Həbib və Konorun döyüşünə Bakıdan fərqli yanaşmalar

09.10.2018 - 09:47

Sosioloq hesab edir ki, bu cür idman yarışlarına son qoyulmalıdır, idmançı isə fərqli düşür…

Las-Veqasda UFC turniri çərçivəsində keçirilən döyüşdə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irland həmkarı Konor Makqreqora qalib gələrək çempion titulunu qoruyub saxladı. Döyüşü Azərbaycanda da izləyən az olmadı. Lakin döyüşdən sonra insanlar sosial şəbəkələrdə statuslar yazaraq, bu kimi yarışlarla bağlı fərqli fikirlər bildirdilər.

Bəzi şəxslər yazdılar ki, bu cür yarışların keçirilməsi doğru deyil və bu, cəmiyyətlərin kriminallaşması, insanların vəhşiləşməsinə gətirib çıxarır. Bu cür düşünənlər qeyd edirlər ki, Avropada it döyüşüləri belə qadağan olunduğu halda nə üçün insanların pul üstündə ölüm-dirim savaşını təşkil edirlər…

Təbii ki, məsələ ilə bağlı əks fikirdə olanlar da az deyil. Onlar isə hesab edirlər ki, bu cür əyləncəli xarakter daşıyan çempionatlar hər zaman olub və davam etməlidir.

Məlumat üçün qeyd edək ki, UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılıb. Çempionatın təşkilatçısı Dana Vitedir. Yarışlar ABŞ-ın Las-Veqas şəhərində keçirilir. Bu günə qədər bir çox idmançılar bu çempionatda güclərin sınayıblar və qalib olublar, bunlara misal olaraq məşhur Ciu-citsu döyüşçüləri yetirən Qreysi ailəsinin nümayəndəsi Roys Qreysi, Ken Şemrok, Anderson Silva, Corc Sen-Pier, Joze Aldu, Dominik Kruz və s. kimi göstərmək olar.

Bu çempionatda da başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq). Döyüşlər qəfəsdə keçirilir və bu qəfəs 8 künclü olur.

Çempionatı hakimlər idarə edir, tanınmış hakimlərdən biri də Con Makkartidir. Döyüş başlamamış hakim idmançılara qadağan olunmuş zərbələri və qadağan olunmuş yerlərə zərbə vurulmamağı başa salır və kənar şəxslər qəfəsdən xaric olduqdan sonra döyüşə başlamaq əmrini (fight) verir. Bu yarışlarda da qadağan olunmuş yerlərə zərbə vurmaq və xəsarət yetirmək olmaz, məsələn: gözə barmaq batırmaq, başın ənsə hissəsinə zərbə endirmək, onurğa sütununa zərbə endirmək və s. Yarışda qəfəsdə olan hakimdən başqa 3 hakim kənardan oyunun gedişinə diqqət edir.

Yarış 3 hissədən hər hissə isə 5 dəqiqədən ibarət olmaqla keçirilir, sonda əgər idmançıların heç biri nakaut və ya naqdaun vəziyyətinə düşməyibsə bu idmançıların hansının qalib olmasına yan hakimlər qərar verir.

Bu dünya şöhrətli idman yarışında güclü cinsin nümayəndələri ilə yanaşı zərif cinsin nümayəndələri də mübarizə aparırlar.

UFC çempionatında qalib elan olunmuş döyüşçüyə yarışın fəxri qızıl kəməri və pul mükafatı verilir.

Sosioloq Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, əslində bu cür yarışlar keçirilməli deyil: “Bu cür döyüşlər bir zamanlar Amerika psixologiyasından doğan halların nəticəsidir. Bunlar da Amerikada bir müddət mövcud olan həyat tərzi ilə bağlıdır. Çünki qaçaq, quldur və digər bu kimi adamların hamısını Amerikaya aparıb yığmışdılar. Onlarda da bu cür psixoloji hallar formalaşmışdı. Bəllidir ki, Şərqdə də hər zaman güləş olub. Ancaq bu cür qəddarcasına vuruşmaq, doğrudan da insan üçün xoşagəlməz bir haldır. Çünki hər bir də ölkə üçün əsas məsələ əhalinin fiziki sağlamlığı, mənəvi zənginliyi və yaradıcı əməyə tələbatını artıran amillərdir. Bunlar insan üçün ən vacib prinsiplərdəndir. O şeylər ki, insanın fiziki, mənəvi sağlamlığına zərbə vurur, onlar tamamilə yığışdırılsa daha yaxşı olar. Çünki bəşəriyyətin həqiqi yolu tələb edir ki, o idman növü ilə məşğul olar ki, həmin idman növü dediyim prinsiplərə zidd olmasın. Əgər idman insanın həm fiziki, həm də mənəvi cəhətdən inkişafına kömək edirsə, o zaman bunu gözəl idman növü kimi qarşılamaq olar. Ancaq bu cür idmanların ləğv edilməsi daha məsləhətdir. Ona görə də hesab edirəm ki, bu cür qəddar yarışların keçirilməsi doğru hal deyil. Mən bunu dəstəkləmirəm”.

Boksçu Fuad Cəlilov isə “Yeni Müsavat”a bildirdi ki, bu, sadəcə olaraq şou xarakterli yarışmadır: “Həm şoudur, həm də yarışmadır. Bu idman növlərinin öz qaydaları var ki, həmin qaydalardan da çox adam xəbərsizdir. Əslində bu, idman növü də deyil. Sadəcə olaraq döyüş növüdür və şou xarakteri daşıyır. Ümumiyyətlə, yarışmanın özü pul qazanmağa hesablanıb. O ki qaldı Həbibin döyüşdən sonrakı hərəkətinə bu, idmançı etikasına sığışmayan davranış idi. Düşünmürəm ki, nizamnamədə də bu cür hal olsun. İki nəfər gedib pul üçün döyüşürlər. Bu məsələdə titulu saxlamaq önəmlidir. Həmin titulun da arxasında pul dayanır. Döyüşü sivilizasiyaların döyüşü və birinin digəri üzərində qələbəsi kimi xarakterizə edənlər də var.  Sadəcə olaraq hərənin yanaşması bir cürdür. Mənim də döyüşlə bağlı statusum vardı. Yəni kim hansı tərəfdən istəyirsə, elə də qiymətləndirir. Həbibə döyüşdən sonra kəmərin taxılmaması da düşünürəm ki, doğru hərəkət idi. Çünki əksi baş versəydi, bunun fəsadı çox böyük olardı. Bu döyüşlərin tarixini qladiator döyüşləri ilə bağlayanlar da var. Əslində hər ikisi əyləncə üçündür. Ona görə də bu baxımdan bağlılıq tapmaq olar. Döyüşlərə hazırlaşmaq çox çətin bir haldır. Əsas məsələ burada pul qazanmaqdır. Ona görə də adi idmanla bunu qarışdırmaq olmaz. Burada qaydalara görə şəxs boğulan zaman əlini vurmursa və bu yolla işarə vermirsə, o zaman boğulub öldüyü halda qarşı tərəfdə günah olmur. Ancaq işarə verirsə o zaman döyüş dayanmalıdır”.

Əli Rais,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123531

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2018
BE ÇA Ç CA C Ş B
« Sen    
1234567
891011121314
15161718192021
22232425262728
293031