Sözün keşiyində 41 il … – Qulu Məhərrəmlinin 65 yaşı

04.11.2019 - 17:15

7dd5d97bba596368b0343536c60d8f2cAzərbaycan jurnalistikasının tanınmış simalarından sayılan professor Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti ilə cəmiyyətdə rəğbət qazanmış Q.Məhərrəmli populyar televiziya aparıcısı, publisist, televiziya tənqidçisi, media mütəxəssisi olmaqla yanaşı, jurnalistika elmimizin parlaq təmsilçisidir, filologiya elmləri doktoru, BDU-nun professoru, respublikanın Əməkdar jurnalistidir. Biz yubileyi münasibətilə həmkarımızı təbrik edir və aşağıda onun zəngin bioqrafiyasını oxucuların nəzərinə çatdırırıq.

Qulu Məhərrəmli 1954-cü ildə Zəngilanda doğulub, orta təhsilini Şuşada alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Qısa müddətdə redaktor və böyük redaktor vəzifələrinə irəli çəkilib. 1982-ci ildən AzTV-də yeni yaradılmış “Beynəlxalq icmal” qrupuna rəhbərlik edib.

1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxmağa başlayıb, “1000 saniyə” və “24 saat” xəbər verilişlərini, həmçinin əsas xəbər proqramını aparıb.

1993-1995-ci illər arasında geniş tamaşaçı kütləsi toplayan “7 gün” populyar analitik-informasiya verilişinin müəllifi və aparıcısı olub.

Hadisələrin təhlilinə obyektiv və plüralist yanaşması ilə fərqlənən bu proqram Qulu Məhərrəmlini peşəkar aparıcı kimi auditoriyaya daha geniş tanıdıb. Hadisə, problem və faktlara fərdi yanaşması onun AzTV ekranında ilk davamlı müəllif proqramı olan, ən müxtəlif mövzuları araşdıran “Təfsilat”ın, sonralarsa “Gerçəklik” verilişinin populyarlığını təmin edib, müxtəlif mövzularda apardığı tok-şoular da həmişə maraqla qarşılanıb.

1995-ci ilin martında Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Qulu Məhərrəmli, həmin il qısa müddətdə “Xəbərlər” baş redaksiyasına da rəhbərlik edib. Beynəlxalq əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan reportajlar aparıb, ölkə başçılarının xarici səfərlərindən çoxsaylı hesabatlar, müsahibə və reportajlar hazırlayıb.

Bu illərdə onun Qarabağ mövzusunda şərhləri, beynəlxalq həyata dair siyasi təhlilləri, görkəmli siyasətçilərlə apardığı müsahibələr də maraqla baxılıb.

1995-ci ilin avqustun 14-dən efirə çıxan “Səhər” musiqi-informasiya proqramı, təkcə Qulu Məhərrəmlinin yaradıcılıq bioqrafiyasında deyil, bütövlükdə Azərbaycan televiziyası tarixində yeni estetik prinsiplərin ekran təcəssümü baxımından yeni səhifə açdı. Peşəkar jurnalist, indi də teleməkanın baxımlı verilişlərindən olan bu proqrama 12 il rəhbərlik edib.
2005-ci ildə AzTV şirkətdən qapalı səhmdar cəmiyyətə çevrildikdən sonra da “Səhər” proqramına rəhbərliyini davam etdirən

Qulu Məhərrəmli, 2007-ci ildə “Müəllif proqramları və xüsusi layihələr” departamentinin direktoru təyin olunub. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək, yeni yaradılmış Xəzər televiziyasında fəaliyyətə başlayıb, bu telekanalın ilk dövrdəki yaradıcılıq üslubunun və estetik prinsiplərinin formalaşmasına öz töhfəsini verib.

2007-2012-ci illər arasında Xəzər TV-də apardığı “Dost məclisi” və “Gündəm” proqramları qısa müddətdə tamaşaçılar arasında populyarlaşıb.

Azərbaycan telejurnalistikasının inkişafında müstəsna xidmətləri olan Qulu Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə populyar xarici serialın Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

Praktik jurnalistika ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Qulu Məhərrəmli 1989-cu ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib. Müstəqil Azərbaycanın jurnalistika üzrə ilk elmlər doktorudur. 2006-cı ildən Bakı Dövlət Universitetinin professorudur. Elmi araşdırmalarında jurnalistikanın ümumi nəzəriyyəsi, media konsepti, teleradionun tarixi, ekran-efirin aktual elmi-nəzəri problemləri, o cümlədən mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.

Professor Q.Məhərrəmli 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti, həmçinin izahlı və etimoloji lüğətlərin müəllifidir. Əsərləri ingilis, rus, çex, fars və koreya dillərində çap edilib.

2011-2012-ci illərdə Qafqaz universitetində yeni açılmış Jurnalistika fafedrasının müdiri olub.

2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunun Monitorinq şöbəsinə rəhbərlik etmiş professor Qulu Məhərrəmli Ana dilinin inkişafı ilə bağlı Dövlət Proqramının müddəalarının yerinə yetirilməsinə mühüm töhfələr verib. Dövlət dilinin düzgün tətbiqi və ədəbi normalara riayət olunması üçün çoxsaylı tədbirlərin reallaşmasına, o cümlədən institutda “qaynar xətt”in işə düşməsinə nail olub.

Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil edib. Media problemləri, o cümlədən mətbuat azadlığı üzrə azsaylı beynəlxalq ekspertlərdən biridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara layiq görülüb. Hazırda elmi-pedaqoji fəaliyyətini davam etdirən professor Qulu Məhərrəmli teletənqidçı kimi təhlillər aparır, publisist çıxışlar edir, praktik jurnalistika, o cümlədən teleyaradıcılıq sahəsində də öz layihələrini gerçəkləşdirir.

İctimai fəaliyyətlə də məşğul olan prof. Qulu Məhərrəmli 2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının sədr müavini vəzifəsində çalışıb. Hazırda “Jurnalistikanın inkişafına yardım mərkəzi” İB-yə rəhbərlik edir.

Jurnalistika sahəsində ən yüksək mükafatlara layiq görülüb. 2006-cı ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Yadigar Məmmədli

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930