Hakimiyyətin anti-ABŞ kampaniyası davam edir
“Hakimiyyət çalışır ki, azad media, müstəqil QHT-lər qrant layihələrindən məhrum olsun”
Mehman Əliyev: “Hakimiyyət çalışır ki, azad media, müstəqil QHT-lər qrant layihələrindən məhrum olsun”
Hakimiyyətin antiABŞ kampaniyası davam edir. Əvvəlki yazılarımızda da
qeyd etmişdik ki, hakimiyyətin nəzarətində olan əksər qəzet və saytlar
dayanmadan ABŞ-a qarşı ittihamlar səsləndirir. ABŞ səfirinin hakimiyyəti
tənqid etməsi ilə başlayan “müharibə”ni, hökumətin yüksək vəzifəli
şəxsləri davam etdirir, ya da bu istiqamətdə sifarişli yazılar yazılır.
ABŞ-a qarşı savaşın bir istiqaməti də Azərbaycanda fəaliyyət
göstərən, QHT-lərlə əməkdaşlıq edən institutların hədəf seçilməsidir.
Ilk növbədə belə bir hücum ABŞ-ın Milli Demokratiya Institutuna qarşı
başlandı. Hakimiyyət MDI-ni ölkədə inqilab etməkdə, müxalif gəncləri
maliyyələşdirməkdə, sosial şəbəkələr vasitəsilə inqilabi təbliğat
aparmaqda ittiham edirdi. Ancaq bu ittihamların heç biri sübuta
yetirilmədi və ABŞ səslənən fikirlərin əsassız olduğunu bəyan etdi. Buna
baxmayaraq ciddi basqılar nəticəsində MDI-nin Azərbaycandakı fəaliyyəti
ləğv olundu.
Indi isə hökumət qəzetləri ABŞ Beynəlxalq Inkişaf Agentliyini –
USAID-i hədəf seçib. Bu təşkilat Azərbaycanda müstəqil medianın inkişafı
üçün 2,4 milyon ABŞ dolları məbləğində gizli qrant elan etməkdə ittiham
olunur.
Artıq ABŞ-ın Azərbaycandakı səfirliyindən məsələyə rəsmi münasibət
açıqlanıb. Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq
bildirilib ki, ABŞ Beynəlxalq Inkişaf Agentliyi – USAID tərəfindən
Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan
edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır: “Sözügedən
layihə barədə məlumatı USAID öz saytında(www.grants.gov) yerləşdirib. Bu
veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək
ictimaiyyət üçün açıq olub. USAID normalda etdiyi kimi, bu dəfə də
layihəyə dair qrant məlumatlarını yerli media daxil olmaqla, hər bir kəs
üçün açıq olan www.grants.gov saytında yerləşdirib. Layihə çərçivəsində
bu dəfə heç bir təşkilat qrant udmayıb və ya qazanmayıb. Heç bir
təşkilata da hansısa maliyyə ayrılmayıb”, deyə səfirlikdən bildirilib.
Ancaq buna baxmayaraq USAID-ə qarşı hücumlar davam edir. Hökumətyönlü
ekspertlər hesab edir ki, bu təşkilatın fəaliyyəti şəffaf deyil və
dövlətçilik maraqlarından çıxış edən mətbuat orqanları bu təşkilatın
layihələrindən kənarda qalır. Hökumətin nəzarətində olan qəzetlər isə
daha da uzağa gedərək USAID-i bugünə qədər baş verən bütün xoşagəlməz
hallarda günahlandırır.
Görünür, ölkədə müstəqil mətbuatı iqtisadi yollarla sıradan çıxarmaq
istəyən, müstəqil QHT-ləri maliyyə bataqlığına salmağa çalışan
hakimiyyət belə bir layihəni “plan”ların pozulması kimi qiymətləndirir.
“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, hakimiyyət müstəqil təşkilatları xarici donorlardan məhrum
etmək istəyir: “Proseslərə nəzər salsaq görərik ki, hakimiyyət yerli və
xarici QHT-lərə qarşı siyasətini sərtləşdirir və qrant layihələrini
məhdudlaşdırmaq istəyir. Yəni qrant təşkilatlarını müstəqil mediadan,
müstəqil QHT-lərdən qoparmaq istəyirlər. Əslində, bu qədər ittihamlara
qarşı Amerika hökuməti öz münasibətini bildirməlidir və hesab edirəm ki,
onların Ilham Əliyevə söz çatdırmaq imkanları var”.
Ekspert onu da əlavə etdi ki, USAID-in qrantlarından əsasən hökumət
bəhrələnir: “Statistikaya nəzər salsaq görərik ki, USAID-in
layihələrində hökumətin nəzarətində olan QHT-lər iştirak edir və yüksək
miqdarda maliyyə əldə edirlər. Bu təşkilat Azərbaycanda müxtəlif
demokratik islahatların aparılması üçün zaman-zaman maliyyə yardımı
edir. Bu həm də ikitərəfli sazişlərin, müqavilələrin tələblərindən irəli
gəlir. Məsələn, Azərbaycanda “Asan xidmət” yaradılıb və insanlar bundan
razıdır. Ancaq “Asan xidmət” Azərbaycan hökumətinin təşəbbüsü deyil,
bu, USAID-in qrant layihəsidir. Bu kimi nümunələr çoxdur. Ancaq
Azərbaycan hakimiyyətinin maliyyəyə ehtiyacı yoxdur və müstəqil
medianın, QHT-lərin maliyyəsini kəsmək üçün belə kampaniya aparır. Eyni
zamanda hakimiyyət qrant layihələrindən əldə etdiyi vəsaiti islahatlara
sərf etmir və bu cür cığallıq edir”.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=9639