MEHDİYEVİN HƏDƏLƏDİYİ ŞƏXSLƏR DANIŞDI – “Ona 3 gün vaxt verirəm…”

26.08.2020 - 19:27

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev dünən yaydığı növbəti açıqlamada onu tənqid edən depuatlara, media nümayəndələrinə, keçmiş məmurlara sərt cavab verib.

“…Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram”-deyə Mehdiyev vurğulayıb.

AMEA sədri daha sonra konkret adlar çəkərək onları cəzlandıra biləcəyini bildirib: “Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm”.

R. Mehdiyevin adını çəkdiyi şəxslərin bəziləri akademikin hədə-qorxularına cavab verib.

 

Politoloq Eldar Namazov AzPolitika.info”-ya açıqlamasında əvvəlcə Ramiz Mehdiyevin həmin yazıda onun haqqında işlətdiyi “siyasi politoloq” ifadəsinə münasibət bildirib: “Məlumdur ki, politologiya siyasət haqqında elmdir, siyasətşünaslıqdır. Elmdə “siyasi politoloq” anlayışı, ifadəsi mövcud deyil. Yəqin ki, bu Ramiz müəllimin yeni kəşfidir, dünya elminə verdiyi yeganə “töhfədir”. AMEA-nın rəsmi saytında onun haqqındakı bölmədə kəşfləri və yetişdirdiyi kadrlar haqqında məlumat qrafası boşdur. Onun elmə heç bir aidiyyatı yoxdur, bu sahədə təsadüfi adamdır. Dediyi bu ifadə də onun savadının, səviyyəsinin göstəricisidir. Yəqin ki, Ramiz müəllim “siyasi politoloq” deyimi ilə tarixə düşdü”.

E. Namazov AMEA prezidentinin onun məhkəmə ilə hədələməsinə münasibət bildirərkən deyib ki, əslində Azərbaycanda minlərlə vətəndaş R. Mehdiyevə qarşı iddialar qaldıra bilər: “Onun etdikləri haqsızlıqlar, ədalətsizliklər cəmiyyətə bəllidir. Əminəm ki, onun əməlindən zərərçəkənlər məhkəmədə onu asanlıqla uda bilərlər. Elə mən də Ramiz Mehdiyevi məhkəməyə verib, asanlıqla onun cəzalandırılmasına nail ola bilərəm. Xatırlayırsınızsa, Elşad Abdullayevin yaydığı videokasetlərdə rəhmətlik Sevinc xanımla Gülər Əhmədovanın dialoqların birində deyilir ki, “seçki qutularının hansını açırıqsa, Eldar Namaovun adı çıxır. Mən də Ramiz Mehdiyevə zəng edib vəziyyəti danışdım, az sonra polis gəldi, müşahidəçiləri, komissiya üzvlərini qovub seçki məntəqəsindən çıxardılar…” Təkcə bu faktı əsas götürüb, Ramiz Mehdiyevi məhkəməyə verib onu ən ağır formada cəzalandırılmasına nail ola bilərəm”.

E. Namazov qeyd edib ki, bunu iki səbəbdən etmək istəmir: “Birincisi, Ramiz Mehdiyev yaşlı adamdır, bizim milli, mənəvi dəyərlərimizdən irəli gələn məsələlər var, onu nəzərə alıram. İkincisi, cəmiyyətdə Ramiz Mehdiyevin personasına olan kəskin nifərti hamı görür. Bu günlərdə bütün təbəqələrdən – mediadan, siyasi partiyalardan, ziyalılardan elə bir insan tapılmadı ki, onu müdafiə etsin. Əksinə, barəsində çox sərt ifadələr işlətdilər. Hesab edirəm ki, bu yaşda insana cəmiyyətin belə münasibəti Allah tərəfindən verilmiş ən böyük cəzadır”.

Deputat Elman Nəsirov isə Ramiz Mehdiyevdən qorxmadığını deyib: “Akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Bu da karantin rejiminin pozulması deməkdir. Həmin hadisə ilə bağlı deputat kimi mövqeyimi ifadə etmişəm. Tənqidi fikirlər səsləndirmişəm. Belə olan halda mən məhkəmə ilə təhdid olunmalıyam?!”.

Elman Nəsirov Ramiz Mehdiyevin açıqlamasını anlaya bilmədiyini də vurğulayıb: “Sözün düzünü deyəndə məhkəməyəmi çağrılmalıyam?! Bu, anlaşılmaz məsələdir. Üstəlik, sözün düzünü dediyimə görə, dövlətçilik təcrübəsi olan, uzun müddət yüksək vəzifələrdə işləmiş bir şəxs məni məhkəmə ilə təhdid edirsə, bu ümumiyyətlə anlaşılmazdır”.

Keçmiş deputat, icra başçısı Maksim Musayev moderator.az-a açıqlamasında R.Mehdiyev haqqında bunları bildirib: “Ramiz, əzizim, səni debata çağırdım – gəlmədin. Bilirəm ki, qorxaq və cəsarətsizsən… İndi də yenə adımı hallandırırsan. Məni məhkəməyə vermək üçün sənə 3 gün vaxt verirəm. Əgər bu tələbimi yerinə yetirməsən, mənə səni məhkəməyə vermək üçün hüquqi əsas verirsən. Sənin qərarını gözləyirəm…”..

 

Akademikin hədələdiyi şəxslərdən biri olan politoloq Elçin Mirzəbəyli isə bildirib ki, 20 ildən çoxdur, Ramiz Mehdiyevin “qara siyahı”sındadır: “Məni boş verin, Azərbaycan xalqına məxsus nə varsa – dilimiz, milli mədəniyyətimiz, dünyagörüşümüz, dövlətçiliyimizin ideoloji əsaslarını təşkil edən və özünü üçrəngli müqəddəs bayrağımızda ifadə edən dəyərlərimiz də Mehdiyevin “qara siyahı”sındadır.

Azərbaycan xalqının mütərəqqi düşüncəli, dövlətə və xalqa bağlı olan, milli birliyin, həmrəyliyin keşiyində dayanan, fərqli siyasi baxışlar, dünyagörüşləri arasında körpü rolunu oynayan, cəmiyyəti qütblərə parçalanmaqdan qoruyan bütün işıqlı adamları uzun illərdir ki, Ramiz Mehdiyevin qara qəzəbinə tuş gəliblər. Və bu qara qəzəbə qara nöqtə qoymağın zamanı çoxdan çatıb!”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153084

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930