2011-ci ildə 219,2 mln) vəsait ayrılıb.

Söz yox
ki, bütün bu vəsaitlərdən sonra ölkədə su balansı normal vəziyyətdə saxlanmalı
idi. Lakin son illərin acı təcrübəsi bir daha təsdiqlədi ki,  “Meliorasiya və Su Təsərrüfatı” ASC və ona rəhbərlik
edən Əhməd Əhmədzadə vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Ola bilər
ki, bu məqamda kimlərsə bizimlə razılaşmasın. O zaman məhz bu suala məntiqli
cavab tapmağa çalışın: Əgər həqiqətən də ASC-yə ayrılmış 1,1 mlrd manat aidiyyəti
üzrə xərclənibsə, onda bəs, hanı işin keyfiyyəti?..

Fəhləlikdən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin
sədr postuna gedən yol

Məhz bu
məqamda, Əhməd Əhmədzadə barəsində qısa da olsa bəzi məlumatları diqqətinizə
çatdırmaq istərdik. Beləliklə, cumhuriyyet.az hökumətin daha bir yaşlı kadrının ilginc dosyesini araşdırıb. 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində
anadan olmuş Əhməd Cuma oglu Əhmədzadə 1961-ci ildə Qaxmuğal kənd orta məktəbini,
1966-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib və mühəndis-hidrotexnik
ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər
Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat
Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967-1975-ci illərdə
Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində
işləyib. 1975-1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin
sədri olub. 1976-1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər
Akademiyasında ali partiya-siyasi təhsili alıb, 1978-1980-ci illərdə Abşeron
rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1987-ci illərdə
Azərbaycan KP Füzuli rayonu RK-nın birinci katibi, 1987-1991-ci illərdə Azərbaycan
KP Şəmkir rayonu RK-nın birinci katibi, 1991-ci ildə Şəki şəhər Partiya Komitəsinin
birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə
Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1981-1995-ci illərdə
Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1993-2004-cü illərdə Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin
sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş
direktoru, 2006-cı ildən isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin
sədridir.

Qaxda külli ixtiyar sahibi kimdir?

Aldığımız
məlumatlara görə, Əhməd Əhmədzadənin ölkənin şimal-qərb rayonlarında, daha dəqiq
desək, Zaqatala, Balakən, əsasən Qaxda qiyməti milyonlarla manat ölçülən
villaları, nəhəng biznes obyektləri var. Bu barədə məlumat verən mənbənin
bildirdiyinə görə, bu gün qaxlılar öz aralarında mütəmadi olaraq bu kəlməni işlədirlər:
Əhmədzadələr Qaxın sahibləridir. rayonda ən iri restoranlar, istirahət mərkəzləri,
mağaza və dükanlar məhz onlara aiddir.

Əslən
Qazax rayonundan olan Qax rayon İcra Hakimiyyətinin keçmiş başçısı Abbas
Göyüşovun rəhbərliyi dövründə rayonun əhalisinin hərtərəfli sıxıntı çəkdiyini
deyən mənbənin sözlərinə görə, bu gün də təxminən, eyni vəziyyət hökm sürür.
Belə ki, hələ də əhalinin içməli su ilə tam təmin olunması istiqamətində ciddi
işlər görülməyib. Taxılçılıqda məhsuldarlıq əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq
dərəcədə azalıb: “Bildiyiniz kimi, Qax həm də abidələr yurdudur. Lakin mövcud
tarixi abidələrin araşdırılması, mühafizəsi istiqamətində önəmli tədbirlər həyata
keçirilmir. Zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, “Şəfa”
istirahət və müalicə pansionatı, “İlisu” pansionatı, “Yaşıl park”, “Ulu”,
“İmproteks”, “Ballı bulaq”, “Qafqaz”, “Eden” Park hotel, “Səngər qala” istirahət
mərkəzi, “El resort” beş ulduzlu otel, “Ulu dağ” turizm mərkəzləri fəaliyyət
göstərir. Lakin onların böyük əksəriyyəti məhz Əhməd Əhmədzadənin
kurasiyasındadır”.

Rayondakı turizm obyektlərilə Əhməd Əhmədzadəni nə
birləşdirir?

Bu gün
Qaxda 53 bələdiyyənin fəaliyyət göstərdiyini deyən mənbənin sözlərinə görə,
onların böyük əksəriyyətində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinə
yaxın olan adamlar təmsil olunur. Mənbə rayonda mövcud olan turizm obyektləri
barədə məlumat verərkən bunları dedi: “Şəfa” istirahət və müalicə pansionatının
rəhbəri Saadov İftixar Rəfael oğludur. Pansionat 130 yerlikdir. Pansionatda
istirahət yollayış əsasında təmin edilir. Yollayışın qiyməti 540 manatdır.
“Yaşıl Park” istirahət mərkəzi isə 2005-ci ildə istismara verilib. İlisu kəndində
yerləşir və bura Allahverdiyev Rəsul Aydın oğlu rəhbərlik edir. “İlisu”
Pansionatının rəhbəri isə Nizami Haşımovdur. “Ulu dağ” istirahət kompleksi də
2005-ci ildə istismara verilib. Buranın rəhbəri isə Əhmədov Zabit Mahmud
oğludur. “Eden” Park hotel də İlisu kəndində yerləşir. 2008-ci ildə fəaliyyətə
başlayıb. rəhbəri Bayramov Hüseyn Mətləb oğludur. Qaxbaş kəndində yerləşən 5
ulduzlu “El resort” beş ulduzlu otel isə Malik Şabanovun rəhbərliyi altında fəaliyyət
göstərir. Həmçinin, bu gün Qaxbaş kəndi ərazisində “Migidana” restoranı,
rayonun Ü.Hacıbəyov küçəsində “Gülnur” və V.Eyvazov küçəsində “Qafqaz”
restoranları fəaliyyət göstərir. Və bunların hamısı Əhməd Əhmədzadəyə və onun ətrafına
yaxın olan şəxslərdir. Odur ki, bu gün Qax rayonu bütünlüklə Əhməd Əhməzadənin
şəxsi mülkiyyətinə çevrilib.

Hələ bu
harasıdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədrinin Qaxın müxtəlif yerlərində
bir neçə əzəmətli villası var. Bundan başqa, hazırda Əhməd Əhmədzadənin
yaxınlarının bir çoxu rayonda mövcud olan bütün sektorlarda – səhiyyə, təhsil və
digər bir sıra önəmli sahələrdə rəhbər vəzifələrdə çalışırlar…”

Əhməd Əhmədzadənin səhhəti vəzifəsini icra etməyə
imkan vermir?

Diqqət
yetirmisinizsə, son vaxtlar Əhməd Əhmədzadə ilə bağlı yeni və eyni zamanda,
olduqca ilginc məlumatlar dolaşmaqdadır. Qeyd olunur ki, “Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin sədrinin səhhətində ciddi problem yaranıb. Bildirilir ki, bir müddət əvvəl
beyin insultu keçirən Əhməd Əhmədzadəni həkimlər ölümdən qaytarıb. Hazırda onun
vəziyyətinin o qədər də yaxşı olmadığını deyən mənbənin sözlərinə görə, həkimlərin
qənaətincə, Əhməd Əhmədzadənin səhhəti vəzifəsini icra etməyə imkan vermir. Bu
baxımdan, onun yaxın vaxtlarda vəzifədən azad olunacağı ehtimal olunur. Mənbənin
sözlərinə görə, artıq məsələ ilə bağlı yuxarı dairələr də məlumatlandırılıb.

Məsələ
ilə bağlı əldə etdiyimiz digər bir məlumatda isə birmənalı şəkildə bildirilir
ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri Əhməd Əhmədzadə bu il baş
tutacaq kadr islahatları çərçivəsində istefaya göndəriləcək. Amma Əhmədzadə
haqda verilən siyasi qərar onun səhhəti və ya ölkənin melorasiya sistemində baş
verən korrupsiya ilə bağlı deyil.

Bu barədə
məlumat verən mənbənin sözlərinə görə, Əhməd Əhmədzadənin öz postuna əlvida deməsinə
əsas səbəb onun hakimiyyət daxilindəki siyasi xəyanətidir. Belə ki, adıçəkilən
məmurun müxalifətlə ciddi işbirliyi ortaya çıxıb. Bu haqda bizi məlumatlandıran
mənbənin sözlərinə görə Əhmədzadə ölkənin nüfuzlu müxalif partiyalarından birinə
maliyyə yardımı göstərir: “AXC hakimiyyəti dönəmində Əhmədzadəyə toxunulmayıb və
indi bunun əvəzi qaytarılır. Uzun illərdir ki, bu əlaqələr mövcuddur. Əhmədzadə
sözügedən maliyyə yardımını  şəxs adına,
onunla həmyerli olması bəhanəsi ilə etsə də bu dəstəyin siyasi anlamı çox sərtdir”.
Mənbəmiz konkret adlar və ünvanlar çəksə də biz müxalif düşərgədə yeni siyasi
qalmaqal yaratmamaq üçün bu adları çəkmirik. Amma hakimiyyətin yuxarı eşalonuna
artıq bu əlaqalər bəllidi və Əhmədzadə haqda konkret siyasi qərar verilib.

 

Çingiz
Coşqun

Short URL: http://www.cumhuriyyet.net/?p=9373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31