“Qarabağ Mitinqinə 10 min nəfər gəlmişdi, Azadlıq meydanında olsaydı…”

05.10.2018 - 10:24

Qarabağ Komitəsi növbəti “Qarabağa dəstək” mitinqinə hazırlaşır. Bununla bağlı komitənin üzvü, Qarabağ Azadlıq Təşkilatı sədri Akif Nağı ilə həmsöhbət olmuşuq.

Cumhuriyyet.net onun AzEuroNews.com-a müsahibəsini təqdim edir:


“Qarabağa  görə mitinqə YAP-çılar da gəlmişdilər”


 – Akif bəy, ilk mitinqi həm say, həm effektivlik baxımdan necə qiymətləndirirsiniz?

– Son 30 ildə keçirilən mitinqlərlə az-az müqayisə oluna bilər. Coşqulu oldu, məsələlərin qoyuluşu düzgün id, iqtidar da, müxalifət də mitinqdə iştirak edirdi. Yəni, son illərdə belə mitinq olmamışdı, bir hadisə yaratdı.

Həmçinin deməliyəm ki, mitinqdə YAP-çılar da iştirak edirdilər və deyirdilər ki, biz Qarabağa görə gəlmişik. Bəziləri qınayır ki, qaçqınlar yox idi, amma gələnlərin elə çoxu qaçqınlar idi. Ümumiyyətlə, Qarabağ naminə ölkə birləşməlidir və siyasi mənsubiyyət fərqi olmamalıdır.


“Sabir Rüstəmxanlının çıxışçılar arasında adı varıydı, lakin…”


– YAP-dan Eldar İbrahimovun mitinq qabağı dəstək çağırışı olmuşdu, stadiona 15-20 min nəfər yığışacağı gözlənilirdi. Amma gəlmədilər…   

–  Biz 10 min nəfərlik mitinq keçirirdik, 10 min nəfər də gəlmişdi. Milyonluq mitinq deyildi ki?! Orada 10 min civarında insan iştirak elədi. Nəzərə almaq lazımdır ki, stadionun tutumu azdır. Azadlıq meydanında olsaydı, onminlərlə insan çağırardıq.

Digər tərəfdən, hakimiyyətdən iki cür mövqe sərgiləndi: Eldar İbrahimov dəstək verdisə, Siyavuş Novruzov əleyhinə çıxdı. Bu məsələdə hamı vahid mövqedən çıxış etməlidir.

–  Cəmiyyətin tanınmış simaları – Sabir Rüstəmxanlı, İsa Qəmbər, deputatlardan Fazil Mustafa, Qüdrət Həsənquliyevi də görmədik. Niyə mitinqə gəlmədilər?      

– Sabir Rüstəmxanlı komitənin üzvüdür və mitinqdə çıxışçılar arasında adı da varıydı. Lakin həmin gün dediyinə görə üzrlü səbəbi olub, gələ bilməyib. Digərlərinin niyə gəlməməsini özlərindən soruşsanız daha yaxşı olar. Amma biz artıq ikinci mitinqə hazırlaşırıq.

Mitinqin yerini, şüarı müəyyənləşdirmək üçün 17 partiyaya müraciət etmişik. YAP, Müsavat, Milli Şura, AMİP, yəni hamısına müraciət etmişik ki, Qarabağ naminə birgə hərəkət edək.

Kimlər iştirak edə bilmirlər öz işləridir, ittiham etmək də istəmirik, biz cəmiyyətin birliyinə çağırırıq. Bundan sonrakı mitinqlərdə kimlər iştirak edərsə, şad olarıq.

 –  Akif bəy, ümumiyyətlə Qarabağ Komitəsi münaqişənin həllini nədə görür – müharibə yoxsa sülh? Hökumətdən danışıqlar prosesində effektiv addımlar atmağı tələb edirsiz yoxsa səfərbərlik elan olunmasını?

– Hər iki tələb var. Seçimi hakimiyyətə buraxırıq. Komitədə sülh tərəfdarı olanlar da, müharibə istəyənlər də birləşib. QAT bilirsiniz ki, yalnız hərbi yol deyir. Amma komitədə hər iki mövqedən çıxış edənlər toplaşıb və seçim iqtidarındır.  Biz hökumətdən tələb edirik ki, təsirli, real addımlar atılsın.


“Kimsə Qarabağ kartından istifadə edib hakimiyyətə gələ və ya hakimiyyətdə qala bilməz”


– Sərdar Cəlaloğlu demişdi ki, kiçik mitinqlər Qarabağın həllinə maneədir, olacaqsa, nəhəng mitinqlər olsun. Siz necə düşünürsünüz?

– Təkcə mitinqlərdən yox, digər formalardan da istifadə edəcəyik.  Qarabağın azad olunduğu günə qədər bu məsələ gündəmdə saxlanmalıdır. Artıq xeyli vaxt keçib, insanlar passivləşiblər, reaksiya vermirlər, biz partiyaların, cəmiyyətin fəallığını artırmaq istəyirik.

Eyni zamanda media Qarabağı gündəmdə saxlamalıdır. Türkiyədə, Avropada diaspora təşkilatları içində kifayət qədər bu mitinqə diqqət ayrılır. Biz də istəyirik 100 minlər meydana çıxsın. Əvvəlcə minlər çıxsın, inşallah yüzminlər də meydana çıxacaq.

Komitənin mövqeyi odur ki, Qarabağ siyasi alver üçün istifadə oluna bilməz. Biz Qarabağı siyasi oyunlar predmetindən çıxarırıq. Kimsə bu kartdan istifadə edib hakimiyyətə gələ və yaxud hakimiyyətdə qala bilməz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123395

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031