Çoxlu səhvlər etmişəm – Səbuhi Məmmədli danışdı

01.09.2018 - 15:44

Cumhuriyyet.net tanınmış jurnalist Səbuhi Məmmədlinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

– Səbuhi, bildiyimə görə xaricə səfərə hazırlaşırsan…

– Səfər deyəndə ki, Ukraynaya müalicəyə gedirəm. Mən hipertoniyadan və şəkərin ağır formasından əziyyət çəkirəm. Bu yaxınlarda baş vermiş hadisədən sonra Bakıda keçdiyim müalicə kursu müəyyən qədər effektlə nəticələnib, amma düşünürəm ki, müalicəni davam etdirməli və necə deyərlər, tam sağlam həyata qayıtmalıyam. İşləməliyəm, yazmalıyam, dörd yaşı qızımı böyütməliyəm.

Düzü, Bakıda da məni müalicə edən həkim tapa bilərəm. Amma istəyirəm, bir qədər mühiti dəyişim. Bu məsələdə mənə kömək göstərən bütün həmkarlarıma, media qurumlarının başçılarına dərin təşəkkürümü bildirirəm.

– Bu yaxınlarda baş vermiş hadisəyə özün də işarə vurdun. Söhbət intihar cəhdindən və ya bu cəhd barədə sosial şəbəkədə yazdığın statusdan gedir. Nə olmuşdu?

– Bu, illərlə yığılıb qalmış sterssin fəsadıydı. Mən həyatım boyu çoxlu səhvlər eləmişəm, bunu etiraf edirəm. Bu səhvlər yığılıb-yığılıb axırda öz təsirini göstərdi. Düşündüm ki, bundan o yana getməyi bacarmaram. Gecə yaşadığım Abşeron gənclər şəhərciyindən Sumqayıt yoluyla üzü Biləciriyə sarı gəlməyə başladım, statusu da onda yazdım.

– İçki içmişdin?

– Yox, inanın ki, cəmi iki-üç bakal pivədən başqa dilimə heç nə dəyməmişdi. Ancaq daxilən çox gərgindim, yenə deyirəm, bunun da səbəbi illərlə yol verdiyim səhvlər idi.

– Sənin səhvlərini bir çoxları xarakterinlə bağlayır. Bu fikirlə razısan?

– Xarakterlə bağlayanda nəyi nəzərdə tuturlar, bilmirəm. Etiraf edirəm ki, mən zəif adamam. Amma hər hansı situasiyadan çıxmağı da bacarıram.

– Həmin gecə nə üçün başqa yerə yox, məhz Biləcəriyə tərəf gedirdin?

– Mənim uşaqlığım Biləcəridə keçib. Orda doğulmuşam, orda ailəmiz kirayədə qalıb, təzə mənzilə köçmüşük, məhlədə, məktəbdə uşaqlarla oynamışıq, əylənmişik, sirlərimizi bölüşmüşük. Mən magistralda Biləcəriyə gələrkən bax həmin dövrü xatırlayırdım. Məktəbimiz yadıma düşmüşdü, ibtidai sinif müəlliməm Firəngiz xanım gözüm önünə gəlirdi. Son zəng günü, attestatımı itirməyim, ali məktəbə sənəd verim deyə məktəb rəhbərliyinin təzədən mənə təcili attestat düzəltdirməyi… Atamı, anamı, bacı-qardaşlarımı xatırlayırdım.

Əvvəldən eşitmişdim ki, son anda insanın yaddaşında qəribə, iradədən kənar oyanma olur, yəqin məndə də beləydi. Həmin an başım sanki qaynayırdı. Sanki təndirin içindəydi. Bir sözlə, anlaqsız idim.

Magistralın kənarıyla yeriyirdim, artıq statusu yazmışdım. Saysız-hesabsız mesajlar, zənglər almağa başladım. Çoxlu insanlar – dostlar, tanışlar, həmkarlar narahat olmuşdu. Cibimdə cəmi 20 qəpiyim vardı, təxminən 300 metr gedəndən sonra yolun kənarındakı dayanacaqda nəfəsimi dərməyə başladım. Dayanacağa bitişik kiçik bir mağaza vardı. Su almaq istədim. Məlum oldu ki, 30 qəpikdir. Mən artıq ətrafımda nələrin baş verdiyini belə xatırlamırdım. Sanki ölüm kabusu yaxalamışdı həmin ərəfədə.

Bu vaxt telefonuma növbəti zəng gəldi. Dostum, vəkil Səbuhi Axundov məni axtarırdı. Səbuhiyə xüsusi minnətdarlığımı bildirirəm. Əlbəttə, mənim xilas olmağımda çox adamın rolu oldu, amma məni gəlib dayanacaqda məhz Səbuhi tapdı. Ondan sonra bəzi şeyləri xatırlamıram…

Bir o yadımdadı ki, “hardasan, hardasan” deyə Səbuhi Axundov məndən soruşurdu, “Mətanətin, Mətanət şirkətinin yanındayam” deyə cavab verirdim.

Maşınla məni Xırdalana, təcili tibbi yardım mərkəzinə apardılar. Həkimlər həm şəkərimi, həm də təzyiqimi ölçəndə gözlərinə inanmadılar. Şəkərim 18-20, təzyiqim 270-in 110-a idi. İnsanın təzyiqi 300-ə çatanda ölür. Ölümün astanasındaydım. Məni təcili “Semaşko”ya çatdırdılar, reanimasiyaya yerləşdirdilər. Bir neçə gün ərzində özümə gəldim, şəkərim-təzyiqim nisbətən normallaşdı, indi də alkoqol asılılığından müalicə almalıydım.

Çox az adam bilir ki, mən bu ilin martında sonradan yanğın baş vermiş Zığdakı Narkoloji Mərkəzdə yatmışam. Yəni könüllü surətdə müalicə almaq, içki asılılığından qurtarmaq istəyirdim. Amma orda çox az qala bildim. Çünki mərkəzdə şərait o qədər acınacaqlıydı ki, çox qala bilmədim. Təsəvvür edin, çoxlu xəstələri yekə bir palataya salıb, ağızlarını da qıfıllayırdılar. Dərmanları da dəmir barmaqlıqların arasından verirdilər xəstələrə. Narkomaniyadan müalicə alan həmin adamların arasında hər cür infeksiya, xəstəlik ola bilərdi. Adam orda lap dəli də olardı. O yan-bu yan elədin, adamın əllərini çarpayıya bağlayıb döyürdülər. Birini o qədər döydülər, bütün gecəni uladı. Qışqırmırdı, məhz ulayırdı… Mənə hələ hörmət eləyib ayrıca palataya salmışdılar.

Amma orda nə psixiatr-psixoloq vardı, nə xəstəylə maraqlanırdılar. Yalnız bir şəfqət bacısı dəmir barmaqlığın arasından dərmanları paylayıb gedirdi…

Həyat yoldaşım Samirəyə zəng elədim, xəbər yolladım ki, nə olur-olsun, gəlib məni burdan qurtarsın. Mən çıxandan iki gün sonra mərkəzdə yanğın baş verdi. Orda olsaydım, yəqin mən də yanardım.

Bu dəfə də evdə məsləhət bildilər ki, yenə mərkəzə gedim. Yanğından sonra Narkoloji Mərkəz üçün Maştağadakı ruhi-əsəb dispansirinin həyətində təzə bina tikilib, amma ora getmək istəmədim. Bu səbəbdən adını çəkmək istəmədyim özəl klinikada müalicə alası oldum.

Artıq özümü alkoqoldan xilas olmuş sayıram. Bir də heç vaxt içki içməyəcəm. Siqareti də atacam, amma hələlik çəkirəm.

– Səbuhi, intihar edib dünyasını dəyişmiş insandan soruşmaq olmur. Amma sən, Allaha şükür, sağ-salamatsan, imkan var sual verək: Nə üçün intihar etmək istəyirdin?

– Dediyim kimi, həyatımda çoxlu səhvlərim olub. Xeyli insan qarşısında günahlarım var, onların əzab çəkməsinə, əziyyətə düşməsinə səbəb olmuşam. Bütün bunlar məni daxili gərginliyə sürüklədi. Bu təsir altında həmin statusu yazdım.

– Günahkar olduğun insanlar kimlərdi – ailə üzvləri, iş yoldaşların…

– Elə hamısı… Hərəyə bir cür problem yaratmışam.

– Dalınca gələn olmasaydı, Biləcəriyə gedib nə edəcəkdin?

– Onu deməkdə çətinlik çəkirəm. Ancaq indi özümü tam təmizlənmiş, yükdən azad olmuş sayıram. Söz verirəm ki, bir də heç vaxt əvvəlki kimi olmayacam, mənə yeni şans verilməsini istəyirəm. Mənim 4 yaşında qızım var, onu böyütmək arzusndayam. Bütün həyatımla ona bağlıyam…

Demirəm, böyük pullar qazanacam. Hər halda onu xoşbəxt eləmək qədərində işləmək və qazanmağı düşünürəm. Mənim çoxlu kövrək ümidlərim var.

– Deyirsən, çoxlu səhvlər eləmisən. Səncə, həmin adamlar səni bağışlayacaqlarmı?

– Mən peşman olduğumu dedim, ümid eləyirəm, həmin adamlar da məni anlayacaqlar.

– Sənə müsahibə üçün zəng edəndə düşündüm ki, müalicəyə yollanmamışdan qabaq evdə olarsan və səninlə müsahibəni evdə götürərəm. Nədənsə şəhərdə, ofislərin birindəsən…

– Mən gəzməyi, ünsiyyətdə olmağı xoşlayıram. Buna görə də evdə oturmaq istəmirəm. Ukraynaya gedənə qədər beləcə şəhərdə, dostların yanında olmağı düşünürəm. Amma mən söz verirəm, hamı Ukraynadan təzə Səbuhini qarşılayacaq. Buna əminəm.

– Sonuncu dəfə nə zaman spirtli içki içmisən?

– Psixoloji reabilitasiya mərkəzinə getməmişdən qabaq… Çox darıxırdım deyə bir az içdim. Bu mənim sonuncu içməyim olacaq.

– Reabilitasiya mərkəzindən çıxıb hara getdin?

-Tək qalmaq istədim bir müddət. Otellərin birində gecələməyə başladım. Elə indi də səfəröncəsi oteldə qalıram. Dediyim kimi, mənim 4 yaşında qızım var. Bütün varlığımla ona bağlıyam. Onsuz həyatı təsəvvür eləmirəm. Mərkəzdən çıxandan sonra ilk dəfə görüşəndə qızım məni elə bərk qucaqladı, iki əliylə boynumdan tutub sıxdı, sıxdı… Bilirsənmi… Necə deyim… (Kövrəlir).

Sonra rayona getdim, anamın qəbrini ziyarət elədim, məni bağışlamasını dilədim. Sağlıqlarında valideynlərimi də çox incitmişəm. Nadinc, şuluq uşağıdım, ailənin ilk övladıydım…

– Oğlun Ramaldan danışmadın…

– Ramalın 22 yaşı var, uşaq deyil. Polşada təhsil alır. Həmin gecə Feysbukda statusumu oxuyub çox narahat olmuşdu. Hətta Bakıya gəlmək istəyirdi… Hər bir ata kimi mən də onun toyunu görmək arzusundayam. Və ümid eləyirəm ki, bu, mənə qismət olacaq.

– Sonuncu dəfə nə vaxt yazmısan?

– Sonuncu dəfə saytda işləyəndə yazmışam. Ancaq mən indi daha çox yazacaqlarım haqqında düşünürəm. Reablitasiya mərkəzində çox maraqlı adamlarla qarşılaşdım. Bir nəfər vardı, düz 4 ildi orda yatır. Günü 100 manatdan 146 min manat eləyir. Nə üçün onun xəstəxanada yatmağına bu qədər xərc çəkilir? Mən bunun sirrini tapdım, mən bunu yazacam.

Orda bir nəfər də vardı. 15 metrlik dəhlizdə dayanmadan sağa-sola hərəkət edirdi. Adını Ventilyator qoymuşduq. Ondan yazmaq istəyirəm. Yazılası çox şey var. Adi informasiyadan tutmuş reportaja qədər. Yaşamaq gözəldi.

– Səbuhi, intihara cəhd edən bir nəfərin təəssüratını oxumuşdum. O deyirdi, son məqamda gözümün qarşısına sevdiyim qadın gəldi, qaranlıqdan çıxıb, işıqlanmış üzüylə məni xilas elədi. Sən isə söhbət boyu analoji sima haqda kəlmə də kəsmədin.

– Mən yalnız Sədəfi xatırlayırdım. Dörd yaşlı qızımı…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930