2013-ün mitinq adamı – İLKİN RÜSTƏMZADƏ
Hakimiyyəti sarsıdan ən böyük mitinqlərin təşəbbüskarının
ailəsi ondan danışır
İlkin Rüstəmzadənin anası: “Deyirdilər, İlkin
gələcəkdə prezident olacaq”
Gənc məhbusun bacıları: “Onun üçün çox
darıxmışıq”
“Həmişə
ona deyirdim ki, dünyanı sən düzəldəcəksən? Deyirdi, elə demə, əgər hamı laqeyd
olsa, özünü görməzliyə vursa, nə olar? İlkin hər şeyi çılpaqlığı ilə deyirdi, çox
asi, ipə-sapa yatmayan uşaq idi. Haqsızlığa dözməmək onun daxilində var. Lap
uşaq vaxtından, 5-6 yaşlarından belə idi. İnanın ki, uşaq vaxtı oyun oynayanda
kim isə cığallıq eləsin, ona da dözmürdü. Onun yanında kimin isə haqqını
tapdalamaq olmazdı”.
7 aydan
çoxdur dəlilsiz-sübutsuz, gülməli ittihamlarla həbsdə saxlanılan Azad Gənclik Təşkilatının
üzvü İlkin Rüstəmzadənin (yeri gəlmişkən, İlkin artıq həm də NİDA-nın üzvüdür –
müəl.) anası Atlas Rüstəmzadədir danışan. Oğlunun apardığı mübarizəyə görə həbs
edildiyini bilməyin başucalığı və qürurla oğlunun uşaqlığından, arzularından, 7
aylıq oğulsuzluğundan danışır.
İlkinin
anası 28 illik ədəbiyyat müəlliməsidir. Şəkər
xəstəsidir. Bir müddət əvvəl səhhətində ciddi problem yarandığını desə də,
hazırda yaxşı olduğunu bildirir. Özündən daha çox İlkindən danışmağa həvəslidir.
Elə biz də.
“İlkin
birinci sinfə Gəncədə gedib. Ağdam işğal olunandan sonra biz Gəncədə yaşamışıq.
O, həyətdə uşaqlarla oynayanda, uşaqlar iki tərəfə bölünürdülər. Güclü uşaqları
bir tərəfə, zəifləri bir tərəfə yığırdılar. İlkin də həmişə dalaşırdı ki, bu,
düzgün deyil. Bərabər bölgü olmalıdır. İndi axırı da gəldi belə oldu”.
Anası
deyir ki, ailələrində heç kimin siyasi mənsubiyyəti yoxdur: “Heç bir partiyanın
üzvü deyilik. Sadəcə bizim ailədə haqsızlıq etməmək, kiminsə haqqını yeməmək
prinsipi həmişə qorunub. Bunlarda həmişə mizan-tərəzini gözləmişik. Mən də, İlkinin
atası da həmişə haqqın tərəfində olmuşuq. Mən həmişə ən elementar şeylərdə də
özünü gözə soxan, yaltaqlanan, özünə nə isə qazanmaq istəyən adamlardan uzaq
olmuşam. Haqsızlığa etiraz etmək məsuliyyəti İlkinə də bizdən keçib”.
Atlas
xanımın sözlərinə görə, İlkin hələ uşaq vaxtlarından demək olar, vunderkind səviyyəsində
olub. Qəbul imtahanında müəllimləri deyirmiş ki, İlkin 700 balı gözüyumlu yığacaq:
“Deyirdilər ki, İlkin yalnız yolda və gəlib beş dəqiqə müəllimi gözləyəndə dərs
oxuyur. Son vaxtlar universitetdə də qrup yoldaşları deyirdi ki, onlar imtahana
çox hazırlaşırlar, İlkin isə suallara bircə dəfə baxmaqla kifayətlənir. İlkində qeyri-adi
qabiliyyət var idi. Bunu mən yox, onun bütün müəllimləri deyirdi. Zarafatla
deyirdilər ki, İlkin gələcəkdə prezident, bank müdiri olacaq. Yəni savadına,
qabiliyyətinə görə uşaqlıqdan İlkindən gözləntilər çox idi. Təbii ki, mən də hər
bir valideyn kimi istəyərdim ki, universiteti bitirsin. Normal hərbi xidmətə
gedib-gəlsin. Onun “Əsgər ölümlərinə son!” deməyinə mən də şərikəm. Mən özüm
işğal olunmuş bölgədənəm. Görmüşəm oradakı vəziyyəti. İlkingil düz deyir, atəşkəs
şəraitində niyə əsgər ölməlidir ki? Biri var, döyüşdədir, səngərdədir, ölüb,
bu, ayrı, amma atəşkəs şəraitində əsgər niyə ölsün axı? Əsgər səngərdə, düşmənlə
döyüşdə ölməlidir. Mən istəyərdim ki, İlkin orduda xidmət eləsin. Amma bu
haqsızlıqları görüb, fikirləşirdi ki, belə orduda xidmət etməyə dəyməz. Həqiqətən
də niyə orduda bir məmurun balası yoxdur? Harada eşitmisiniz? O vaxt bircə rəhmətlik
Xəlil Rzanın oğlu getdi şəhid oldu. Ondan bəri bir tanınmışın, bir varlı məmurun
oğlu əsgər getmədi. Heç ölməsin, Allah heç kimin balasına dəyməsin, amma əsgərliyə
də getmədilər. Hamısının adı yazıldı, yalandan hərbi bilet aldılar ki, bəli, əsgərlik
keçmişik. Hamısı da orda-burda, xaricdə kefdə oldular”.
Atlas
xala deyir ki, onlar köçkünlük vaxtı bütün əmlaklarımı Ağdamda qoyub çıxıblar:
“Gəncədə 7 il kirayədə qalmışıq. Sonra Bakıya köçmüşük, yəni həyatı zorla bura
qədər gətirib çıxara bilmişik. Mən də gözləyirdim, bundan sonrasını İlkin həll
edəcək. O da belə oldu. Amma gözləyək, görək, axırı nə olur. İnşallah yaxşı
olar”.
Anasının
anlatdığı İlkin xaraktercə möhkəm, qorxu hissi olmayan biridir: “Özü deyir ki,
mən cinayətkar deyiləm, pis əməlin sahibi deyiləm, gördüklərimi deyirəm, kiməsə
pislik etməmişəm, kimisə sataşmamışam, kimisə təhqir eləməmişəm, nədən
qorxmalıyam?! Bu hadisələrdən qabaq mən həmişə ona deyirdim ki, səndə inkişaf tərsinə
gedir. Camaat böyüdükcə, sən balacalaşırsan. Elə indi də görürəm ki, bütün
olanlarla yanaşı, İlkinin içində bir uşaq saflığı var. O gün evə zəng vurub.
Düz 10 dəfə mənə tapşırdı ki, ana, uşaqları dəm qazından gözlə. Uşaqlardan
muğayət ol”.
İlkin
evlərinin yeganə oğludur. Tək oğlunun 7 aydır həbsdə olmasını ağırlığını
daşıyan Atlas xanım deyir ki, onun həbsindən sonra evlərində çox şey dəyişib,
boşluq var: “İlkinin yeməklə bağlı müəyyən kaprizləri var idi. Məsələn, evə
girirdi, xoşuna gəlməyən yeməyin ətri gəlirdisə, deyirdi, yenə bu yeməkdən
bişirmisən? Gəlməyim evə? Qayıdım gedim? Bu cür kaprisləri vardı. İlkin çox
haylı-küylüdür. Ona görə də, yoxluğu daha çox hiss olunur. Çox tənbəl və
yatağandır. Universiteti iki il səhər, iki il günorta növbə oxudu. İnanırsız,
onu səhərlər yuxudan oyatmaq cəhənnəm əzabı idi. Yanına gedəndə deyirəm, kaş məni
içəri buraxardılar, görəydim kamerada özünə necə baxırsan”.
Anasının
sözlərinə görə, İlkinin dostları, tanışları ilə yanaşı, heç tanımadığımız
adamların dəstəyini də alırlar. Maraqlı bir epizodu nəql edir: “Evə axtarış
üçün gəlmişdilər. Müstəntiq İlkinin diplomlarına baxdı, dedi, bu cür savadlı
uşağa niyə düzgün tərbiyə verməmisiniz? Dedim, xahiş edirəm, sözünüzü geri
götürəsiniz. İlkin pis yolun yolçusu deyil, oğru deyil, narkoman deyil, əyri
deyil. Bu, əqidə məsələsidir. Buna inanır, bunu da deyir”.
Atlar
xanım deyir ki, İlkin hər şeyə hazırdır. Hətta onları da uzun müddətli həbs
olunması ehtimalına hazırlayır.
İlkinin
həbsdən azad edilməsi üçün hakimiyyətə hansısa formada müraciət etməsi
ehtimalından danışan Atlas xala deyir ki, oğlunu sındıracaq heç nəyi etməz: “Bunu
bir dəfə demişəm, yenə də deyirəm. İlkinin hər hansı bir qəbahəti, pis əməli
olsa, valideyn kimi özüm də özümü günahkar hiss edərəm. Bəlkə də kiməsə ağız
açaram, xahiş edərəm, yalvararam ki, cavandır, səhv edib. Amma İlkinin bir pis əməli
yoxdur ki, mən valideyn kimi buna görə özümü günahkar hiss edim. Əksinə, mən
İlkinlə qürur duyaram. Çünki başqasının deyə bilmədiyini də İlkin deyir.
Baxıram başqa gənclərə, görürəm, artıq indidən simalarını itiriblər. Məndən
soruşurlar ki, sən necə belə sakit qala bilirsən, emosional deyilsən? Bəlkə də
ürəyimdə ona arxayınam ki, gec-tez haqq yerini tapacaq. İlkinin, onun həbsdə
olan dostlarının heç bir günahı yoxdur”.
Maddi
problemlərindən danışan Atlas xanım deyir ki, maaşla dolanlasalar da, hər həftə
həbsxanaya ən azı 100-150 manatlıq bazarlıq edirlər: “Bəlkə də desəm, məni
qınayacaqsınız. Amma bizim ailə elə bir vaxtda düşdü ki… Təsəvvür edin, biz ailə
qurandan sonra Xocalı hadisələri baş verdi. Artıq Ağdamda qalmaq mümkün olmadı.
Gündüzlər gedirdik, amma gecələr qadınları Ağdama buraxmırdılar. Qaçhaçaqda
yaşadıq. 1999-cu ildə Bakıya gəldik və yenidən sıfırdan başladıq. Sonra özümün
çox itgilərim oldu. Anam, bacım, qardaşım faciəli şəkildə rəhmətə getdi. Hələ
ki, elə bir xoş gün xatırlamıram həyatımda. İndi-indi deyirdim ki, ailəmiz bir
yerə yığışıb. İndi də belə…”
İlkinin
bacısı Nərgiz Rüstəmzadə də söhbətə qoşulub deyir ki, qardaşının mitinqlərə
getdiyini ailədə ən əvvəl o bilib: “Qohumlar anama demişdi ki, İlkin “facebook”da
təhlükəli statuslar yazır. Anam da mənə tapşırmışdı ki, İlkini izləyim.
Profilinə baxdım və həbs olanacağından qorxmağa başladım. Ona görə də İlkinin mitinq şəkillərini anama
göstərdim. Etiraf edim ki, onunla mübahisələrim başladı. İlkini yolundan çəkindirməyə
çalışırdım. Bilirsiz, indi deyirlər ki, insanlar etiraz etmir, heç nə başa
düşmürlər. Mən o insanları başa düşürəm. Çünki mən də elə idim. Amma zamanla
başa düşdüm ki, İlkin haqlı imiş. Vaxtında İlkini qınadığım üçün çox peşmanam. Əvvəllər
İlkinə “dur” deyirdim. Amma indi çalışıram ki, İlkinin edə bilmədiklərini, etmək
istədiklərini mən edim. Çox darıxıram İlkin üçün. Gənclik dövrü çox azdır. Onun
gənclik dövrünü həbsxanada bitirməsini istəmirəm. Çox istəyirəm ki, tezliklə
azadlığa çıxsın. Azərbaycanda İlkinin yerinə həbsxanada yatacaq o qədər adam
var ki… İlkin orada olmalı sonuncu adamlardandır”.
Qardaşının
məhkəmə proseslərində də fəal iştirak edən Nərgizin sözlərinə görə, İlkini dəmir
barmaqlıqlar arxasında görmək onun üçün travmadır: “Mən bu səhnəni yuxumda da
görürəm. Mənə çox pis təsir edir bunlar. Əsəblərim çox pozulub”.
İlkinin
kiçik bacısı Türkan Rüstəmzadə 7-ci sinifdə oxuyur. Deyir ki, məktəb yoldaşları
tez-tez ondan İlkinin vəziyyətini soruşurlar: “Məktəbdə elə adamlar var ki, mənə
deyirlər gərək belə etməzdi. Amma bir çoxları məndən İlkinin məhkəmələri haqda
soruşur. Məncə, mənim qardaşım düz yoldadır. İlkin üçün çox darıxıram. O, hər
gün evə gələndə, məni azı 10 dəfə öpürdü. İstəyirəm ki, evimizə qayıtsın”.
Reportajı
hazırladı: İzolda
Short URL: http://www.cumhuriyyet.net/?p=3113