Kanye Uestin saxta imzaları

11.09.2020 - 10:03

“Yaxşı insan yaxşı işarələr görər”

(hindu ata sözü)

Öncə bir qürurlandığım hadisəni xüsusi qeyd etmək istəyirəm. Bildiyimiz kimi, müxalifətçi Tofiq Yaqublu həbsxanada aclıq aksiyası elan edibdir. Onun azadlığa çıxması üçün hüquq müdafiəçiləri hökumətlə danışıq aparırlar. Hətta deputat Səyavuş Novruzov da bu keçmiş Qarabağ döyüşçüsünün azadlığa buraxılmasına tərəfdar olduğunu elan edibdir. 

Burada müəllifdən kiçik haşiyə, ya da tarixi-ideoloji-lirik-fundamental-pafoslu-dramatik ricət yazmaq istəyirəm. Doğrusu, heç bilmirəm, iraq olsun, mən çaşıb dövlətçiliyimizə xəyanətdən-zaddan eləsəm, ya da nə bilim, Ramiz müəllimin sözü olmasın, nankor çıxsam, türməyə düşsəm, bir gün nəzarətçi qapını döyüb “dur bas bayıra, Səyavuş müəllimin müraciəti sayəsində səni azad edirik” desə, bu zaman ayaqqabılarımda da bağ olmasa, mən nə edərəm. Çətin durumdur, heç kafir bəndə buna düçar olmasın. Yəqin Tofiq bəy Ağdərə meşələrində döyüş fasiləsi zamanı öz gündəliklərini cızmaqara edərkən bunu heç vaxt ağlına gətirməzmiş. Bəlkə də gətirərmiş, nə biləsən. İnsan yaddaşının elə əcaib oyunları olur ki.

Uzun sözün qısası, Tofiq bəyin azadlığa çıxması hazırda aktual problemdir və bu münasibətlə Bakıda bir neçə küçə aksiyası da olmuşdur. Bir aksiyada iştirakçı ağzına taxdığı maskanın üstünə “Tofiq bəyə azadlıq” yazmışdı, bunu saxlayan polisin “Maskasını çıxardın!” qışqırdığını açıq eşitdik. Bu da bir yeni haldır, pandemiya dövründə ilk dəfə hökumətdən “maskanı çıxardın” göstərişi alırıq. Yəqin artıq virusa qalib gəlmişik. Lakin əsl yenilik o aksiyadakı qadınları elə qadın polislərin tutub aparması oldu. Bəlkə yenilik deyil, mən bu cür kütləvi qadın polislərimizi ilk dəfə gördüm. Halal olsun, əsl islahatdır, bütün əllərimlə alqışlayıram. Nəyə görə? Çünki bizdə aksiya olanda görürdün kişi polislər qadınları ora-bura dartır, milli mentalitetimiz pozulur. İndi qadını qadın tutur, kişini kişi. Düşünürəm burada prosesi davamlı edib ağsaqqal polis bölüyü, uşaqları tutmaq üçün uşaq taqımı yetişdirsək yaxşı olar. Sovet vaxtı belə şeylərə böyük diqqət edilirdi, məktəblilərə vaxtaşırı yol polisində dərslər keçirilirdi. “Styopa dayı milisionerdir” adında poema da yazılmışdı. Orada bir uzun kişi vardı, şəhərdə qayda yaradırdı. Çox yaxşı günlər idi, Allah Qorbaçovun da, Raisanın da evini yıxsın.

Ancaq indinin özündə də aparılan işlər nəticəsini verir, hər gün yeni şeylər öyrənirik. Örnək üçün, dünənə qədər kimsə mənə “güllə atıcılığı idmanında dopinq var” desə, gülərdim, deyərdim boş danışma, tətik çəkməyə nə dopinq? Varmış. Milli dopinq idarəmiz hətta onlardan birini yaxalamağı bacarıbdır. Jalə Bayramova adlı bu xanım 2019-cu ildə Azərbaycan çempionu olmaq üçün dopinq istifadə etmişdir. İndi bunun medalını geri alırlar. Buyur. Biz də zənn edirdik dopinq güləşdə, ştanqda, qaçışda, nə bilim, başqa atletik, güc, enerji, əzələ işləyən idmanlarda lazımdır. Nişan alıb tətiyi çəkərkən diqqəti saxlamaq üçün də dopinq varmış. Doğrusu hələ bilmirəm bunu öyrənmək mənim nəyimə lazımdır, ancaq bütün hallarda hökumətə aparılan islahata görə dərin minnətdarlığımı bildirirəm. 

O cümlədən, İsveçdəki səfirimizin geri çağırılması xəbərini XİN təkzib elədi (hələ uzun müddət bizim səfirlər ölkəyə ürəkləri əsə-əsə qayıdacaqlar). Bəs burada mənimçün yenilik nədir? İsveçdə səfirliyimizin olması. Elə bilirdim yoxdur. Ancaq varmış. Vallah, buna görə də minnətdar olmalıyıq. Dünyada elə dövlətlər var onların İsveçdə səfirliyi yoxdur. 

Məncə, XİN ABŞ Dövlət Departamentinə insan hüquqlarının pozulmasına görə etiraz bəyanatı verməlidir. Nazirliyin adını çəkdim, yadıma düşdü. Orada reper Kanye Uest prezidentliyə namizədliyini vermişdi, hökumət çoxlu imzaları oxşar, saxta çıxarıb manısı qıraqda qoyubdur. Sanki cəbhəçidir. Tramp qorxur təzə manıs onu udar. Artist artistin potensialına bələddir. Ancaq hər halda, planetdə insan haqlarından narahat olmaq bizim hökumətin ümdə vəzifələrindən biridir, qalanının bizə dəxli yoxdur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153970

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930