Taksi şirkətlərindəki gizli oyun: hər taksidən 50 manat…

29.01.2019 - 09:35

Paytaxtda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı şikayətlər gün keçdikcə artır. Adətən müştərilər bu şirkətlərin fəaliyyətindən narazılıq etsələr də, bu dəfə şikayətçi tərəf sürücülərdir. Sürücülər bildirirlər ki, qazandıqları məbləğdən faiz ödəməklə yanaşı, vaxtaşırı müştəriləri əldə etmək üçün şirkətdəki bəzi adamlar onlardan həftəlik 20-50 manat pul alırlar. Kim bu məbləği ödəmirsə, günlərlə sifariş də almır.
Taksi sürücülərinin sözlərinə görə, bu məbləği şirkət rəhbərliyinə aid olan şəxslərə deyil, əsasən, operatorlarla nəzarət edən şəxslərə ödəyirlər. İddiaya görə, bu hal bütün taksi şirkətlərinə aid olmasa da, sərnişinlərin tanıdığı tanınmış şirkətlərin əksəriyyətində belədir.
Məsələ ilə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bu sahədə fəaliyyət göstərən özəl şirkətlərlə bağlı heç bir qanuni tənzimləmə olmadığına görə belə problemlərin yaşandığını deyib. “Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin əksəriyyəti ilk vaxtlar işlərini normal şəkildə qursalar da, bir müddət keçdikdən sonra “başıpozuq” sistem işə düşür. Bu zaman nəinki keyfiyyətli xidmət, eyni zamanda, sürücülərin istismar edilməsi məsələsi də önə çıxır.
Hesab edirəm ki, bu xidmət sahəsi hansısa bir formada qanunvericiliyə uyğunlaşdırılmalı, onlarla əmək müqaviləsi bağlanılmalıdır. Çünki o şirkətlər sürücüləri istismar edərək, külli miqdarda pul qazanırlar. Bu xidmət heç bir formada rəsmiləşdirilmir, gəlir kimlərinsə cibinə gedir. Həmin şirkətlər vergi ödəyirmi, bu pullar hardan gəlir, hara gedir – bunun hesabatını aparmaq lazımdır.
Taksi şirkətləri ilə yanaşı, ayıq sürücü xidmətində də belə problemlər müşahidə olunur. Bunlar yeni xidmət növü olsalar da, fəaliyyətlərinin qanunvericiliklə nizamlanması üçün artıq zaman yetişib”, – E.Muradlı bildirib. Ekspert taksi şirkətləri ilə bağlı müşahidə olunan digər şikayətlərdən də danışıb: “Bəzən müştəri zəng edib taksi sifariş edir. Yarım saatdan sonra sürücü yığır ki, gələ bilmirəm, başqa müştərim var. Belədə sürücülər çox pul verən müştərinin dalınca gedirlər. Bəzi hallarda sürücülər sərnişinlərə qarşı nalayiq hərəkətlər edir, müştərini mənzil başına çatdırmır və ya işə istismara yararsız nəqliyyat vasitəsi ilə işə çıxır. Taksi şirkətləri pul qazanmağı bilirsə, xidmət, keyfiyyət məsələsinə də əməl etməlidir.
Şirkətlərin əksəriyyəti sürücüləri ayda-ildə bir dəfə, pul alıb-verəndə görür. Bir çox hallarda taksi şirkətləri heç maraqlanmır ki, sürücü qatı cinayətkardırmı, maşını hansı vəziyyətdədir, müştərini normal şəkildə aparıb ünvana çatdırdımı və s. Çox vaxt problemlərlə bağlı şikayət etmək istəyəndə “qaynar xətt” nömrələrinə zəng çatmır və ya şirkət şikayətlə bağlı ölçü götürmür”.
Ekspert hazırda bu sahədə xaos olduğunu vurğulayıb: “Sürücülər 18 manat verib, BNA-dan fərqlənmə nişanı alır və taksi şirkətləri ilə işləməyə başlayırlar. Məsələ orasındadır ki, bu işin hesabı-kitabı yoxdur! Ona görə də işin keyfiyyətindən danışmaq olmur. Düşünürəm ki, bu xidmət sahəsi olduğuna görə məsələyə yaxın vaxtlarda baxılmalıdır. Bu sahəyə İnzibati Xətalar Məcəlləsi ilə bir əncam çəkmək olar. Hazırkı vəziyyətdə sənişinlər uzaqbaşı Bakı Nəqliyyat Agentliyinə (BNA) şikayət edə bilərlər. BNA həmin şəxslərə gələcəkdə fərqlənmə nişanı verməyə bilər. İndiki halda həmin şirkətləri məsuliyyətə cəlb etmək üçün inzibati metodlar yoxdur. Hesab edirəm ki, BNA hökumət qarşısında özəl taksi şirkətləri ilə bağlı təklif verməli və bu sahəyə nəzarəti gücləndirməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930