“Arsenal”la açıq futbol oynamaq ölümə bərabərdir” – Ekspertlər

04.10.2018 - 14:31

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakı Olimpiya Stadionunda “Arsenal”la qarşılaşacaq.

Cumhuriyyet.net Qol.az-a istinadən xəbər verir ki, bu mövsüm Avroliqada qarşısına daha ciddi hədəflər qoyan Azərbaycan çempionu üçün bu oyun xüsusi önəm daşıyır. Qurban Qurbanovun komandası ən pis halda meydandan 1 xalla ayrılmağa çalışacaq ki, qrupdakı iddiasını davam etdirə bilsin.

Bəs “Arsenal”la oyunda “Qarabağ”dan nə gözləmək olar? Bu sualla mütəxəssislərə müraciət etdik.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”a inandığını və komandanın öz oyununu göstərməli olduğunu düşünür: “Bilirik ki, “Arsenal” güclüdür. Bu, o demək deyil ki, əlimizi qaldırıb, təslim olacağıq. “Qarabağ”ın da özünəməxsus üslubu var.  Komandamızdan məh öz oyununu oynayacağını gözləyirəm. Həmişə belə komandalara qarşı yaxşı təsir bağışlayıblar. Görün, 2 gün öncə MOİK “Real”la necə ağıllı oynadı. Bizə də belə savadlı oyun lazımdır. Burada qorxulu nəsə yoxdur. “Arsenal” güclüdür, lap yaxşı. Güclü rəqibə qarşı daha inamlı oynamaq lazımdır. “Qarabağ”a inanıram. İstənilən nəticə ola bilər.

Hər ölkənin öz futbolu var. İngiltərə Premyer Liqası isə Avropanın ən sürətli çempionatıdır. Əsas sual budur ki, o sürətə qarşı necə oynamalısan? Buna cavab tapsan, oyunu aparacaqsan. Tempi istədiyin kimi idarə etmək üçün topu özündə çox saxlamalısan. Rəqibi bütün zonalarda topsuz qoymaq, kompakt şəkildə oynamaq lazımdır. Top onlarda olanda meydançanı kiçiltməli, bir-birinə yaxın oynamalıdırlar ki, biri səhv edəndə digəri onu sığortalasın. Rəqibə boş zona vermək olmaz. “Arsenal”ın liderlərinə qarşı birəbir mübarizələrdə diqqətli olmalı, onları sıradan çıxarmalıyıq. Pressinq edib, topu ələ keçirmək əsas məsələlərdən biridir. İngilislərlə oynayırsansa, belə şeylərə fikir verməlisən.

Düzdür, Gerye oynamayacaq, amma Aqolli də öz sürətinə görə ondan geri qalmır. Ola bilər ki, sürəti, top uğrunda mübarizə aparmaq bacarığı bir az aşağı olsun. Ağlına, futbol biliyinə görə Aqolli Geryedən çox üstündür. O da normal oynaya bilər. Son vaxtlar Rəşadı zəif oyuna görə çox tənqid etdilər. Amma onun biliyi hamısından daha üstündür. Rəşadın meydanda olması komanda üçün vacib amillərdən biridir. Hazırda Rəşad komandaya çox xeyir verə bilərdi”.

“Kəpəz”in sabiq baş məşqçisi Şahin Diniyevə görə, “Arsenal”la açıq futbol oynamaq ölümə bərabərdir: “Mən də hamı deyəni deyəcəyəm. “Qarabağ”ın “Arsenal”ı Bakıya gətirməsi futbol adına olan böyük bir reklamdır. Qələbədən, nəticədən, sensasiyadan da öncə bu oyunun olması bizim üçün bir bayramdır. Futbolda istənilən nəticə ola bilər. “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında “Atletiko”dan xallar aldı. Nəhəng klublarla başabaş mübarizə aparmağa çalışırlar. Qüvvələr nisbəti bərabər olmasa belə, komandalar eyni qrupa düşüblərsə, deməli, şans var. Bu, çempionla autsayderin oyunu deyil. Qrupa vəsiqə qazanan komandalar zəif sayılmamalıdır. Bu baxımdan “Qarabağ” da bu qrupda mübarizə aparırsa, onu autsayder və ya zəif komanda hesab etmək olmaz. Bu gün azarkeşlər üçün nəticə yox, “Qarabağ”ın layiqli mübarizə aparması vacib olacaq. Onlar həm dünya ulduzlarını görmək, həm də komandamızın bunlara qarşı necə oynamasına şahidlik etmək üçün stadiona gələcəklər. “Qarabağ”a uğurlar arzu edirəm və ümid edirəm ki, meydanda layiqli mübarizə aparacaqlar.

Əvvəl ingilis futbolunu uzun ötürmələr, standart vəziyyətlərdən vurulan qollarla xarakterizə edirdiksə, indi futbol dəyişib. Bu gün sırf bir ölkənin futbolu yoxdur. Əvvəl Braziliya futbolu deyirdik, amma indi İspaniya texniki baxımdan onlardan daha yaxşı təsir bağışlayır. Əvvəl olsaydı, deyərdik ki, “Qarabağ”a bu gün ilk növbədə ingilislərin cinah və ya standart vəziyyətlərdən ötürmələrinin qarşını almaq lazım olacaq. Ancaq indi İngiltərə futbolu tam dəyişib. Artıq həmin uzun ötürmələr yoxdur. Daha çox kiçik ötürmələrlə boşluq axtarırlar. “Arsenal” Emerinin gəlişindən sonra daha sürətli futbol oynamağa çalışır. Götürdüyü futbolçular da buna uyğun oyunçulardır. Hərdən yazırlar ki, filan futbolçular oynamayacaqlar. “Arsenal”da ikinci heyət yoxdur. Bunu bir dəfəlik dərk etməliyik. “Qarabağ” haqda da bu ifadəni işlədirlər. Onlarda da ikinci heyət yoxdur. Bu komandanın hər bir üzvü əsas heyət üçün götürülüb. Klubun adının qarşısında “Arsenal”-2, və ya “Arsenal” U-23 yazılsaydı, ikinci heyət olduğunu demək olardı. Bu cür şeyləri yığışdırmaq lazımdır. Baxıram, yazırlar ki, “Arsenal”ın ikinci heyəti oynayacaq. Belə deyil. Çünki Özilin yerində Remzi ondan daha yaxşı oynaya bilər, yaxud da meydana çıxan hər hansı digər hücumçu Obameyanqdan daha inamlı təsir bağışlaya bilər. Çünki hamı öz şansını gözləyir. “Arsenal” elə komandadır ki, ora elə-belə futbolçu götürmürlər. Rəqib sürətli komandadır. Ona görə də “Qarabağ” açıq futbola imkan verməməlidir. Bu, diplomatik cavabdır. Bunun içindəkiləri komandanın baş məşqçisi, orada olanlar daha yaxşı bilirlər. Mənim fikrim belədir ki, “Arsenal”la açıq futbol oynamaq ölümə bərabərdir. Bu, çox təhlükəli ola bilər.

Gerye ilə Aqolli arasında fərq var, amma çox azdır. Hər ikisi “Qarabağ”ın əsas heyətinin üzvdür. Sürət baxımından Gerye Aqollidən daha üstündür. Son vaxtlar yaxşı formada idi. Amma onun olmaması dünyanın sonu deyil. Aqolli də təcrübəli futbolçudur. Millinin heyətində Avropa Çempionatının final mərhələsində oynamış oyunçudur. Bu amilə görə narahat olmaq lazım deyil. Geryenin olmaması “Qarabağ” üçün elə də böyük itki sayılmamalıdır”.

“Zirə”nin keçmiş baş məşqçisi Ayxan Abbasov isə hesab edir ki, “Qarabağ” rəqibin standart vəziyyətləri zamanı çox diqqətli olmalıdır: “Üstünlüyümüz odur ki, evdə oynayırıq. Bildiyimə görə, stadionun tam dolacağı gözlənilir. “Arsenal” haqda danışmağa ehtiyac yoxdur. Gücü hamıya bəllidir. “Qarabağ” ilk turda “Sportinq”lə matçda pis təsir bağışlamadı. Qol buraxana kimi çox yaxşı oynadılar. Hətta öz epiodları da oldu. Hücum xəttində inamlı çıxış etdilər. İnanaq ki, ən azı bir xal qazanacağıq. Bu, bizim üçün pis olmayacaq. İngilis futbolu güc və sürət baxımından çox irəlidədir. Bu klublara qarşı oynamaq çox çətindir. Səhv etmək olmaz. “Çelsi” və “Tottenhem”lə matçları xatırlasaq, görərik ki, birəbir mübarizələrdə səhvləri bağışlamırlar. Ən təhlükəlisi isə standart vəziyyətlərdir. Ucaboy futbolçuları çoxdur. Bu cür komandaların zəif nöqtəsi yoxdur ki, deyim,ondan istifadə etmək lazımdır. Xal qazanmaq üçün çox qaçmaq, əziyyət çəkmək, komanda şəklində mübarizə aparmaq lazımdır.

Son vaxtlar müdafiə xəttində Maksim-Bədavi-Rəşad-Gerye çıxış edirdi. Avropa oyunlarını nəzərdə tuturam. “Sportinq”ə qarşı isə Yakub Jezniçak oynamışdı. Gerye bu mövsüm ən yaxşı formasında idi. Çünki avrokubok matçlarında çox yaxşı oynadı. Rəşadla Geryenin müdafiədə olmaması “Qarabağ” üçün itkidir. Düzdür, Aqolli və Yakub təcrübəli futbolçulardır, çempionat oyunlarında da meydana çıxırlar, oyun təcrübələri var. Amma Qurban Qurbanov avrokuboklarda bayaq sadaladığım dörd futbolçuya şans verirdi. Onlar bir-birilərini daha yaxşı başa düşürdülər. Çətin oyunlardan o müdafiə xətti ilə keçmişdilər. Ancaq Jezniçakla Aqollinin təcrübəsi bu gün “Qarabağ”a kömək edə bilər”.

Elnur SALAHOV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123355

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930