“Bizə bir sığınacaq əvəzinə 300 manat pul verdilər” – GİLEY

08.09.2018 - 11:29

Laçın rayonundan məcbur köçkün olan Müslüm Qasımov evi uçduqdan sonra yeddi nəfər ailə üzvü ilə birlikdə küçədə qalıb. Dəfələrlə icra başçısına və digər aidiyyatı qurumlara şikayətə getsə də, ona bir sığınacaq verilməyib. Son çarəni problemini mətbuata çıxarmaqda görən M.Qasımov “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək şikayətini danışıb.

Qeyd edək ki, Müslüm Qasımov 1992-ci ildə Laçın rayonunun Ağaoğlan kəndindən qaçqın düşərək Ağcəbədi rayonu, “Taxta körpü” adlanan ərazidə məskunlaşıb. Orada öz maddi vəsaiti hesabına dördotaqlı ev tikib. Otaqların keyfiyyətli materialdan tikilməməsi və baş verən təbii fəlakətlər səbəbindən ev zaman-zaman qəzalı vəziyyətə düşüb və son illər yaşanmaz hala gəlib: “2016-cı ildə Zaqatalada baş verən zəlzələ zamanı güclü silkələnmə oldu. Otaqlar çiy kərpicdən tikildiyi üçün divarlarında çatlar əmələ gəldi. 2017-ci ildə isə İmişli rayonunda zəlzələ baş verdi. Bu zaman evimiz tam qəzalı vəziyyətə düşdü. 2018-ci ilin mart ayında, şiddətli küləyin əsdiyi vaxt gecə saatlarında iki otağımız uçdu. Qonşuların köməyi ilə vəziyyətdən çıxa bildik. Usta çağırdıq, evin içərisindəki əşyaları xilas etmək üçün dağılan divarı qaldırıcı mexanizmlə qaldırdıq. Lakin əksər əşyalarımız yararsız hala düşdü. Sonradan yağış suları da evə doldu və tamamilə yaşanmaz hala düşdü”.

Şikayətçi deyir ki, hazırda üçü azyaşlı olan yeddi nəfərlik bu ailənin yaşamağa bir yeri yoxdur: “Bu evdə yeddi nəfər adam yaşayır. Üç nəfəri azyaşlıdır. Hazırda qalmağa yerimiz yoxdur. Yoldaşım hepatit xəstəsidir, ağır vəziyyətdədir. Onun sağalması üçün məcbur qalıb kredit götürdük. Birtəhər bankın krediti verə bilirəm. Əsas odur ki, yoldaşım xəstəxanada müalicə alır. Maddi durumumuz çox aşağıdır. Uçan evimizi bərpa edə bilmirik. Mən istəmirəm ki, nəvələrim də ataları kimi şəraitsizlikdən böyrəklərini itirsin”.

M.Qasımov evinin uçması ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb ondan yardım istədiyinin bildirdi: “İcra başçımız Aqil Nəzərli və müavinlərinə evimin uçduğunu və azyaşlı nəvələrimlə pis vəziyyətdə qaldığımı danışdım. Mənə evimi təmir etmək üçün 300 manat pul verdilər və başqa heç bir köməklik edə bilməyəcəklərini dedilər. Sizcə, 300 manata uçan bir evi bərpa etmək mümkündürmü? (Fotoları göstərir…) Başçıya dedim ki, azyaşlı uşaqlara yazığın gəlsin, onlar hələ körpədirlər, bizə daldanacaq yer lazımdır. Hətta Aqil Nəzərli memarı göndərdi ki, evimə baxış keçirib, yaşayışın mümkün olub-olmamasını öyrənsin. Memar evin vəziyyətinə baxış keçirdikdən sonra yaşayışın təhlükəli olduğunu bildirdi. Yenə də icra başçısı həmin 300 manatdan savayı bir köməklik etməyəcəyini dedi. Xahiş etdim ki, heç olmasa hər otağın təmiri üçün 300 manat verilsin, lakin dediyindən dönmədi. Son sözü bu oldu ki, kimə istəyirəmsə, gedim şikayət yazım, onsuz da məktublar təkrar ona göndəriləcək”.

M.Qasımov uçan evinin bərpa olunması ilə bağlı aidiyyatı qurumlardan onun ailəsinə köməklik göstərilməsini xahiş etdi: “Mənim səsimi yuxarı instansiyalara çatdırılmanızı xahiş edirəm. Yeddi nəfərlik ailənin başının üstündə bir dam yoxdur. İki azyaşlı nəvəm və hepatit xəstəliyindən əziyyət çəkən həyat yoldaşım var. Əlacsızam… İcra başçısı Aqil Nəzərliyə səslənirəm, insan bu qədər soyuqqanlı və mərhəmətsiz olarmı?”

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930