“BAKIDA YOLUXMA TENDENSİYASI MÜŞAHİDƏ OLUNUR…”-Operativ Qərargahın brifinqi

03.08.2020 - 18:52

Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. Budəfəki mətbuat konfransında Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev iştirak edirlər.

Vəziyyət nəzarətdədir

Hikmət Hacıyev məlumat verib ki, ölkədə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır. Yoluxanlar və sağalanlar arasında müsbət dinamika müşahidə edilir: “Hər bir vətəndaşa təşəkkür edirik. Ancaq bundan sonra da qaydalara riayət etmək lazımdır. Virus hələ də bizimlə yaşayır. Cənub-Şərqi Asiya ölkələrində artıq virusun nəinki ikinci, üçüncü dalğası da alovlanmaqdadır. Avropa ölkələri arasında da sərhədlərin bağlanması xəbərləri gəlməkdədir”.

Hikmət Hacıyev deyib ki, digər ölkələrdə olan vətəndaşlar İstanbul reysi vasitəsilə Azərbaycana gələ bilərlər.

“Rayonlara gediş-gəlişin açılması məsələsinə yenidən baxılacaq”

Hacıyevin sözlərinə görə, regionlara gediş-gəliş müzakirə olunur. Epidemioloji vəziyyət qiymətləndirilərək bu məsələyə yenidən baxılacaq. Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər: “Bakıda yoluxma tendensiyası müşahidə olunur. Bu səbəbdən epidemioloji şərait kompleks şəkildə qiymətləndirildikdən sonra regionlara gediş-gəlişin açılması məsələsinə yenidən baxılacaq”.

Qəbul imtahanlarının keçirilməsi planlaşdırılır

H.Hacıyev bildirib ki, dövlət tərəfindən pandemiya başlayandan vətəndaşlara dəstək paketləri davam etdirilir və bundan sonra etdiriləcək. İşçi saylarında azalmaya yol verilməməsi xüsusi diqqətdədir: “Dünyada 100-dən artıq ölkəyə yardımlar edilib. Dünya ölkələri borclanmaya gedir. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmiz borclanmaya getmir. Əksinə, vətəndaşlarımızın iqtisadi baxımdan dəstəklənməsi üçün xüsusi paketlər verilməkdədir”.

Hacıyev onu da bildirib ki, avqustun 5-dən sonra müəllimlərin işə qəbulu, lisey və qəbul imtahanlarının keçirilməsi planlaşdırılır.

H.Hacıyev bildirib ki, Azərbaycan hökumətinin koronavirus sahəsində beynəlxalq əməkdaşlığı davam etdirilir. Bu gün İtaliyadan olan həmkarlar gəlib. Çindən də Uhanda fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə ölkəmizə gəlməsi nəzərdə tutulur.

Metronun fəaliyyətinə hələlik icazə verilmir

Hikmət Hacıyev deyib ki, metro avqustun 31-dək bağlı olacaq. Bu da metronun ventelyasiya sistemi ilə əlaqədardır. Yeraltı, dar və mərkəzləşmiş ventelyasiya sistemi olan şəraitdə virusun təkrarən hərəkət etməsi və yoluxma halları baş verə bilər.

İri ticarət mərkəzləri, kafelər nə vaxt açılır?

Hikmət Hacıyev iri ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı sualı cavablandırıb. Bildirib ki, iri ticarət mərkəzləri açıldığı təqdirdə bu və ya digər formada vətəndaşların orada cəmləşməsi baş verir.

Rayonlara yalnız bu halda getmək mümkündür

Hikmət Hacıyev deyib ki, Azərbaycan ərazisində avqustun 31-nə qədər yerüstü və hava nəqliyyatı vasitəsilə giriş-çıxış dayandırılıb. Sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə istisnalar olmaqla, gediş-gəliş olmayacaq.

“Rayonlara gediş-gəliş yalnız ezamiyyə vərəqi ilə bağlı ola bilər”. Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, müvafiq sənədi təqdim etməklə postlardan keçmək mümkündür.

Çimərliklər səhər 8-dən axşam 9-dək açıq olacaq

Ülvi Mehdiyev isə bildirib ki, çimərliklərlə bağlı ölkə rəhbərliyinin tapşırığı ilə monitorinq qrupları yaradılıb, monitorinq aparılıb. Karantin dövründə işləməsi üçün şəraiti olan çimərliklər müəyyən edilib. Vətəndaşlar cimerlik.az saytında məlumat ala bilərlər. Çimərliyə getmək üçün heç bir icazə almağa ehtiyac yoxdur.

“Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib.

Saytda 100-dən çox çimərlik barədə məlumat qeyd olunub. Ü. Mehdiyev deyib ki, çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Hər bir çimərliklərdə könüllülər fəaliyyət göstərəcək. Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq”.

Ülvi Mehdiyev isə qeyd edib ki, Bakıdan işlə əlaqədar yalnız ezamiyyə vərəqi olanlar sənədləri təqdim etməklə gedə biləcəklər. Əvvəl bu, avtomatlaşdırılmış qaydada aparılırdı. İndi isə postlarda sənədlərini təqdim edəcəklər.

Çimərliklər hazır vəziyyətə gətirilib

Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev isə deyib ki, bütün çimərlikdə işləyən qruplarla maarifləndirmə işləri aparılıb, onlara müvafiq təlimatlar verilib. Çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib.

Sosial məsafənin saxlanılması, gigiyena qaydalarına riayət edilməsi və digər tələblər bu qəbildəndir. Leyla Əliyevanın təşəbbüsü ilə İDEA ictimai birliyi tərəfindən 6 çimərlik də hazır vəziyyətə gətirilib”

O əlavə edib ki, çimərliklərdə insanlara səsli şəkildə də bəzi təlimatların çatdırılacaq: “Əsas məsələ dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının vaxtlı-vaxtında daşınmasıdır. Artıq tibbi maskaların atılması üçün tam ayrı konteynerlər quraşdırılıb. Müvafiq dövlət qurumları tərəfindən bütün lazımı tədbirlər görülür. Əsas iş vətəndaşların üzərinə düşür”.

“Həkimlər istirahət etmirlər…”

Yaqut Qarayeva isə deyib ki, aktiv xəstələrin sayının azalmasından istifadə edərək əlavə tədbirlərə hazırlıq görürlər: “Həkimlər istirahət etmirlər. İndi fürsətdən yararlanaraq daha çox işləyirlər ki, pandemiya ilə mübarizə davam edəcəksə, tam hazır olaq. Hər il payız-qış mövsümündə qrip və digər xəstəliklərin artımı müşahidə olunur. COVİD-19 ilə mübarizədə nə qədər qaydalara əməl etsək, digər xəstəliklər də o qədər azalar. Bunu digər ölkələrin statistikası da sübut edir”.

Qarayeva bildirib ki, xəstə sayının artmayacağına ümid edir.

“Lakin biz hazırlıqlı olmaq istəyirik. Modul tipli xəstəxanaların sayı artırıb və çarpayı fondu, o cümlədən, reanimasiya şöbələrinin sayı çoxaldılıb. Laboratoriyaların və test imkanlarının çoxaldılması nəzərdə tutulur. Xaricdən həkimlərin gətirilməsi o deməkdir ki, tədbirlərimiz davam edir və mübarizəyə hazırıq”, – o əlavə edib.

Yaqut Qarayeva isə bildirib ki, kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir.Ə

“Qida qəbul edəndə istər-istəməz maskadan istifadə mümkün olmur. Bu məsələlər müzakirə edilir. Mərhələli şəkildə buna getmək lazımdır. Birdən-birə açılmalar kütləvi yoluxmalara səbəb ola bilər”,-Qarayeva əlavə edib.

“Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, koronavirusdan sağalan xəstələrin donor kimi qan verməsi könüllü prosesdir.

Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi xəstə insanların müalicəsi üçün istifadə edilir: “Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Amma kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Mən müraciət edirəm ki, qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930