Azərbaycan prezidentinin "Güc" doktrinası
Iki il keçəndən sonra, iyulun 9-da Azərbaycan prezidenti Ilham Əliyev
diplomatik korpus nümayəndələri ilə ənənəvi görüşündə ilk dəfə açıq
şəkildə modernləşdirilmiş “Güc hər şeyi həll edir!” xarici siyasi
doktrinasını bəyan etdi. Dövlət başçısı aydın və birmənalı şəkildə
anlatdı ki, onun fikrincə, dünyada və beynəlxalq münasibətlərdə dominant
olan “Güc” doktrinasını rəhbər tutur.
Onun “Güc” doktrinasına yanaşması ikimənalıdır. Öz “Güc” anlayışının
şərhinin birinci hissəsində o, böyük dövlətlərin Azərbaycana qarşı, o
cümlədən Qarabağ münaqişəsi və daxili siyasi situasiya ilə bağlı
münasibətini qəbul etmir, qərarlarının ikinci hissəsində prezident bu
doktrinanı Azərbaycanın xarici və daxili siyasətinin aləti kimi götürür.
“Güc” doktrinanın inkişafı üçün Əliyev neftə istinad edir, dövlət onun
sayəsində qonşularla, ilk növbədə Ermənistana nisbətən hissedilən
üstünlüyə malikdir.
Amma dünyanın neft ehtiyatlarının 1%-dən bir qədər çoxu Azərbaycanın
payına düşür və onun dünya iqtisadiyyatına təsiri cüzidir. Son illər
hasilatın azalma tendensiyası (2010-cu ildə 50 mln ton, 2013-cü ildə 42
mln ton) göstərir ki, ehtiyatların tükənməsi və dünya bazarlarına nəhəng
neft ölkələrin dondurulmuş ehtiyatların çıxarılması fonunda onun
əhəmiyyəti sürətlə azalacaq. Inkişaf etmiş ölkələrin ilk onluğunun
təcrübəsi göstərir ki, onların iqtisadiyyatının “Güc”ü maddi yox,
demokratiya, qanunun aliliyi, söz azadlığı, siyasi və iqtisadi
plüralizm, ədalətli rəqabət, inhisarın olmaması, güclü orta sinif kimi
siyasi resurslardır.
“Gücün” əldə edilməsinin istiqamətlərindən biri kimi Əliyev böyük
güclər, siyasi, dini və etnik birliklərdən bərabər məsafədə olmağı
görür. Əliyevə görə “güc” üçüncü dünyada, üçüncü inkişaf yolunda –
“özünütəminetmə” inkişaf yolundadır. Prezident nəyi nəzərdə tutur? Bu
siyasi-iqtisadi anlayışı ruslar Rusiya ilə bağlı işlətməyi sevirlər.
Dünya inteqrasiya prosesindən aralanan sovet özünütəminetməsinin axırı
nə oldu? Rusiya daim xüsusi yol aramaqla nələr çəkir, bunu hətta Putin
bilir.
Ilham Əliyev 12 illik hakimiyyəti dövründə atası H.Əliyevin bərabər
məsafə saxlamaq siyasətini inkişaf etdirdi və AB, ATƏT, AŞ, IKT,
Qoşulmamaq Hərəkatı, MDB ilə heç bir öhdəlik qoymayan münasibətlər
qurdu.
Amma Əliyevin hakimiyyətini möhkəmləndirən bu siyasət Qarabağ
münaqişəsini həll etmədi, sosial-iqtisadi yüksəlişə səbəb olmadı,
vətəndaşları azad etmədi, başqa keçmiş sosialist ölkələri və Baltikyanı
ölkələrin verdiyi hüquqları vermədi.
Prezident diplomatlar qarşısında ali baş komandan kimi “Gücün”
növbəti arqumenti olaraq Silahlı Qüvvələri göstərdi. O, Milli Ordunun
artan gücündən ferəhlənərək bildirdi ki, onun əmri ilə generallar
müharibəni uda bilər. Amma müasir müharibələrin təcrübəsi göstərir ki,
Ikinci Dünya müharibəsində hərbi əməliyyat aparmaq üçün nəzərdə tutulan
taktiki silahlara əsaslanan hərbi “güc” artıq “güc” göstəricisi deyil.
Nəhayət, Əliyev özünütəminetmə “Gücü” kimi xarici layihələrə
Azərbaycan investisiyalarını göstərdi. Bu, beynəlxalq maliyyə
təşkilatları və özəl şirkətlərdən borc alan, digər tərəfdən öz
kapitalını Azərbaycan cəmiyyəti üçün şəffaf olmayan xarici layihələrə
qoyan inkişaf etməkdə olan ölkə üçün nou-hau deyil. Sual olunur,
ARDNŞ-nin 2013-cü ildə 30 mlrd dollar gəlirin əvəzində ARDNŞ-yə 1 mlrd
dollardan az pul verən “SOCAR Trading”dən nə fayda?
Amma bu sual prezidentə ünvanlanmayıb. Onun çıxışının yekun sitatı
göstərir ki, “güc və özünütəminetmə” yolu ən azı 2016-cı ildə
diplomatların növbəti toplantısına qədər dəyişməyəcək: “Bir daha demək
istəyirəm ki, Azərbaycan prinsipial, ardıcıl xarici siyasət aparır.
Müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaqdır.
Azərbaycanın diplomatik korpusu uğurla fəaliyyət göstərir. Sizin
fəaliyyətinizdən mən bütövlükdə razıyam. Əlbəttə ki, müxtəlif nöqsanlar,
çatışmazlıqlar ola bilər. Ancaq bütövlükdə Azərbaycan diplomatiyası
inkişaf dövrü yaşayır. Mən sizə fəaliyyətinizdə yeni uğurlar
arzulayıram”.
“Turan” Analitik Xidməti
Short URL: http://www.cumhuriyyet.net/?p=9647