Heydər Əliyev repressiyasının qurbanları: Məmməd İsgəndərov
KQB generalı xilaskarını məhv etməsinin detalları
(Yazının əvvəlini
burdan oxuya bilərsinin http://www.cumhuriyyet.net/eks/3786-heyder-eliyev-repressiyasinin-qurbanlari.html)
12
dekabr Azərbaycan tarixinin ötən 60 illik dövründə böyük rol oynamış Heydər
Əliyevin həm də rəsmi vəfat günüdür. Bu ərəfədə bir daha onun kimliyi, keçdiyi
həyat yolu, fəaliyyəti, indiyə qədər haqqında deyilən və deyilməyənləri,
bildiklərimizi və bilmədiklərimizi ümumiləşdirib bu günün prizmasından yaxın
tariximizə işıq salmaq istədik. Qəzetimizin bir neçə sayında bu barədə yazılar
dərc etdik. Mövzunu yalnız sabiq dövlət başçsının ölüm günü ilə bağlı
olduğundan yekunlaşdırmaq istədik. Amma… Redaksiyamıza müraciət edən çoxsaylı
oxucular mövzunun davam etdirilməsini xahiş etdilər. Oxucularımızın istəyi ilə
mövzuya “davam” dedik. Yazıda qeyd olunanlarla bağlı maraqlı şəxslərin, adı keçənlərin
yaxınlarının, oxucularımızın da fikirlərinə yer ayırmağa hazırıq. Yeganə məqsədimiz
yaxın tariximizə işıq tutmaqdır…
Heydər
Əliyevin həyatı təhlükədə…
Və ya Məmməd İsgəndərov Əziz Əliyevi
necə reabiltasiya edir?
1953-cü ildə isə Heydər Əliyevin həyatı təhlükə
altında olur. Onun tabeçiliyində olan bir rus qızı Əliyev haqda Moskvaya
şikayət yazır. Bununla bağlı Moskvadan Heydər Əliyevin fəaliyyətinin
yoxlanılması və cəzalandırılması barədə göstəriş gəlir. Bu vaxt Heydər Əliyevin qayınatası professor Əziz
Əliyev də Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun etimadının
öhdəsindən gələ bilmədiyi üçün onun da həyatı təhlükə altında qalır. Belə ki,
M.C.Bağırov Dağıstan MR-nı Azərbaycana birləşdirmək üçün Lavrenti Beriyanın
təqdimatı əsasında, Əziz Əliyevi Muxtar Respublikanın KP MK-in birinci katibi
seçilməsini təmin etmişdir. Ancaq Əziz Əliyev M.C.Bağırovun etimadını
doğrultmur. Bununla bağlı əlindən partiya bileti alınmaqla, özü də Sabunçu
qəsəbəsindəki xəstəxananın baş həkiminin müavini vəzifəsinə göndərilir.
Bu vaxt SSRI və
respublika rəhbərliyində köklü dəyişiklər baş verir. Mir Cəfər Bağırov
Azərbaycan KP MK birinci katibi vəzifəsindən uzaqlaşdırılır. Bu vəzifəni qısa
müddətə DTK-nın sabiq sədri Teymur Yaqubov icra edir. Sonra Azərbaycan KP MK-nın
birinci katibi İ.Mustafayev, ikinci katib Vitali Səmədov, MK-nın katibi və eyni
zamanda MK-nın Reablitasiya Komissiyasının sədri Məmməd İsgəndərov olur. Professor Ə.Ibrahimovun “Görkəmli insanların həyatı. Məmməd Əbdül
oğlu İsgəndərov” kitabında M.Ə.İsgəndərovun baldızı Kamilə xanımın
Əzizbəyovanın “Yaxşılığa-yamanlıq” başlığı altında yazdığı xatirəsi
Heydər Əliyevlə bağlıdır. O yazır: “Həmin zamanda mənim kiçik bacım Nəzimə göstərilən xəstəxanada
(Sabunçu xəstəxanasında) hamiləlikdən müalicə olunurdu. Biz də onu yoxlamaq
üçün xəstəxanaya gedib-gəlirdik. Eyni zamanda xəstəxananın aptekinə mənim dayım
Bəhmən Ağazadə rəhbərlik edirdi. O bizi Əziz Əliyevlə tanış etdi. Növbəti dəfə
xəstəxanaya gedəndə dayım B.Ağazadə Əziz Əliyevlə birlikdə məndən və Nəzimə
bacımın həyat yoldaşı Əhəd Ibrahimovdan xahiş etdilər ki, MK Reabilitasiya
Komissiyasının sədri M.İsgəndərov, professor Əziz Əliyevi qəbul etsin. Biz də
onların xahişlərini Tahirə bacımın nəzərinə çatdırmağı söz verdik. Tahirə xanım
da bizə bildirdi ki, Məmməd onun işinə qarışmağımıza qətiyyən yol vermir …
Xoşbəxtlikdən bacım Tahirə Tibb Institutunda oxuyan vaxt Əziz Əliyevin qızı
Zərifə ilə bir qrupda təhsil almaqla, rəfiqəlik edirdilər. Bundan istifadə edən
Zərifə də ikinci tərəfdən atasına kömək etmək üçün Təhirəyə müraciət edirdi.
Növbəti dəfə birlikdə Məmməd müəllimdən xahiş etməli olduq, o da çox xəsisliklə
professoru qəbul etməyə razılıq verdi. Qəbulun nəticəsində də o, professoru
reabilitasiya etməklə yanaşı, Əziz Əliyevi Həkimləri Təkmilləşdirmə Institutunun
direktoru vəzifəsinə təyin olunmasına təqdimat verdi. Təqdimata Büro üzvləri
etiraz etmədilər. Çünki, M.C.Bağırov vəzifəsini itirmişdi. Hal-hazırda həmin
institut Əziz Əliyevin adını daşıyır.” (Səh. 132-133) Göründüyü kimi bütün
bunlar M.Ə.İsgəndərovun və onun həyat yoldaşı Tahirə xanımın insanpərvərlik,
humanistlik mövqelərinin əyani göstəricisidir.
Heydər
Əliyevin partiyadan və vəzifədən xaric etmək qərarı verilir
Və ya Məmməd İsgəndərov onu necə
qoruyur?
M.Ə.İsgəndərovun baldızı Kamilə xanım öz xatirələrində yazır: “Azərbaycan DTK sabiq sədri və
Azərbaycan KP MK sabiq birinci katibi Teymur Yaqubovun verdiyi informasiyada
göstərilir ki, 1953-cü ilin əvvəlində Moskvadan komitəyə daxil olan sərəncamda
komitənin 5-ci şöbəsinin rəisi H.Əliyevdən onun tabeliyində xidmət edən rus qız
şikayət ərizəsi ilə Moskvaya müraciət etmişdir. Bununla bağlı aparılan yoxlama
işləri nəticəsində H.Əliyevin fəaliyyətində əlavə neqativ faktlar aşkar
edilmişdi. Böyük Vətən Müharibəsi illərində o döyüşən ordu sıralarında xidmət
etməkdən yayınmışdır, saxta sənədlərin əsasında yaşını 4 ildən artıq azaltmışdı
və s. Onun buraxğı cinayət xarakterli neqativ faktların sayı həddindən artıq
olduğundan bu cür göstəricilərə malik olan şəxs DTK sistemində çekist işləyə
bilməz. Təcili surətdə onu vəzifəsindən azad etməklə, poqonlarını söküb partiya
sıralarından azad etməlisiniz! Demək olar ki, H.Əliyevi diri-diri tabuta
uzandırıb dəfn olunmasına sərəncam verilmişdi. Məsələyə Partiya Təşkilatının
iclasında baxmaqla H.Əliyevi Kommunist Partiyası sırasından və şöbə müdiri
vəzifəsindən xaric etmək qərarını vermişdir. Yuxarıda sadalanan sənədləri
təsdiq etmək üçün Azərbaycan KP MK müraciət göndərdik.” (Səh. 133)
Azərbaycan KP MK-nın hüquq şöbəsinin müdiri DTK-nın MK göndərdiyi,
H.Əliyevin tərcümeyi halını əks etdirən müraciət barədə M.Ə.İsgəndərova məlumat
verir. O da müraciətin mahiyyətini birinci katibə – Imam Mustafayevə çatdırır.
I.D.Mustafayev soruşur: “Siz Heydər Əliyevi
tanıyırsınız? Deyir xeyir. Əvəzində İ.Mustafayev
M.İsgəndərovun nəzərinə çatdırır ki, “H.Əliyev gürzə ilandır əldən buraxsan, sənin özünü çalacaq”.
“Heydər Əliyevə kömək üçün göz yaşları …”
Müraciətin MK-nın bürosunda baxılmasına hazırlıq zamanında
M.İsgəndərova Heydər Əliyevə kömək etmək barədə xeyli mötəbər şəxslər
tərəfindən müraciətlər, xahişlər olundu, o cümlədən böyük qardaşı Kərimdən də.
Kamilə xanım yazır: “Zərifə tez-tez Tahirə və ailənin digər üzvləri ilə görüşməklə
həyat yoldaşı H.Əliyevə kömək etməyi istəyirdi, göz yaşları tökürdü.” (Səh. 124) Zərifə xanımın göz
yaşlarını nəzərə alaraq M.İsgəndərovun arvadı Tahirə xanım, baldızı Nəzimə
xanım və bacanağı professor Əhəd Ibrahimov birlikdə ona H.Əliyevi qəbul etməyi
və kömək etməyi xahiş edirlər və ona da nail olurlar.
M.İsgəndərov da
təkrarən İmam Mustafayevə Heydər Əliyevə köməklik etməyin lazım olması barədə
öz fikrini bildirir. Digər tərəfdən də Heydər Əliyevin böyük qardaşı Həsən
Əliyev akademik İmam Mustafayevə yalvarıb-yaxarır ki, Heydərin damğalanmaması
üçün ona köməklik etsin. Nəhayət, M.İsgəndərov Heydər Əliyevin xahişini təmin edib, onu da
qəbul edir. Kamilə xanım yazır: “Qəbulda H.Əliev yalvara-yalvara, ağlamaqla böyük səhvə yol
verdiyini, səhvini indi başa düşdüyünü, günahkar olduğunu və bağışlanmağını
xahiş edir” (Səh.
134). İ.Mustafayev və M.İsgəndərov
Heydər Əliyevə kömək etmək barədə onlara ünvanlanan xahişlər nəzərə alır.
Yuxarıda göstərdiyimiz DTK-nın müraciəti respublikanın köhnə DTK rəhbərliyi
tərəfindən hazırlandığından ona yeni partiya rəhbərliyinin mövqeyində baxılır.
Heydər Əliyevə partiya cəzası verməklə, DTK-da əks-kəşfiyyata xidmət edən milli
kadr olduğundan qorunub saxlanması barədə qərar çıxarılır.
Aydınlıqlar 50 il
sonra “Aydınlıq” qəzetində…
Bu barədə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, məşhur
jurnalist və publisist, Azərbaycanın Milli Qəhrəmanı Osman Mirzəyev də
“Aydınlıq” qəzetində (6 iyul 1989-cu il) dərc etdirdiyi “Imam Mustafayev” adlı məqaləsində məlumat vermişdir. O
yazır: “Bir dəfə DTK-nın cavan bir zabitinin etikaya və xidmət borcuna
uyğun gəlməyən kobud bir hərəkətini müzakirə edirdilər. Onu partiyadan çıxarmaq
məsələsi qoyulmuşdu. Mustafayev təklifə tərəfdar çıxmır. Məsələni ilk partiya
təşkilatına göndərirlər. Uzun illərdən sonra həmin cavan zabit özü MK-nın
birinci katibi, Siyasi Büro üzvlüyünə namizəd seçildi. Hətta Siyasi Büronun
üzvü oldu. Respublikada çox işlər gördü, çoxlarının başına oyun da açdı.”
Məmməd İsgəndərovun oğlunun müəmmalı ölümü…
Yuxarıda qeyd etdiyimiz professor Ə.Ibrahimovun “Görkəmli insanların
həyatı. Məmməd Əbdül oğlu Isgəndərov” adlı kitabında M.Isgəndərovun baldızı
Kamilə Əzizbəyovanın onun haqqında xatirəsi dərc olunmuşdur (səh.131-137)
Kamalə xanım yazır: “H.Əliyev DTK sədri vəzifəsinə
yüksələn kimi, özünün xilaskarı M.Isgəndərovun SSRI Ali Sovetinin sədri
Podqornu cənablarının birinci müavini seçilməsinin qarşısını almağın xətrinə,
Moskvada Plenumda iştirak etdiyi vaxt, M.Ə.Isgəndərovun oğlu, anamın
oğul-nəvəsi beş bacının qardaşı Qalibin əleyhinə yönəlmiş terror aktı – maşın
qəzasını H.Əliyev təşkil etdirməklə faciəli həlak olmasına hansı qiymət vermək
olar? Bunun nəticəsində bacım Tahirə siyasi vəzifəyə nifrət etməklə, Məmmədin
Moskvada yüksək vəzifədə işləməsinə etiraz etməklə, SSRI Ali Sovetinin sədrinin
birinci müavini işləməsinə maneəçilik törədir. Səbəbi də Qalibin faciəli ölməsi
idi. Mən – Kamilə iki dəfə ailə qurmuşam, amma övlad sahibi olmamışam. Bunun
nəticəsində Qalibi ikiqat sevirdim, həm özümün övladım, həm də qardaşım kimi
çox istəməklə ona xidmət etmişəm. Onu terror aktı törətməklə qətlə
yetirilməsinin sifarişçisinin və icraçısının Allah evini yıxsın, uşaqlarını
yetim qoysun”.
Heydər Əliyev öz xilaskarınım qəniminə çevirilir
Və ya “Partkom”
institut direktorunu partiyadan necə çıxarır?
Sonra Heydər
Əliyev Azərbaycan KP MK birinci katibi seçilən kimi M.Ə.Isgəndərovu Azərbaycan
SSR Ali Sovetinin sədri vəzifəsindən azad edir. Moskvada M.Isgəndərovu yaxşı
tanıdıqlarından, onu Afrika qitəsinin mərkəzində yerləşən Nigeriya dövlətinə
səfir göndərmək təqdimatıni verməklə, Azərbaycan KP MK viza verməyə sənədlərini
göndərir. Heydər Əliyev isə buna razılığını vermir. M.Isgəndərovu Azərbaycan
EA-nın Dəniz Neft və Qaz Yataqları Problemləri Institutunun direktoru
vəzifəsinə göndərir. O biri tərəfdən də institutun partiya təşkilat katibinə
gizli tapşırıq verdirir ki, üç ay müxtəlif bəhanələrlə ondan üzvlük haqqı
alınmasın. Partiya təşkilat katibi də bu tapşırığı can-başla yerinə yetirir.
M.Isgəndərov partkoma üzvlük haqqı vermək istəyəndə, o müxtəlif bəhanələrlə almayıb,
deyir “pojar” deyil ki, verərsiz də. Bu minvalla üç ay tamam olur. Bu vaxt
həmin partkom xüsusi göstərişə əsasən yığıncaq çağırıb, üç ay üzvlük haqqı
verməyən institutun direktoru M.Isgəndərovu partiyadan çıxarır. Bununla
əlaqədar o, avtomatik olaraq vəzifəsindən də azad edilir. Sonra da keçirlər
ailə üzvlərinə və qohum əqrabasına. Heydər Əliyev öz xilaskarı Məmməd
Isgəndərovun böyük oğlu Qalibin qəbrini bir qəbiristanlıqdan digərinə
köçürtdürür və ortancıl oğlu Firuzu Akademiyadan kiçik elmi işçi vəzifəsindən
azad etdirir. Kiçik oğlu Fuad 3 illik diplomatik fəaliyyətindən qayıdan kimi
yaşadığı mənzildə xüsusi xidmət orqanlarının agentləri onun əl-ayağını bağlayaraq,
Iraqdan valyuta hesabına evlənmək üçün aldığı hədiyyə şeylərini və burada
aldığı 3 illik maaşını – pullarını soyub aparırlar.
Bəzi
araşdırmaçılar bildirir ki, keçmiş sovet dövründə Sovet hökuməti yaranandan
dağılana kimi heç bir SSRI respublikalarında elə bir hal olmamışdır ki, hər
hansı bir idarə və ya müəssisədə üzvlük haqqı ödənilmədiyinə görə, partkom öz
müdrinin məsələsinə yığıncaqda baxıb, onu partiyadan xaric etsin. SSRI-nin
tarixində belə bir hal bir dəfə baş verdi. O da Heydər Əliyevin göstərişi ilə
Azərbaycanda baş verir.
Moskva səfir göndərir, Bakı iflic edir
Ona qarşı edilənlər barədə Məmməd İsgəndərov Sov.IKP MK-ya müraciət edir.
Mərkəzi Komitə – başda Brejnev və Podornı olmaqla, Azərbaycan KP MK-nın
razılığı olmadan, M.Isgəndərovu Əlcəzair Respublikasına səfir təyin olunması
üçün SSRI Xarici Işlər Nazirliyinə sərəncam verilir. M.Isgəndərovun baldızı
Kamilə xanım yuxarıda adı hallanan kitabdakı xatirəsində yazır: “Məmməd müəllim ailəsi ilə görüşməyin xətrinə Bakıya qayıdaraq və
həkim profilaktikasından keçəndə, H.Əliyevin əvvəllər rəhbərlik etdiyi 5-ci
şöbənin çekistləri ona zəhərli mişyak iynəsinin vurulmasını təmin etdilər.
Bununla da H.Əliyevin xilaskarı ömürlük iflic vəziyyətinə düşür” (səh.136).
Gründüyü kimi Məmməd Isgəndərov Heydər Əliyevə misli görünməmiş yaxşılıqlar
etmişdir. Bu yaxşılıqların əvəzində isə Məmməd Isgəndərovun oğlu müəmmalı
şəkildə öldürülür, evi oğurlanır, özü isə iflic xəstəliyinə düçar edilir. Uzun
müddət evinin içində əl arabasında oturub, anonim zənglərə, şantajlara,
hədələrə məruz qalır, 1985-ci ildə dünyasını dəyişdi.
İmam Musatafayevin kecikmiş etirafı
Və ya 60 illik açılmayan sualin cavabı…
Professor Ə.Ibrahimov yuxarıda adı hallanan kitabında yazır: “Sabiq AKP MK birinci katibi Imam Mustafayev 1990-cı illərdə
Azərbaycan Ağsaqqallər Şurasının sədri işləyən vaxt şuranın üzvü kimi mənə
gileyləndi və bildirdi ki, “sənin bacanağına dedim ki, H.Əliyev gürzə ilandır,
buraxsan sənin özünü çalacaq. Rəhmətlik Məmməd Əbdül oğlu mənim məlumatıma əməl
etmədi oğlu – Qalibi, özünü, ailəsini güdaza verdi.” (səh.91).
İmam Mustafayevin bu etirafları təəssüf ki, çox gecikmiş etiraflardır.
Sonra professor Əhəd Ibrahimov yazır: “Özünün xilaskarına və gələcək
həyatına çox yüksək səviyyədə xidmət edən M.Isgəndərova qarşı yuxarıda
göstərilən qəddarlığın-zalımlığın elmi-siyasi əsasını insani baxımdan cavabını
bu günə kimi tapa bilmirəm. Çoxlarına müraciət etmişəm, amma səmərəli cavab ala
bilməmişəm. Azərbaycan KP MK ikinci katibi Semiçastnıy istisna olmaqla, mən
onunla, Azərbaycanda işləyən vaxtı dostluq etmişəm. Onun sonrakı fəaliyyəti,
Xruşşovun Sov.IKP baş katibi işləyən vaxtı DTK sədri və onun istefasından sonra
Semiçastnının repressiyaya məruz qaldığı vaxt Ukraynada Nazirlər Kabinetinin
sədrinin müavini işlədiyi vaxtı ona müraciət etmişdim. Onun cavabı belə
olubdur: H.Əliyev kimliyi və xarakteri çox mürəkkəbdir. O, NKVD
tərəfindən yetişdirilib Azərbaycanın dövlət orqanlarına yerləşdirilmiş
bacarıqlı çekistdir… Yuxarıda göstərilənlər Məmməd Əbdül oğlu Isgəndərov
barədə törətdiyi qanlı qəddarlıq, zalımlıq da Heydər Əliyevin ixtisas-peşə
sənətinin və onun xarakterinin əyani göstəricisidir.”
(ardı var)
Short URL: http://www.cumhuriyyet.net/?p=3893