İlham Əliyevə Zaur Həsənov tələbi
Prezident İlham Əliyevə müraciət hazırlanır. Zaur Həsənov dekabrın 25-də
Bakının mərkəzində özünü yandırıb və 4 gün sonra xəstəxanada keçinib.
Yanvarın 1-də yaradılmış facebook müraciətində deyilir:
“KİV-dən
məlumdur ki, siz Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiniz və
bu hadisədən sonra onun həyatda qalması üçün bir dövlət başçısı olaraq
əlinizdən gələn hər hansı köməyi əsirgəməmisiniz. Lakin buna baxmayaraq
Zaur Həsənovun həyatda qalması mümkün olmadı, çünki onun yaraları çox
ağır idi… KİV-də, xüsusilə internetdə yayılan məlumatlardan o da məlum
olur ki, mərhum Zaur Həsənovun intihar etməsinin ciddi səbəbləri vardı.
O, öz xoşu ilə intihar etməyib, ona qarşı edilən haqsızlıqlara etiraz
etmək üçün, özünü yandırmaq yolu ilə nümayişkaranə surətdə intihar
etməyə məcbur olub. Başqa sözlə, vəzifəli məmurlar bəzən vəzifə
səlahiyyətlərindən sui-istifadəyə yol verməklə – etdikləri qeyri-qanuni
hərəkətləri ilə, bəzən isə vəzifə səlahiyyətlərini yerinə yetirməməklə –
hərəkətsizliyə yol verməklə, Zaur Həsənovu intihar etməyə məcbur
ediblər”.
Müraciətdə daha sonra qeyd olunur ki, Zaur Həsənovun
intiharı bütün Azərbaycanı sarsıtsa da, hələ də Cinayət Məcəlləsinin
125-ci maddəsi ilə – özünü öldürmə dərəcəsinə çatdırma maddəsi ilə
cinayət işi açılmayıb.
“Bu
isə o deməkdir ki, Zaur Həsənovu intihara məcbur edən vəzifəli şəxslər,
hüquqi cəhətdən məsuliyyətdən yayınacaqlar və cəzasız qalacaqlar! Xahiş
edirik ki, Zaur Həsənovun intiharı ilə bağlı olaraq, qüvvədə olan
qanunvericilikdə nəzərdə tutulduğu kimi CPM-nin 125-ci maddəsi ilə –
özünü öldürmə dərəcəsinə çatdırma maddəsi ilə cinayət işinin açılması
barədə Baş Prokurorluğa göstəriş verəsiniz”.
Müraciət yanvarın 7-də, yeni ilin ilk iş günündə Prezident Administrasiyasına təqdim olunacaq
Short URL: http://www.cumhuriyyet.net/?p=3112