Prokuror Bakıda 12 milyon dolları güdaza verən estonlara cəza istədi
Prokuror Bakıda 12 milyon dolları güdaza verən estonlara cəza istədi
Estoniyanın Haryusk qəzası məhkəməsi 2008-ci ildə Bakıda 12 milyon dolları fırıldaqçılara qapdıran investorların işinə baxır.
Virtualaz.org xəbər verir ki, hətta iki ölkə prezidentləri arasında görüşdə müzakirə olunmuş bu fırıldaqla bağlı təqsirləndirilən estoniyalı investorlara prokuror tərəfindən şərti cəza tələb olunub. Həmçinin onlar zərərçəkmiş investorlara 11.8 milyon dollar ödəməlidir.
İş üzrə bir hüquqi şəxs-“Gild Financial Advisory Services” firması və dörd sahibkar investorlara qarşı fırıldaqda ittiham olunur. Belə ki, 2007-ci ildə həmin firma Estoniyada satışa qiymətli kağızlar çıxararaq Azərbaycanda, Xəzər sahilində elit yaşayış kompleksinin tikintisi layihəsinə investorları cəlb edib.
Firma investorlardan bu layihə üçün 12 milyon dollar yaxın pul toplayıb. Layihəyə pul qoyanlar arasında Estoniya ordusunun istefada olan generalları da var. Lakin 2008-ci ildə Bakının Pirşağı qəsəbəsində, dəniz sahilində elit yaşayış kompleksinin tikintisi üçün torpaq sahələri almaq istəyən eston sahibkarlar fırıldaqçılarla qarşılaşır və bütün pullarını güdaza verir.
Müttəhimlər kürsüsündə 41 yaşlı Erki Piirsalu, 42 yaşlı Tınis Haavel, 40 yaşlı Harles Liyv və 34 yaşlı Şarunas Skiryus dayanıblar. İttiham aktında deyilir ki, onların qurduğu firma investorlara Azərbaycandakı layihədən ildə 70 faiz gəlir vəd edib. Lakin eston investorların 12 milyon dolları Azərbaycanda fırıldaq yoluyla mənimsənilib. Prokuror Erki Piirsaluya 2 il, Haavel və Liyvaya 7 ay, Skiryusa isə 1 il şərti həbs cəzası tələb edib. Hüquqi şəxs üçün isə 100 min avro cərimə tələb olunub.
Virtualaz.org araşdırıb ki, eston investorların milyonlarla avro pulunun Azərbaycanda fırıldaq yoluyla mənimsənilməsi 1957-ci ildə Samux rayonunda anadan olmuş Bakı sakini, “Bizim Vətən” informasiya mərkəzi ictimai birliyində icraçı direktor olmuş Köçəri Həsənov tərəfindən təşkil olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2012-ci il fevralın 15-də həmin şəxsə qarşı eston investorlarının pullarının fırıldaq yoluyla mənimsənilməsi ittihamı ilə onun barəsində 5 il həbs qərarı çıxarılıb.
Məhkəmənin qərarında göstərilir ki, Köçəri Həsənov estoniyalı investorların maraqlarını təmsil edən Estoniya vətəndaşı Erki Piirsalu ilə bağladığı 05 mart 2008-ci il tarixli müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin dəniz kənarında yerləşən 16,7 hektar torpaq sahəsinin alınmasınə üzərinə götürüb. Torpaq sahəsinin alınması üçün eston investorların təsis etdiyi “Pirşağı Səhmdar Birliyi” və “Astro Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfındən Erki Piirsalunun direktor olduğu “Golden Sand Beach” fırması vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən “Pirşağı lend” MMC-nin bank hesabına 3 milyon 775 min dollar pul köçürülüb.
K.Həsənov 2008-ci ilin mart, aprel və may aylarında Erki Piirsaludan nağd qaydada almasına baxmayaraq, Pirşağı qəsəbəsində faktiki olaraq heç bir ölçüdə torpaq sahəsi almayıb, Erki Piirsalu və estoniyalı investor Kristyan Txor Vyaxenin etibarından sui-istifadə edərək həmin pulları dələduzluq yolu ilə ələ keçirməklə onlara külli miqdarda maddi ziyan vurub.
O, eston iş adamlarından aldığı pulların təyinatı üzrə xərclənməsi görüntüsü yaratmaq üçün Sabunçu rayonunun Pirşağı qəsəbəsində “Pirşağı lend” MMC üçün faktiki olaraq heç bir ölçüdə torpaq sahəsi almadığı halda, Kürdəxanı bəbdiyyəsinin sədri Babayev Balahüseyn Balahəsən oğlunu aldadaraq onun vasitəsilə torpaq sahəsinin guya alındığına dair sənədlər hazırladıb.( Sonradan bu fırıldağın üstü açılanda bələdiyyə sədri özünü asaraq intihar etmişdi.-red)
Eston investorlarının Xəzər sahilində elit yaşayış kompleksi tikib qazanmaq planları fırıldaqçıların sayəsində puç olanan sonra bu hadisə Estoniya mətbuatında geni rezonans doğurub. Mətbuat Erki Piirsalu və digərlərinin də Azərbaycandakı fırıldaqçılarla əlbir ola biləcəyini yazıb. Lakin onlar Azərbaycanda aldadıqlarını deyərək ölkə prezidentindən kömək istəyib. Məsələ 2011-ci ildə Estoniya və Azərbaycan prezidentlərinin görüşündə qaldırılıb. Estoniya prezidenti eston investorların batan pullarının geri qaytarılmasını təmin etməyi Azərbaycan prezidentindən xahiş edib. Lakin bu işdə Azərbaycan dövlətinin hansısa formada iştirakı olmadığından hüquq-mühafizə orqanları ancaq estonların pullarını mənimsəyən şəxsi cəzalandırıb.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4231