“Şaakaşviliyə etiraz edib, Bakıya gəldim” – sərhəddi qanunsuz keçən gürcülər aclıq aksiyası keçirir
15.09.2016 - 15:56
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət sərhəddini qanunsuz keçmə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxslərdən 4 nəfəri – Arçil Darsalia, Lekso Mosidze, Müşfiq Piriyev, Zakir Bayramov Gürcüstan, Hüseyn Ramazanov isə Azərbaycan vətəndaşıdır.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının nəticə hissəsini elan edib. Onlar Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinirlər.
Təqsirləndirilənlərdən Arçil Darsalia və Lekso Mosidze özlərini yalnız dövlət sərhəddini qanunsuz keçməkdə təqsirli bildiklərini deyiblər. Onlar narkotik vasitədən istifadə etmədiklərini söyləyiblər.
Digər təqsirləndirilən Müşfiq Piriyev də ifadəsində narkotik vasitədən istifadə etmədiyini, lakin dövlət sərhəddini Qazax rayonu ərazisindən qanunsuz olaraq keçdiyini bildirib.
“Namaza gedəndə tutdular”
O, 5 ay əvvəl Bakıya gəldiyini və fəhləlik etdiyini deyib. Təqsiləndirilənlərdən Zakir Bayramovla uşaqlıq dostu olduğunu deyən M.Piriyev onunla birlikdə polis əməkdaşları tərəfindən saxlanıldığını söyləyib:“Allaha and olsun ki, narkotikdən istifadə etmirəm. Zakir uşaqlıq dostum idi. Bakıya gəlmişdi. Qalmağa yeri olmadığından bizə gətirmişdim. Arçil Darsalia və Lekso Mosidze ilə iki gün əvvəl Əhmədlidə kafedə tanış olmuşdum. Gürcüstanlı olduqlarını biləndən sonra söhbət etdik. Qalmağa yerləri yox idi deyə bizə gətirdik. 2-3 gün qalacaqdılar. Hüseyni isə 2 ay olardı ki, tanıyırdım. O, mənə fəhləlik işi tapmaqda kömək edirdi. İş olanda çağırırdı, gedirdim. Hadisə olan günü Zakirlə evdən çıxıb namaza gedirdik. Elə binanın qarşısında mülki geyimli şəxslər bizi tutdu. Döyərək maşına mindirdilər. Nə olduğunu başa düşmədik”.
Bu günə qədər narkotik maddədən istifadə etmədiyini deyən M.Piriyev ailəsinin ondan üz döndərdiyini qeyd edib: “Mən ziyalı ailədənəm. Anam professordur. 70 yaşı var. Atam da 30 il məktəb direktoru olub. Narkotik maddə ilə tutulduğumu eşidəndən sonra qohumlarım məndən üz döndərib. Heç kim telefon zəngimə cavab vermir. Anamın vəziyyəti ağırlaşıb. Mənim 43 yaşım var. Himayəmdə 4 övladım var. Biri fiziki qüsurludur”.
“Şaakaşviliyə etiraz edərək Azərbaycana gəldim”
Əvvəllər də məhkumluq həyatı yaşayan M.Piriyev 2014-cü ildə Gürcüstanda elan olunan aministiya ilə azadlğa çıxıb. O, adam öldürməkdə təqsirləndirilib: “2007-ci ildə haqsız yerə adam ölümündə günahlandırıldım. 7 il yatdım. Amnistiya ilə çıxdım. Saakaşviliyə müraciət edib məni vətəndaşlıqdan çıxarmalarını istədim. Amma müraciətim cavablandırılmadı. Şaakaşviliyə etiraz edərək, onun əlindən Azərbaycana gəldim. Mən nə Gürcüstan, nə də Azərbaycan vətəndaşı olmaq istəyirəm. Bakıya gəlmişdim ki, xarici səfirliklərə müraciət edib sığınacaq alım. Almaniya səfirliyinə gedəcəkdim”.
O, dövlət ittihamçısının “pasportun olduğu halda, niyə sərhəddən qanunsuz keçdin” sualına cavab verməkdə çətinlik çəkib və bunları qeyd edib: “Mən Gürcüstan qanunlarına hörmət etmirdim. Azərbaycana pənah gətirib, buradan səfirliklərə müraciət edəcəkdim”.
Prokurorun “Siz niyə qanunu pozub, səfirliyə gedirdiniz? Olmazdı ki, qanuni şəkildə gedəsiniz” sualına M.Piriyev eyni məzmunlu cavab verib və səfirliyə getmək istədiyini deyib. Lakin o, Bakıda olduğu 5 ay ərzində nə hansısa bir səfirliyiə, nə də dövlət qurumlarına müraciət edib.
“20 gündür, aclıq aksiyası keçiririk”
Təqsirləndirilən şəxs 20 gündür ki, aclıq aksiyası keçirdiklərini də bildirib: “Mən istəyirəm ki, işə düzgün baxılsın və narkotik maddə ittihamı üzərimdən götürülsün. Bu mənə ölümdən betərdir. Sona qədər də aclıq edəcəm”.
Hakim M.Piriyevin istintaqa ifadəsini elan edib və bildirib ki, təqdirləndirilən şəxs ifadəsində narkotik vasitəni yerdən tapdığını və digərləri ilə aralarından bölüşdürdüklərini deyib. M.Piriyev bu ifadəni təzyiq altında verdiyini söyləyib.
“Həbsxanada xərçəngə tutuldum”
Digər təqsirləndirilən Zakir Bayramov isə ifadəsində Gürcüstandan Bakıya qardaşı oğlunun dalınca gəldiyini deyib. Burada Müşfiqlə görüşən Zakir eyni gündə həbs edildiklərini söyləyib: “Bizi Müşfiqlə evdən çıxanda tutdular. Mənim heç nədən xəbərim olmadı. Anama zəng etmək istəyirdim. Elə bu vaxt bizi tutdular. Mən nə dövlət sərhəddini qanunsuz pozmuşam, nə də narkotik maddədən istifadə etmişəm. Digər şəxsləri də hadisədən 2 gün əvvəl kafedə görmüşəm. Həbs ediləndən sonra həbsxanada xərçəng xəstəliyinə tutuldum. İndi müalicə belə ala bilmirəm”.
“Nişanım olandan sonra Bakıya gəldim”
Hüseyn Ramazanov isə ifadəsində bildirib ki, yalnız Müşfiqi tanıyıb və onunla birlikdə işləyib: “Fəhləlik edirdik. İş olanda Müşfiqi çağırırdım. Hadisədən əvvəl Gəncədə nişanım oldu. Nişandan sonra Bakıya qayıdanda Müşfiq dedi ki, bunu qeyd edək. Kafedə yeyib-içəndən sonra sərxoş oldum. Onlarla birlikdə evə getdik. Səhər Müşfiq evdən çıxandan sonra gördüm ki, həyətdən səs gəlir. Pəncərədən baxanda onların maşına mindirildiyini gördüm. Binanın damına çıxdım. Evdə olan Arçil və Lekso da arxamca gəldi. Bizi də damda tutdular”.
Əvvəllər hərbi xidmətdə törətdiyi cinayətə görə məhkumluq həyatı yaşayn Hüseyn Ramazanov narkotik maddədən heç zaman istifadə etmədiyini bildirib: “Bizə birinci oğurluq ittihamı verdilər, sonra terrorçu elədilər, axırda narkotik maddə istifadəçisi oldum. Sənədlərə təzyiqlə qol çəkdiriblər”.
Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər saxlanılan zaman Bakıda silsilə oğurluq hadisələri törətməkdə təqsirli bilinib. Bununla bağlı rəsmi məlumat da yayılmışdı. Sonrandan onlara verilən ittiham dəyişdirilib.
Hazırda onların hamısı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 maddələri ilə ittiham olunur. Təqsirləndirilənlərdən Müşfiq Piriyev, Arçil Darsalia, Lekso Mosidze həmçinin Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə təqsirli bilinirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=75887