Ramiz Mehdiyev AMEA-da “ordu” saxlayır – professordan açıqlama

01.09.2020 - 10:04

1945-ci ildən fəaliyyət göstərən strukturun 10 mindən çox işçisi var; Qulu Məhərrəmli: “Elmlər Akademiyasının ləğvinin tərəfdarı deyiləm, amma onun işi tamamilə yenidən qurulmalıdır”

Ölkədə sovet quruluşunun tək-tük, sonuncu yadigarlarından biri Azərbaycan Milli Elmlər Akademiyasıdır.  Ekspertlər bildirir ki, bu struktur büdcə üçün izafi xərc olmaqdan başqa heç bir mahiyyət kəsb eləmir. İndiyə qədər hansı alimin, hansı filosofun ixtirasını, nəzəriyyəsini eşitmişik?!

Baxmayaraq ki, AMEA-da Tarix, Coğrafiya, Fəlsəfə və s. institutlar illərdir fəaliyyət göstərirlər, amma bu elm mərkəzlərinin funksionallığı, effektivliyi sıfıra bərabərdir.

Azərbaycanın sayılıb-seçilən professorları, elm adamları, deputatları dəfələrlə təklif ediblər ki, bu şəkildə mərkəzə heç bir zərurət yoxdur, onun iş prinsipləri tamamən yenilənməlidir.

Hətta AMEA-nın ləğv olunmasını təklif edənlər də var…

Məsələn, akademiyanın Fizika İnstitutu BDU-nun Fizika fakültəsi, Energetika İnstitutu Texniki Universitetin Energetika fakültəsi ilə birləşdirilə bilər. Xüsusən son illərdə akademiya əhəmiyyətsiz bir yerə, hətta obrazlı desək, “qocalar evi”nə çevrilib.

Hazırda AMEA öz statusundan, profilindən qoparaq fərqli bir arsenala çevrilib. Daha doğrusu, qurumun prezidenti Ramiz Mehdiyevin əlində bir siyasi mərkəz, təbliğat ruporu kimi fəaliyyətdədir.

Akademik AMEA-nın rəsmi saytını da az qala şəxsi bloquna çevirib və buradan qeyri-elmi bəyanatlar səsləndirməkdədir.

Üstəlik, Avropanın bir çox yerlərində Elmlər Akademiyası yoxdur. Olanlar da forma etibarilə bizimkilərə oxşardı. Amma məzmunca fərqlidir. Formaca bizim akademiya onlara oxşardı, amma məzmun yoxdur.

Yeri gəlmişkən, akademiyanın amöb strukturu 1929-cu ildə yaradılıb. O zaman Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) adlandırılıb.

1945-ci il 23 yanvarda isə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə AMEA-ya çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019) akademiyanın prezidenti olublar. 2019-cu ildən AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Hazırda AMEA-da 10036 əməkdaş, o cümlədən 4700 nəfər elmi işçi, 581 elmlər doktoru, 1925 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 101 müxbir üzvü var. Təsəvvür edin ki, bu qədər insan resursuna maaş ödənilir.

Professor Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə,  istənilən ölkədə, o cümlədən Azərbaycanda elmlər akademiyasının olması müsbət haldır: “Amma o necə fəaliyyət göstərməlidir, nə dərəcədə işi səmərəli olmalıdır, alimlər necə effektli nəticə əldə etməlidirlər? – bu suallar meydana çıxır. Şübhəsiz ki, bizim akademiyanın timsalında bu çox pis nümunədir.

Xüsusən humanitar tədqiqatlarla məşğul olan institutların fəaliyyətini araşdıranda görürük ki, onlar elmə heç nə vermirlər, maaş alıb çoxlu sayda işçiləri yola verirlər!”

Televiziyalar az büdcə ilə keyfiyyətli film əldə etməyə çalışır"

Q.Məhərrəmlinin sözlərinə görə, hər şey işin quruluşundan asılıdır: “Bizdə müstəqillik dövründə akademiyanın işi çox effektsizdir.

Məsələn, tətbiqi elmlər canlandırılmalıdır, iqtisadiyyatla bağlı elm sahələri genişləndirilməlidir, bugünkü elm üçün vacib problemlər önə çəkilməlidir, dünya elmində hansı trendlər varsa, bizdə də araşdırılmalıdır.

Ona görə də formallığı bir tərəfə qoymalı, yalançı illik, rüblük planları kənara atmalıyıq.  Həmçinin akademiya işçilərinin gündəliyini, elmi öhdəliyini, 3-5 məqalə yazmasını kənara qoymaq lazımdır.

Bununla nə elmi, nə akademiyanı şöhrətə mindirmək olar. Odur ki, AMEA-nın ləğvinin tərəfdarı deyiləm, amma onun işi tamamilə yenidən qurulmalıdır”.

Q.Məhərrəmli hesab edir ki, akademiyanı yeni düşüncəli adam təzədən qura bilər: “Yeni struktur formalaşmalıdır ki, effektli fəaliyyət göstərsin.

Burada ciddi bir məsələ də akademiyanın infrastrukturuna diqqət çəkmək olmalıdır. Akademiyada təxminən 10-12 min nəfər çalışır.

AMEA-nın sovetdən qalan müxtəlif institutları var ki, adı eşidiləndə adamda heyrət və təəccüb doğurur. Məsələn, indi pandemiya şəraitində yaşayırıq, viruslar araşdırılmalıdır, Azərbaycan aliminin səsi gəlməlidir.

Çünki sovet elminə bağlanmış olsa da, bu ənənə bizdə olub. Amma hanı yaxşı neft sənayesində öndə olan alimlərimiz, akademiklərimiz?

Ona görə bir elmin ki nəticəsi yoxdur, ona yenidən baxmaq lazımdır. Bu gün gerçək tədqiqatlar, dünya elmində bizə istinad yoxdur”.

Professorun fikrincə, akademiyanın işini müasirləşdirmək, ciddi elmi nəticələrə aparan problemləri seçmək, onları tədqiq etmək, dünya ilə uzlaşdırmaq çox vacibdir:

“Amma indi büdcə ayrılır, vəsait xərclənir, nə elmə, nə insanlara faydası var. Beynində hörümçək toru qurmuş insanlar akademiyada heç bir yenilik edə bilməz.

Ölkədə nə qədər yalançı dissertasiyalar, tədqiqata əsaslanmayan monoqrafiyalar yazılır, jurnallar çap olunur, bunların elmi praktika ilə heç bir əlaqəsi yoxdur. Hamısı formal xaraker daşıyır.

Bu gün qohum-əqrəbanı akademiyaya düzəltmək, yaxın adamları himayə etmək, orada yerlipərəstlik, regionçuluq sistemi formalaşıb. Bunlar Azərbaycan elmini məhvə aparan tendensiyadır və bunun qarşısı alınmalıdır.

Biz çevik, müasir, texnoloji cəhətdən yaxşı təchiz olunmuş, laboratoriyalara malik, maraqlı elmi tədqiqatlar aparan, cəmiyyətin inkişafına kömək edən, insanların rifahını yüksəldən tədqiqatlar olmalıdır ki, elmin varlığını hiss edək. Təəssüf ki, indiki halda bu yoxdur”.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153290

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930