Bibisinin böhtanına məruz qalan kəndçimiz

22.09.2020 - 10:41

Böhtana, iftiraya məruz qalmaq elə şeydir ki, bunu çəkməyən bilməz. O deyirlər ha, böhtana düşən odsuz-ocaqsız yanar, düz deyirlər. Elm də sübut edir ki, üzərinə böhtan atılan adamın daxilində dağıdıcı, aşındırıcı kimyəvi proseslər gedir, adamın özünün xəbəri olmur, amma axırda çökür.

Biz iftiralar ölkəsində yaşayırıq, il on iki ay şər-böhtan tiyanında qovruluruq. Bir növ o situasiyaya adətkərdə (oxumuş adamlar demişkən, adaptasiya) olmuşuq, böhtana qarşı güclü immunitet qazanmışıq, bəlkə də o üzdən belə şeylər bizə kar eləmir, yuxarıda dediyim orqanizmdaxili kimyəvi proseslər bizi yıxmır. (Kim bilir,bəlkə də vaxtsız yıxılanlar elə həmin kimyəvi proseslərin güdazına gedir).

Əsas mətləbə keçməzdən əvvəl bu yaxınlarda mövzumuza uyğun gələn bir olayı yazım, görün, dünyada nələr var.
Deməli, bir neçə ay qabaq ölüb ölümdən qayıtmış, bir neçə gün komada qalmış, meyiti rayona aparılarkən yolda qəfildən ayılmış 60 yaşlı şəxs – tanış adam özünə gələndən 10-15 gün sonra yaxın qohumlarının məclisində iştirak edəsi olur. Adamın bibisi – 70 yaşını aşırmış ağbirçək (adları özüm yazmıram ki, tayfalıqca redaksiyaya gəlib müəllifi böyüzm edərlər) həyata ikinci dəfə gəlmiş qardaşıoğlunaun qarşısına keçərək deyir: “Sən heç bilirsən ki, əslində öz ata-ananın övladı deyilsən, övladlıqsan? Papangil o vaxt düz-qoş edib səni qlavvraçdan aldılar”.

İndiyədək belə söhbətləri Hindistan filmlərində və Braziliya seriallarında görmüş kəndçimiz əvvəlcə şoka düşür, ardınca yenicə çıxmış olduğu komaya düşmək üzrəykən həyat eşqi yenidən qalib gəlir. Adam heç cavanlığında da zarafatcıl olmayan sevimli bibisinin ciddi-ciddi baxan gözlərinə baxır və qanı bərk qaralmış halda məclisi tərk edir.

Ertəsi gün o, vaxtilə yanında işlədiyi, ailənin yaxını olan ağsaqqalın yanına gedir ki, ondan müfəssəl informasiya alsın. Ağsaqqal onu dinləyir, birinci sözü o olur, sənə qırmızı yalan dediyinə görə bibini dilindən ilan vursun. Sonra ağsaqqal səhhəti qaydasında olmayan adamı inandırır, deyir, səni 5 yaşından tanıyıram, elə bir şey olsa, bilərdim, dəqiq bilməsəm də, ucundan-qulağından eşidərdim, kənd yerində belə söhbətləri saxlamaq olmur, mütləq açılır, elə şey mümkün deyil. Ürəyinə xal düşmüş 60 yaşlı adam bir az da dirəşəndə ağsaqqal deyir, a bala, get bacı-qardaşının da suratına bax, sonra güzgüdə də öz sifətinə bax, görəcəksən ki, eyni ağacın almalarısınız, səsiniz eyni, boy-buxununuz eyni, sir-sifətniz eyni, xasiyyətiniz də eyni.

Bu söz 60 yaşında “övladlıq” olduğu deyilən adamın ağlına baxır, güzgüyə baxır ki, Kıvanc Tatlıtuğ kimi hündorboy və sarışın, Mbappe kimi qara və cüssəli deyil, Özbəkistandakı Qaraqalpaq muxar respublikasının sakinləri kimi qarayanız və tösmərək adamdır, qardaşları da o cürdür. Ondan sonra toxtayır. Ancaq tanıyanlar deyir ki, adam hələ də fikirli gəzir. Yəni orqanizmində kimyəvi proseslər getdiyi hər halından bəllidir.

Bəs bibiyə nə düşmüşdü ki, o “məşum sirri” 60 ildən sonra açıb? Bunu psixiatriya elmi çözə bilər. Amma fəhm gücüylə onu demək olar ki, 60 yaşlı adam diliacı biridir, görünür, bibisini bərk sancıb, o da serial həvəskarı olduğundan oradan əxz etdiyi silahla adamı düz onluqdan vurub.

Bir var, adama deyəsən ki, sən Rusiya casususan, bir də var, deyəsən, götürülmə övladsan. Birinci halda adam özü bilir ki, bu böhtandır, heç bir ölkəyə işləmir, amma ikinci halda ürəyinə qurd düşür, çünki bunun həqiqət olub-olmadığını dəqiq bilmir.

Ancaq bu işin də pis tərəfi odur ki, birinci halda qurd başqalarının ürəyinə düşür, gümanları azır.

İndi baxıram ki, adları Rusiyanın “bunlarla işləmək olar” dəftərinə düşmüş şəxslərin bəziləri fikirli-fikirli gəzir, tanış-bilişə izahat, “elə deyil, belədir” deyə açıqlama verirlər.

Ehtiyac yoxdur. Əsas məsələ orqanizmdə aşındırıcı kimyəvi proseslərin başlanmasına imkan verməməkdir. Qalan məsələlərlə lazımi orqanlar məşğul olacaq.

Kəndçimiz isə uzun-uzadı fikirləşərək DNK testi vermək niyyətindəymiş, ağsaqqal çəkindirib, təkrarən deyib ki, get, güzgüyə bax.

Böhtançılar da arada güzgüyə baxsalar yaxşıdır, ola bilər, əsl casusları orda görərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154706

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930