Badamdarda qorxulu sürüşmə: sakinlər səksəkədə

15.10.2018 - 10:52

Bakının sürüşmə zonalarında yenidən aktivlik müşahidə edilməkdədir. Oktyabrın 13-də Səbayel rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şosesi)  növbəti dəfə sürüşmə baş verib. Hadisə nəticəsində torpaq kütləsi axaraq, yolun bir hissəsini bağlayıb.

Mütəxəssislər bildirirlər ki, hazırda baş verən böyük sürüşmələrin səbəbi havanın yağmurlu olması deyil, insan faktorudur…

 

“Yeni Müsavat”ın reportyor qrupu olaraq əraziyə yollanıb, hadisə ilə bağlı bəzi detalları öyrəndik.  Ərazidə olduğumuz zaman müşahidə etdik ki, təhlükə olduğu üçün sürüşmənin baş verdiyi yerdən keçən magistral yol ikitərəfli bağlanıb. Yola beton sədlər düzülüb və avtomobilin hərəkəti məhdudlaşdırılıb. Yaşayış evləri sürüşmənin yuxarı tərəfində tikildiyi üçün sürüşən torpaq kütləsinin altında heç bir mənzil, iaşə obyekti qalmayıb. Yaxınlıqda yaşayan sakinlər söylədilər ki, mütəxəssislər sürüşmənin dayandığını bildirsələr də yola axan torpaq kütləsinin həcmi getdikcə çoxalmaqdadır. Yaxınlıqda yaşayan sakin Fərid Məmmədov söylədi ki, bu ərazidə tikintilər aparıldıqdan sonra torpaq kütləsinin axını başlayıb:

“Yuxarı hissədə tikinti işləri görülürdü. Traktor işə başlayan kimi torpağın bir hissəsi sürüşüb. Sonra da proses davam etdi. Ümumiyyətlə, burada evlər tikilsə də, bir dənə də olsun ağac əkilmir. Həmçinin yuxarıda yaşayan camaatın hamısının həyətində qazılmış quyu var. Çünki bu ərazinin kanalizasiya sistemi mövcud deyil. Mən uzun illərdir ki, bu ərazidə yaşayıram. Əvvəllər hazırda sürüşmə baş verən yerin üstündə bir dənə də tikili yox idi. Sonradan yavaş-yavaş orada evlər, hətta villalar tikməyə başladılar. Deyirlər ki, buradakı evlər qanunsuzdur. Ancaq ərazidəki evlərin hamısı heç də sadə, imkansız camaatın evi deyil. Orada villalar da var. Ümumiyyətlə, bu ərazidə torpaq çox bahadır. Bunu imkanı olmayan alıb, iri darvaza qoyub, hündür hasar tikə bilməz”.

Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində ərazidə müşahidələr aparırlar. Ekspedisiyanın rəisi Əziz Qaralov “Yeni Müsavat”a bildirdi ki, 11 evə elektrik enerjisi, su və qazın verilişi dayandırılıb, 8 sakinə evlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edilib:

DSCN4698.JPG (620 KB)

“Eyni zamanda, yamacın aşağı hissəsində olan 4 iaşə obyektinin də fəaliyyəti dayandırılıb. Ümumiyyətlə, ərazidə sürüşmə prosesi oktyabr ayının 1-dən etibarən başlayıb. Biz orada gərginlik hiss edən kimi bununla bağlı müvafiq orqanları xəbərdar etdik. Nazirlər Kabinetinə, yerli icra hakimiyyətinə məlumat verdik ki, insanlara zərər dəyməsin. Oktyabrın 12-də isə sürüşmə dairəsinin konturlarını hazırlayıb, Nazirlər Kabinetinə göndərdik. Ayın 13-də səhər saat 8-ə qalmış isə sürüşmə baş verdi. Sürüşən torpaq qatının eni 300 metrdən çoxdur, uzunluğu 200 metrdən, hündürlüyü isə 15 metrdən artıqdır.  Sürüşmənin səbəbi yaşayış evləridir. Onların heç birinin kanalizasiya sistemi yoxdur. Həmin laylada 100-lərlə ev var. Hamısında da şambo sistemidir. Nəticədə sudan torpaq doyub, son nəticəsi də budur. Sürüşmə kütləsinin təsir dairəsinə düşən evlər təhlükədədir”.

Həmin evlərin sakinləri isə rəsmi qaydada hər hansı bir əraziyə köçürülməyiblər. Öyrəndik ki, bu evlərdə yaşayanlar təhlükə olduğu üçün qohumlarının, yaxınlarının evlərinə gediblər. Onların mənzilləri isə hər an uça bilər. Çünki ərazidə sürüşmə aktiv fazadadır.

Oktyabrın 13-də baş nazirin müavini Hacıbala Abutalıbov və Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Eldar Əzizov Badamdarda sürüşmə zonasında olublar. Hacıbala Abutalıbov bildirib ki, Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur: “Elə ona görə də dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, bu yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxana fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır. Böyük yarğanlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir, su ilə doludur.

Hacıbala Abutalıbov badamdarda ile ilgili görsel sonucu

Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur”.

Eldar Əzizov da əsas günahkar kimi sənədsiz ev tikən sakinləri görüb. Sakinlərlə söhbət etdiyimiz zaman onlar isə bildirdilər ki, günahkar məmurlardır:

“İndiyə qədər Badamdar boyda ərazinin kanalizasiya sistemi yoxdur və bu haqda da hər hansı bir iş görülmür. Sürüşmə baş verəndə isə deyirlər ki, günahkar hansısa vətəndaşdır. Əslində isə günahkar olan elə bu işlərdə məsuliyyət daşıyan, kanalizasiya sistemini qurmayan məmurlardır”. Onu da qeyd edək ki, ərazidə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da olub, müvafiq tapşırıqlarını verib.

Sürüşmə zonasının yaxınlığında 5 mərtəbəli köhnə yaşayış binası da mövcuddur. Lakin mütəxəssislər bildirdilər ki, hazırda həmin bina üçün təhlükə yoxdur. Binanın sakinləri də söylədilər ki, evlərində hər hansı bir çat əmələ gəlməyib.

Məlumat üçün onu da qeyd edək ki, Bayıl yamacında sürüşmə zonasında hər hansı bir aktivlik müşahidə olunmur. Bu barədə “Yeni Müsavat”a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verdi. O, söylədi ki, Bayıl ərazisinə də mütəmadi şəkildə baxış keçirirlər:  “Lakin orada hansısa aktivlik qeydə almamışıq”.

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=123733

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930