Maksim Musayevdən YAP rəhbərlərinə ağır ittihamlar

12.07.2014 - 19:31
“YAP-ı bu adamlar indiki tənəzzül vəziyyətinə gətirib çıxarıb”
“İlham Əliyevin yürütdüyü xarici siyasət bəzən hətta Heydər Əliyevin gördüyü işlərdən də üstün təsir bağışlayır…”

“YAP-ı bu adamlar indiki tənəzzül vəziyyətinə gətirib çıxarıb”

“İlham Əliyevin yürütdüyü xarici siyasət bəzən hətta Heydər Əliyevin gördüyü işlərdən də üstün təsir bağışlayır…”

Hakim Yeni Azərbaycan Partiyasındakı (YAP) sakitliyi öz gurultulu
bəyanat və açıqlamaları ilə ara-sıra pozan Maksim Musayev partiya
rəhbərliyindəki şəxslərin ünvanına yenidən ittihamlar səsləndirib.
Milli
Məclisin və YAP Siyasi Şurasının keçmiş üzvü, Xızı rayonunun sabiq icra
başçısı olan Maksim Musayev virtualaz.org saytına müsahibəsində
bildirib ki, o, heç vaxt YAP-ın özünə qarşı çıxmayıb, amma partiyanın
rəhbərliyində yer alan şəxsləri, daha konkret desək, Əli Əhmədovu, Eldar
İbrahimovu və Siyavuş Novruzovu tənqid edib və bundan sonra da tənqid
edəcək.
“Çünki ölkənin ən böyük siyasi təşkilatı olan YAP-ı məhz
bu adamlar – Əli Əhmədov, Eldar İbrahimov və Siyavuş Novruzov indiki
tənəzzül vəziyyətinə gətirib çıxarıb. Partiyadaxili diskussiyalar,
siyasi dialoq mühiti məhz bu adamların səyləri ilə praktiki olaraq məhv
edilib. Halbuki YAP-ın yarandığı illərdə rəhmətlik Heydər Əliyev siyasi
plüralizmin və partiyadaxili demokratiyanın çox böyük rol oynadığını
dəfələrlə və dönə-dönə vurğulayırdı. Deyirdi ki, bunlar olmasa, səmərəli
fəaliyyət göstərmək mümkün olmayacaq. Adını çəkdiyim adamlar indi cavab
versinlər görək, onlar o böyük liderimizin bu tövsiyə, nəsihət və
vəsiyyətinin ziddinə gedərək partiya daxilindəki demokratik təsisatları,
demokratik mühiti niyə məhv etdilər” – deyə uzun illər mərhum prezident
Heydər Əliyevlə işləyən, onu yaxşı tanıyan və YAP-ın banisinin
partiyanın qarşısında hansı vəzifələri qoyduğunu, təşkilatı nələrdən
qorumaq istədiyini yaxşı bildiyini deyən M.Musayev sual edir
Bir
vaxtlar YAP-ın yaradılmasında fəal iştirak edən partiya veteranı
bildirir ki, o, bu gün özünü bəzən hətta heç YAP üzvü də adlandırmaq
istəmir: “Mən Heydər Əliyev Partiyasının üzvüyəm və ömrümün sonuna qədər
də belə qalacağam”.
M.Musayev öz partiyadaşlarının ünvanına ağır
ittihamlar da səsləndirdi: “Biz bu partiyanı yaradanda Əli Əhmədovla
Siyavuş Novruzov harada idilər? O zaman müxalifət düşərgəsinə sığınan
Əli Əhmədov bizi, ilk YAP-çıları yeri gəldi-gəlmədi söyür, hər şeyə görə
günahlandırırdı. İllər sonra mən Etibar Məmmədovdan soruşdum ki, AMİP
Əli Əhmədovu öz sıralarından niyə xaric etdi. Etibar Məmmədov da dedi
ki, Əli Əhmədov öz vəzifəsinin öhdəsindən sadəcə olaraq gələ bilmirdi,
ona görə çıxardıq. YAP Əli Əhmədovun üzv olduğu artıq üçüncü partiyadır.
O, AMİP üzvü olana qədər də kommunist idi. Mən bunu qətiyyən istisna
etmirəm ki, əgər nəsə bir hadisə baş versə, Əhmədov o dəqiqə YAP-ı da
tərk edib başqa bir partiyaya keçəcək. Qısası, Əli Əhmədov kimi
adamlardan ötrü heç bir prinsip mövcud deyil. Buna görə də Əhmədov və
onun kimilər mənim partiyanın həyatında iştirak etməyimi istəmirlər.
Gözəl bilirlər ki, susmayıb onların iç üzünü açacam. Əli Əhmədov mənim
yerlim olsa da bekara adamdır”.
YAP-ın veteranı partiyanın indiki
rəhbərləri barədəki sərt tənqidi fikirlərini belə davam etdirdi: “Bizim
YAP-ın yaradılması uğrunda necə mübarizə apardığımızı partiyanın bütün
ağsaqqalları yaxşı bilirlər. Rəhmətlik partiyadaşlarım və məsləkdaşlarım
Murtuz Ələsgərov, Sirus Təbrizli, Rəfael Allahverdiyev ölkəmizin həmin
ağır günlərində sadəcə olaraq inanılmaz mətanət və dəyanət göstərdilər.
Rəhmətlik Heydər Əliyev öz əzəməti və dəyanəti ilə bizə nümunə göstərir,
ilham verirdi. O, bizə böyük hörmətlə yanaşır, bizi həmişə diqqətlə
dinləyir, dəstəkləyib müdafiə edir, bizimlə məsləhətləşirdi. Bəs Siyavuş
Novruzov onda harada idi? Təmizini deyim ki, Siyavuş Novruzov o vaxtlar
bizimlə sadəcə salamlaşmağı da özünə böyük şərəf bilirdi. İndiki YAP
bizim o vaxt yaratdığımız YAP-dan onunla fərqlənir ki, biz Əli Əhmədov,
Siyavuş Novruzov kimiləri o zaman hətta qapıdan içəri buraxmırdıq”.
M.Musayevin
sözlərinə görə, onu daha çox narahat edən məsələ başqadır: “Məni
hiddətləndirən odur ki, partiya funksionerləri burnunun ucundan uzağı
görə bilməməsi ilə prezidentin Azərbaycanın dünyadakı mövqelərini
gücləndirmək üçün göstərdiyi titanik səylərə mane olurlar. İlham Əliyev
çox müdrik xarici siyasət yürüdür. O, Azərbaycanı dəfələrlə müxtəlif
təhlükələrdən xilas edib. Hətta bunu da çəkinmədən demək istəyirəm ki,
İlham Əliyevin yürütdüyü xarici siyasət bəzən hətta Heydər Əliyevin
beynəlxalq aləmdə gördüyü işlərdən də üstün və uğurlu təsir bağışlayır.
Amma təəssüf ki, bunu daxili siyasət barədə deyə bilmərəm. Ölkədə
korrupsiya və məmur özbaşınalığı problemi hələ də həll olunmayıb. Məncə,
prezidentimiz bütün bu məsələlərdə daha qətiyyətli, kadrlar seçərkən
isə daha diqqətli olmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9497

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31