Mehdiyevin sitatı ilə Avropaya hücum

12.07.2014 - 11:28
Rəsmi dövlət qəzeti  Avropanı “top”a tutdu

Azərbaycandakı real vəziyyətin dünya müstəvisinə çıxması və ölkə
həqiqətlərinin açıq şəkildə ifadə olunması hakimiyyəti  pərt vəziyyətə
saldı. Həm AŞPA-nın sessiyasında, həm ATƏT PA-nın Bakı sessiyasında
hakimiyyət çətin suallarla üzləşdi və növbəti dəfə dünyaya yalan sıramaq
mümkün olmadı.
Həm ölkədəki anti-demokratik vəziyyət, həm siyasi
məhbus məsələsi, həm də korrupsiya halları geniş müzakirə olundu və
Azərbaycan hakimiyyətinə mesaj verildi ki, demokratiyanın alternativi
yoxdur və Moldova, Gürcüstan, Ukraynadan sonra  demokratiyanın növbəti
dayanacağı Azərbaycan olacaq. Hakimiyyət isə bu tendensiyadan bərk
narahat olub və əks hücuma start verib.

Son günlər hökumət qəzetlərində anti-Qərb kampaniyasının güclənməsi
onu göstərir ki, Qərblə münasibətlər biz düşündüyümüzdən də pis
həddədir.
Artıq 3 gündür ki, “Azərbaycan” qəzetində “Demokratik
inkişafın Azərbaycan nümunəsi” başlıqlı silsilə məqalələr dərc olunur.
Yazıya diqqət edəndə yalanı üzə çıxmış adamın  əsəbi şəkildə “yaxşı
eləmişəm” etirafını görmək olur.

Məqalənin girişi hər dəfə Ramiz Mehdiyevin sitatları ilə başlayır və
Ilham Əliyevin çıxışları ilə davam etdirilir. Bir sözlə məqalənin hər
cümləsində Ramiz Mehdiyevin nəfəsi hiss olunur.

Birinci yazıda “Amnesty International”, “Freedom House”,
“Article-19”, “Human Rights Watch”, “Norveç Insan Haqları evi” kimi
təşkilatlar beynəlxalq hüququ iflic vəziyyətə salmaqda və qərəzli mövqe
tutmaqda ittiham edilir. Daha sonra ATƏT PA-nın Bakı sessiyasında Ilham
Əliyevi demokratiya imtahanına çəkənlər çirkin kampaniyada
günahlandırılır və Azərbaycana qarşı savaş açıldığı bildirilir.

“Əslində, iqtisadi böhranın dərinləşdiyi, sosial problemlər
səbəbindən kütləvi iğtişaşların baş verdiyi, aksiyaların son zərurət
həddini aşan vasitələr – rezin güllələr, “bibər qazı” ilə dağıdıldığı
Ingiltərə, Yunanıstan, Ispaniya, Italiya, Almaniya və digər Avropa
ölkələrindən fərqli olaraq, Azərbaycanda son illərdə qeyri-adi,
“təxirəsalınmaz” müzakirəyə ehtiyac duyulan hansısa fövqəlhadisə baş
vermir” – deyə məqalədə vurğulanır.

Artıq vəziyyət o həddə çatıb ki, hakimiyyət Avropanı sərbəst toplaşma
azadlığına imkan verməməkdə qınayır. Yəqin, bu “arqument”lərə
avropalılar gülür. Öz ölkəndə müxalifət partiyasının qərərgahını
partladıb, partiyanın kiçik tədbirlər keçirməsinə imkan vermədiyin
halda, Avropanı ittiham etmək arqumentlərin öldüyü reallıqdır.

Daha sonra Ramiz Mehdiyevin sitatlarından güc alan məqalədə yazılır
“Avropa Şurasının Nazirlər Kobinetinə sədrlik edən ölkənin rəhbəri kimi
AŞPA-da çıxış edən Prezident əslində, özündən müştəbeh deputatlara dərs
keçdi. Onlara demokratiya və insan hüquqları, beynəlxalq hüququn
qorunması və qəbul edilən qətnamələrin icra vəziyyəti ilə bağlı
mövzularda boşboğazlıqla yox, real fəaliyyətlə iş görməyin gərəkliliyini
başa saldı”.

Bütün dünya gördü ki, Ilham Əliyev AŞPA-da imtahan verdi və “2”
aldı.  Məqalə müəllifi isə “sinifdə qalan” prezidentin, dərs keçdiyini
iddia edir. Yəqin ki, dünya bu günə qədər özünətəsəllinin bu formasını
görməyib.

Məqalənin başqa bir hissəsində yazılır: “Bu gün Avropa böyük
burulğanın içindədir. Qitə dövlətlərinin əksəriyyətində iqtisadi
böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına
qarşı yönəlmiş tədbirlər həyata keçirilir. Insanlar iş yerlərini itirir,
dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir.
Bütün bunların fonunda Azərbaycanın analoqu olmayan dinamik iqtisadi
inkişaf yolu keçməsi, görünür, Avropada bəzi dövlətləri, qüvvələri
əməlli-başlı qayğılandırır”.

Hakimiyyət elə kritik vəziyyətə düşüb ki, Avropanı maaşların
azlığında, sosial hüquqlara təminat verməməkdə ittiham edir. Əvvəla
həmin ölkələrdə fəaliyyət göstərən bir telefon şirkətinin büdcəsi,
Azərbaycanın büdcəsindən çoxdur. Digər tərəfdən Avropada kasıb vətəndaşa
verilən sosial müavinətin 6 ayını vətəndaşdan rüşvət kimi geri
almırlar. Maaş məsələsini qabartmaq isə özünüifşadır. 20 ildir analoqu
olmayan hakimiyyət, müəllimin maaşını 150- 200 manatdan yuxarı qaldıra
bilmir.

Məqalə müəllifi hər yerdən ümidi kəsiləndən sonra isə, Avropanı
IŞID-in yaranmasında günahlandırır və bu prosesi Əfqanıstan, Iraq
ssenarisinin davamı kimi qiymətləndirir.

Sonda isə bildirilir ki, Azərbaycan Avropa ilə əməkdaşlıqda
maraqlıdır və bunu xarici siyasətin əsas prioritetlərindən biri kimi
elan edib.
Görünür, balanslaşma siyasətinin əsas fəlsəfəsi
paradokslardan ibarətdir. Avropanı bütün pisliklərdə ittiham edib, sonra
Avropa ilə əməkdaşlığı prioritet hesab etmək  “siyasi şedevr”di.

Bir sözlə, hakimiyyət Avropanın vurduğu  “tərs şillə”nin ağrısını
hələ də unutmayıb və siyasi məğlubiyyətin acısını Avropanı söyməklə
xəfiflədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9482

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31