Əli Kərimli 21 illik Əliyev rejiminə 1 illik Milli hakimiyyətlə cavab verdi

15.07.2014 - 01:26

“Sizin prezident ölkənin qızıl yataqlarını,
banklarını, milyardlıq şirkətlərini övladlarına verir, bizim prezident
isə təzə ayaqqabı istəyən qızına maaşını almağı gözləməyi məsləhət
görürdü”

 

AXC hakimiyyətinin devrilməsindən 1 ay qabaq dövlət katibi təyin
olunmuşdum. Cəmi 1 ay bu vəzifədə işləyə bilmişdim ki, hökumətimizə
qarşı qiyam başladı. İkinci ayı da işlədim. Amma artıq iş imkanı yox
idi. İkinci ay qiyama, dövlət çevrilişinə müqavimət ayı idi. Dövlət
katibi təyin olunmazdan qabaq isə Prezident Aparatında şöbə müdiri
vəzifəsində çalışırdım. Həm şöbə müdiri, həm də dövlət katibi işlədiyim
müddətdə AXC hakimiyyətinin səhvlərini açıq tənqid edirdim. Sonradan
cəmiyyətin müəyyən hissəsinin AXC hökumətinə səhv tutduğu bəzi
hərəkətləri mən o zaman hökumətdə ola-ola tənqid edirdim. Tənqidlərim
səmimiyyətdən doğurdu. Bilirdim ki, AXC hökuməti xalqımıza böyük xidmət
göstərir. Amma inanırdım ki, bəzi məmurların, nazirlərin yersiz,
avantürist hərəkətlərinin qarşısını qətiyyətlə almaqla bu xidməti daha
da təkmilləşdirmək olar. 

Hakimiyyətdən devrildikdən sonra da AXC-də islahatlar aparılmasına
təkid edirdim. Rəhmətlik Əbülfəz bəylə dəfələrlə müzakirələr aparmışdıq
ki, AXC-nin bir illik hakimiyyətinin yaxşı işləri öz yerində, amma
müəyyən səhvlərinin də olduğu etiraf edilməlidir. Bu səhvləri AXC (
AXCP)-nin quracağı gələcək hökumətlərin təkrar etməməsi üçün
partiyamızda ciddi islahatlar həyata keçirilməlidir. İlk növbədə AXC
hökumətində öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməmiş şəxslər
hərəkətlərinə görə siyasi məsuliyyət daşımalıdırlar.

Belə də oldu. Həmin şəxslər ya AXC-dən xaric edildilər, ya da AXCP-yə
üzv olmalarına imkan verilmədi. Bu məsələlərdəki prinsipial mövqeyimə
görə partiya daxilində mənə qarşı qruplaşma da yaranmışdı. Sonradan,
Əbülfəz bəy rəhmətə gedəndən sonra partiyamızda müəyyən parçalanma da
oldu. Baxmayaraq ki, bu parçalanmadan sonra biz də, bizdən ayrılmış
digər qrup cəbhəçilər də özümüzü məhz AXCP adlandırırdıq, ancaq
ictimaiyyət, mətbuat bizi islahatçı cəbhəçilər, bizdən ayrılmış qrupu
isə klassik cəbhəçilər adlandırırdı. Bu vəziyyət illərlə davam etdi.
Nəhayət, cəbhənin o biri hissəsinin adının qarşısına rəsmən “klassiklər”
yazıldı. Bu adla da qeydiyyatdan keçdilər. Bizim də “islahatçılar”
olduğumuz beləliklə, “unuduldu”. Biz olduq sadəcə, AXCP. 

Bunları ona görə xatırlatdım ki, mən də daxil olmaqla bugünkü AXCP
rəhbərliyinin AXC-nin 1 illik iqtidarı zamanı görülən nə müsbət işlərdə,
nə də yol verilmiş səhvlərdə payımız, rolumuz böyük olub. AXCP-də ciddi
nəsil dəyişikliyi baş verib. Bu səbəbdən mən də, indiki AXCP komandası
da AXC-nin 1 illik hakimiyyəti ilə bağlı müzakirələrdən kənarda qala
bilərdik. Amma AXC iqtidarı ilə bağlı çoxsaylı, qərəzli yalan və
böhtanlara cavab olaraq həmin hökumətin 1 il ərzində gördüyü böyük
işlərdən yazmaq qərarına gəldim.

Əvvəl istədim ki, 21 ildir AXC-nin 1 illik iqtidarını asıb-kəsənlərə
qısaca deyim: “Nə istəyirsiz? Sizin prezident ölkənin qızıl yataqlarını,
banklarını, milyardlıq şirkətlərini övladlarına verir, bizim prezident
isə təzə ayaqqabı istəyən qızına maaşını almağı gözləməyi məsləhət
görürdü”. Başa düşən üçün elə bu, kifayətdir axı. Amma yox, başa
düşməyənlər də xeylidir. Ona görə də AXC hakimiyyətinin cəmi 1 il
ərzində gördüyü işlərdən yazıram. Xüsusilə gənclər üçün.

Beləliklə, “Gəlmişdiz də, gördük” deyənlər bunları niyə görmədi?

1. Bilirəm, hökumətin həqiqi vətənpərvərlərə divan tutmaq və Qarabağı
unutdurmaq siyasəti onunla nəticələnib ki, indi bu mövzu ölkəmizdə
nəinki prioritet deyil, heç xeyli adam üçün təəssüf, maraqlı da deyil.
Amma mənim üçün Qarabağ mövzusu prioritet olaraq qalır. Ona görə də ilk
növbədə AXC hökumətinin Qarabağ siyasəti haqda.

AXC-nin bir illik hakimiyyəti zamanı Qarabağın geri qaytarılması
uğrunda hər gün gərgin mübarizə aparılırdı. Bizdən əvvəl ordu yox idi.
Savaş gedə-gedə ordu formalaşdırılırdı. Bəli, itki də verirdik,
əsgərlərimiz şəhid olurdu. Amma itki vermədən torpaqları işğalçıdan necə
təmizləmək olardı ki? Gözümüzün qabağında ukraynalılar vətənlərini
qorumaq üçün savaşıb itki vermirlərmi? Həm də biz xalqın uşaqlarını
orduya göndərib, qaçıb-gizlənmirdik, şəhid olanların böyük bir hissəsi
elə könüllü olaraq cəbhəyə getmiş AXC üzvləri idi. Hər halda şəhidlərin
arasında bir nəfər də YAP-çı yox idi. Qarabağın 40%-i artıq düşməndən
azad edilmişdi. Laçın və Şuşanın əksər kəndləri geri alınmışdı.
Ermənilər Qarabağdan kütləvi şəkildə köçürdülər. Hətta daxili xəyanət və
Rusiyanın açıq dəstəyilə (AXC hakimiyyətinin son aylarında) Kəlbəcər
işğal olunsa da, hərbi balans bizim xeyrimizə idi. Diplomatik sahədə
mövqeyimiz o qədər güclü idi ki, indi də öyündüyümüz BMT Təhlükəsizlik
Şurası Kəlbəcərin işğalından sonra qətnamə qəbul edərək rayonun
qeyd-şərtsiz azad olunmasını tələb etmişdi və ən maraqlısı, Ermənistan
bu qətnaməni yerinə yetirəcəyini rəsmən qəbul etmişdi – Kəlbəcərin 2 ay
ərzində azad olunmasını nəzərdə tutan yol xəritəsi ilə razılaşmışdı.
Təbii ki, iyun qiyamı erməniləri bu öhdəliklərini yerinə yetirməkdən
xilas etdi. O zaman müharibədə vasitəçilik missiyasını “üçtərəfli
təşəbbüs” adı ilə ABŞ, Rusiya və… təəccüblənməyin, Türkiyə həyata
keçirirdi. Bəli, Azərbaycanın hərbi, diplomatik mövqeyi o qədər güclü
idi ki, Ermənistan Türkiyənin vasitəçiliyinə razılaşmağa məcbur olmuşdu.
Siz bu boşboğazların diplomatik uğurlar haqda nağıllarını qoyun bir
tərəfə, 20 il hakimiyyətdə olandan, 100 milyard dollarlıq neft satandan
sonra belə YAP hakimiyyəti Türkiyəni həmsədrlər arasına qaytara bilərmi?

2. Azərbaycan hökuməti həmin bir ilin ərzində Rusiya qoşunlarının
ölkəmizdən çıxarılmasına nail oldu. Elə bir vaxtda ki, Rusiya qoşunları
hələ Berlin və Varşavanı tərk etməmişdi. Bunun nə qədər böyük hadisə
olduğunu başa düşmək üçün Rusiyanın 2008-ci ildə Gürcüstanla, bu il isə
Ukrayna ilə necə rəftar etdiyini xatırlamaq lazımdır. Bir anlığa
təsəvvür edin ki, bizim hökumət Rusiya ordusunu ölkədən çıxarmamışdı. O
halda bu ölkənin müstəqilliyi real olardımı?

3. AXC hakimiyyətə gələndə ölkədə ciddi iqtisadi böhran var idi. 3-4
ay idi ki, dövlət vətəndaşlara əmək haqqı verə bilmirdi. Zəruri ərzaq
məhsulları əhaliyə talonla verilirdi. İqtisadiyyat hər ay əvvəlki aya
nisbətən daha da kiçilirdi. Dövlət rezervi adına cəmi 1.5 milyon dollar
ehtiyat var idi. AXC hökuməti əmək haqqı borclarını tezliklə ödədi.
Dövlət ehtiyatlarını 101 dəfə artıraraq 156 milyon dollara çatdırdı.
Təqribən 4 tona yaxın qızıl və digər qiymətli daşlardan ibarət
Ləl-Cəvahirət Fondu yaratdı. Cəmi 3-4 ayın ərzində dövlətin tam nəzarət
etdiyi iqtisadi sistemdən bazar iqtisadiyyatına keçidi təmin edəcək
iqtisadi islahatların hüquqi bazası yaradıldı. Bu məqsədlə 35 qanun
qəbul edildi. Cəmi 10 aya iqtisadi böhran durduruldu. İqtisadiyyatda
artım başladı.

4. Bütün dövlət idarələrinin qapıları vətəndaşların üzünə açıq idi.
Prezident də daxil olmaqla vəzifəli şəxslər (kiçik istisnalarla) hər gün
vətəndaşları qəbul edirdi. Ciddi siyasi islahatlar aparılırdı.
Demokratik dövlət quruluşunun hüquqi bazası yaradılırdı. Siyasi
partiyalar haqda, ictimai təşkilatlar haqda, mətbuat haqda, həmkarlar
ittifaqları haqda və s. demokratik qanunlar qəbul edildi. Sonralar həmin
qanunları mürtəceləşdirmək üçün Əliyevlər hakimiyyəti illərlə çalışmalı
oldu. Müxalifət partiyalarının nəinki Bakıda, regionlarda da qərargahı
var idi. Ana müxalifət partiyası olan AMİP öz qızıl dövrünü yaşayırdı.
Parlamentdə müxalifətin iştirakı ilə aparılan müzakirələr televiziyada
göstərilirdi. Parlamentdən kənarda da televiziyada müxalifətin iştirakı
ilə polemikalar aparılırdı.

5. Məhkəmələrin müstəqilliyi haqda qanun qəbul edilmişdi. Digər
hakimiyyət qollarından asılı olmayan müstəqil məhkəmə hakimiyyəti
formalaşırdı. İcra hakimiyyəti başçılarının, nazirlərin sərəncamlarının
məhkəmələr vasitəsilə ləğv olunması adi hal almışdı. İndi belə bir şeyi
təsəvvür edə bilirsinizmi?

6. AXC hökuməti təhsilə xüsusi diqqət yetirirdi. O, ali məktəblərə
qəbulda test üsulunu tətbiq etdi. Yalnız bu yolla 60-70-ci illərdə ali
məktəblərdə kök salmış təhsil mafiyasının əl-qolunu yığışdırmaq olardı.
Amma həmin mafiya da bizdən qisasını aldı. Baxmayaraq ki, müharibə gedən
bir ölkədə təhsil işçilərinin əmək haqqı (indiki kimi 10-15% yox) 3
dəfə artırılmışdı, Heydər Əliyev YAP-ı yaratdığını elan etdikdən sonra
təhsil mafiyasının gözünə işıq gəldi. “Rüşvətdən anlamayanlardan”
canlarını qurtarmaq üçün KQB generalının başına yığışmağa başladılar.
Amma AXC hökumətinin təhsil islahatları ardıcıl idi. Bir ilin ərzində
dərsliklər yenidən yazıldı. Ən vacibi isə olduqca mütərəqqi təhsil
qanunu qəbul edildi. Həmin qanun universitetlərə muxtariyyət verirdi.
Təbii ki, sonra gələn hakimiyyət o qanunu əvvəl tətbiq etmədi, sonra da
öz standartlarına uyğunlaşdırdı. Yaxşı nəticə göstərən abituriyentlər
kütləvi şəkildə və dövlət hesabına Türkiyə universitetlərinə oxumağa
göndərilirdi (əvvəlki illərdə ingilis dili yaxşı tədris olunmadığından, o
vaxtkı abituriyentlər ingilisdilli ali məktəblərdə oxuya bilməzdilər).

7. Sonradan Əliyevlər hakmiyyətinin uzun illər ərzində öyünəcəyi
xarici şirkətlərlə neft müqaviləsi də məhz o zaman hazırlanmışdı.
Müqavilə 1993-cü il iyun ayının 30-da imzalanmalı idi. Qiyam imkan
vermədi. Qiyamla hakimiyyətə gələnlər isə müqavilənin imzalanmasını
əvvəlcə təxirə saldılar, sonra hazır müqaviləni Azərbaycanın əleyhinə
xeyli dəyişdilər (bu barədə ayrıca yazaram) və 1994-cü ildə imzaladılar.
Uzun illər barəsində boğazdan yuxarı bəlağətli çıxışlar etdikləri
Bakı-Ceyhan neft boru kəmərinin çəkilməsi də AXC hökuməti tərəfindən
qərarlaşdırılmışdı. 1993-cü ilin martında bu barədə Əbülfəz Elçibəy və
Süleyman Dəmirəl razılıq əldə etmişdilər. 9 mart 1993-cü ildə isə
prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Bakı-Ceyhan boru kəmərinin
müqaviləsinin hazırlanması üzrə işçi qrupu yaradılmışdı.

8. Başa düşürəm ki, feysbuk statusu üçün çox böyük alındı. Ona görə
də yazını yekunlaşdırıram. Amma sonda bir məsələni yazmaqla.
Əleyhdarlarımızın tez-tez bəhs etdiyi “Gecələr bayıra çıxa bilmirdik,
şəhərdə atəş açılırdı. Bakıda əli avtomatlılar gəzirdi” söhbətinə də
aydınlıq gətirmək istəyirəm. Qəsdən tarixi təhrif edirlər. Şəhərdə atəş
səsləri, müxtəlif silahlı qrupların yaratdığı qorxu mühiti AXC
hökumətindən əvvələ və AXC hökumətinin ilk aylarına aid idi. AXC
hökuməti ilk 3 ayda həmin qruplaşmaları – qanunsuz silahlı dəstələri
əsasən ləgv etdi, əmin-amanlıq bərpa olundu. Silahlı insanlar isə
həqiqətən tez-tez gözə dəyirdi. Çünki ölkədə müharibə gedirdi. Həmin
silahlılar əsasən ya şəhid olmuş dostlarını dəfn etmək, ya da yaralıları
müalicə etdirmək üçün şəhərə gəlirdilər. İndi Ukraynada silahlılar
tez-tez gözə dəymir məgər? Müharibə aparan ölkədə başqa necə ola bilər?

Mən yazını burada dayandırıram. Siz istəsəniz, davam edə bilərsiz.
Amma hamı insafla desin, müharibə gedən, dövlət institutları
formalaşmamış bir ölkədə bir il ərzində bu qədər işləri görmək azdırmı?
Sonrakı 21 ildə xalqa bu qədər xidmət göstəriblərmi?

Short URL: http://www.cumhuriyyet.net/?p=9541

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31