“XALQ CƏBHƏSİ MƏNİ İŞDƏN ÇIXARDI…” – “Hüseyn Abdullayevin anasına baş çəkirəm”

14.12.2019 - 12:02

Xalq artisti Brilliant Dadaşovanın televiziya verilişlərinin birində AXC-Müsavat hakimiyyəti haqqında ittihamlar səsləndirib, həmin vaxtlarda qorxusundan şəhərdə silahla gəzdiyini deyib. Onun fikirləri sosial şəbəkələrdə rezonans doğurub, xüsusən müxalifət fəalları Xalq artistinin ünvanına kəskin ifadələr işlədiblər. 

B.Dadaşova “gununsesi.org”-a müsahibəsində dediklərinə belə aydınlıq gətirib:

– Brilliant xanım, müsahibənizdə 1991-ci ildəki AXC hakimiyyətini tənqid etmisiniz. Amma həmin zaman Ayaz Mütəllibov prezident idi… 

– Mən həmin dövrdən danışmışam. Ola bilər ki, tarixi səhv deyim. Amma fikirlərimdə qalıram. Bir faktı deyim: gözümüzün qarşısında meyvə-tərəvəz dükanını güllə-boran edib dağıdıblar. Səbəb isə satıcının malı 5-10 qəpik artıq deməsi olmuşdu. Belə bir zəmanədən danışıram.

– Ona görə də silah gəzdirirdiniz? 

– Bəli, mənim silahım vardı. Efirdə də dedim ki, qorxumdan gəzdirirdim. Qanunsuzluq baş alıb gedirdi.

– Silah gəzdirməyin özü də cinayət əməlidir. Siz niyə bu qanunsuzluğa gedirdiniz? 

– Onda hamı qanunu pozurdu. Qanun sayan yox idi.

– O silah sizdə qalırmı? 

– Yox, o silah kimin idisə, ona da təhvil verdim. Dostlarımın idi. Bu gün qanunlarımız işləyir. Daha silaha ehtiyac qalmayıb. AXC hakimiyyətdən gedəndən sonra vəziyyət dəyişdi.

– Bir neçə il öncə hava limanında sizə qarşı kobud hərəkətlər olmuşdu. Ölkədən birdəfəlik gedəcəyinizi demişdiniz. O günləri də xatırlayırsınızmı?…

– Mən heç zaman “ölkədən gedirəm” deməmişəm. Bakıdan gedərkən yox, Bakıya gələndə məni saxladılar. Bu da pasportuma görə olub. Çünki mən Türkiyə pasportu daşıyırdım. O vaxt mənim Azərbaycan pasportumun vaxtı bitmişdi. Mən də təcili olaraq Türkiyəyə çəkilişlərə getməli idim. Onlar məni dəvət etmişdilər. Həmin vaxt “ASAN xidmət” yox idi. 15 il öncə 1 günə pasport hazırlama mümkün olmadığına görə, mən Türkiyə pasportu ilə uçmuşdum. Onunla da qayıtmışdım. Geri dönərkən sərhəddə məni saxladılar. Dedilər, “ikili vətəndaşlıq olmaz”. Sonra mənə dedilər ki, “Sizin adınız Brilliant yox, “Pırlanta” yazılıb”. 1993-cü ildə mənə Türkiyə pasportu verilərkən mən o zaman demişdim ki, mənə Brilliant adı yazmayın, “Pırlanta” yazın. Çünki Türkiyədə Brilliant demək onlara çətindir. Yəni ki, ciddi qanunsuzluq ola bilməz. Bu gün dövlətin bütün orqanları öz işini məsuliyyətlə görür.

– Son illərdə MTN-də Eldar Mahmudovun əməlləri açıldı, nazirliyin 20 vəzifəlisi həbs edildi. Ondan öncə DİN-də Hacı Məmmədov ifşası baş verdi. Bəs, bunlar haqqında niyə danışmırsınız?

– Bu sualı siyasətçilərə yönəltmək lazımdır. Mən deyirəm ki, hamımızın sevdiyimiz, institut vaxtı piketlərinə getdiyimiz Xalq Cəbhəsi özünü doğrultmadı. Mən də mübarizə aparmışam. 1991-ci ilin yanvar ayında bizim insanlarımız öldürüldükdən sonra XI Qızıl Ordunun heykəli hələ də yerində dayanmışdı. Və mən bir institut tələbəsi olaraq 6 ay keçəndən sonra o heykəlin qarşısında dayanıb mübarizə etmişəm. Demişəm ki, qan tökənin, baş kəsənin çıxaq başı üstünə. “Haydı-haydı ər igidlərimiz, birləşin daha”, demişəm. Və mən də öz növbəmdə bunu mübarizə hesab etmişəm. Xalq Cəbhəsinə inanmışam. Ancaq onlar gəldikdən sonra 1991, ya 1992-ci il idi… Mən də ona görə demişəm, hamımızın inandığımız Xalq Cəbhə gəldikdən sonra məni işdən çıxartdılar. Sizin mənə verdiyiniz sual siyasətçilərə aiddir.

– Bəs, bu gün də o dedikləriniz əməllərdən varmı? Rüşvət, korrupsiya haqqında danışa bilərsinizmi?

– Əzizim, mən özümə aid olan şeydən danışmışam. Məni işdən çıxarıblar. Mən özümdən danışmışam. Mən bir tələbə kimi o qədər inanmışam, biz piketlərə gedirdik, mən uşaqları yığmışam. Vallah, onlarla insanlarımız, qaçqınlarımız gedib onları qarşılayırdıq. Biz onları yerləşdirməyə çalışırdıq. Onlara kömək edirdik. Mən ondan sizə danışıram.

– Mən bildiyim qədər, Hüseyn Abdullayevlə qonşu idiniz, münasibətiniz də vardı. Bu gün Hüseyn Abdullayevlə maraqlanırsınızmı? 

– Anasını görərkən necə salam verirdimsə, indi də salam da verirəm. Vaxtım olanda, gedib yanına baş da çəkirəm. Çay da içirəm. Mən, çoxdandır Bakıda deyiləm. Hətta demişəm ki, havasına görə 5 il Zaqulbada ikiotaqlı evdə, divanda yatmışam. Ancaq şəhər evimizə gedəndə, Zeynəb xanımı görürəm. Qucaqlayıb öpürəm. Qaldı ki, siz əgər siyasi suallar vermək istəyirsinizsə, siyasətçi olan insanlara verin…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=138749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930