Lisenziyası alınan bankların idarəçiləri cəzalandırılacaq

13.01.2021 - 10:08

Əkrəm Həsənov: “Cəzalar sərtləşdirilməsə, bu prosesin qarşısını almaq mümkün olmayacaq”

Azərbaycanda banklarla bağlı yeni qanun hazırlanır. Hökumətdəki mənbədən verilən məlumata görə, yeni qanun qüvvədə olan qanundakı boşluqlar nəzərə alınmaqla hazırlanıb. Belə ki, mövcud qanunvericilikdə hansısa bankın iflasa səbəb olmasına görə bank idarəediciləri məsuliyyətə cəlb olunmur. Əhaliyə dəyən ziyan isə dövlət tərəfindən kompensasiya edilir.

Mənbə bildirir ki, yeni qanunla bankın idarəediciləri bankın iflasına səbəb olduqlarına görə məsuliyyətə cəlb olunacaqlar (Modern.az).  Həmçinin qanun banklara nəzarətin gücləndirilməsi, bank fəaliyyətində şəffaflığın artırılması, insanların bank hesabatlarını görə bilməsi, banklara inamın artırılmasını özündə ehtiva edir. Hazırda hökumət bunun üzərində işləyir. Layihənin yaxın vaxtlarda Milli Məclisə daxil olacağı gözlənilir.

Bank qanunvericiliyinə bu dəyişikliyi zəruri edən hansı amillər mövcuddur? İndiyədək iflas edən banklardakı hansı problemlər hökuməti bu addımı atmağa vadar edir? Bankların fəaliyyətində şəffaflığın yaradılmasını tələb edən hansı çatışmazlıqlar var?

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Sualları cavablandıran bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun dediyinə görə, hazırda ölkədə olan qanunvericilik bank inzibatçılarının (Müşahidə Şurası, İdarə Heyəti, audit komitəsinin üzvləri, bank filiallarının rəhbərləri, baş mühasib, daxili audit bölməsi və digər vəzifəli şəxslər) qanunsuz əməllərə görə cəzalandırılmasını nəzərdə tutan müddəalar var: “Yəni hazırda biz qanunvericilikdəki boşluqlardan deyil, daha çox onun bir çox müddəalarının yerinə yetirilməməsindən danışmalıyıq. Düzdür, sırf bankın iflasına görə məsuliyyət nəzərdə tutulmasa da, qəsdən müflisləşdirmə, müflisləşmə həddinə gətirib çıxarma kimi hallara görə cəzalar nəzərdə tutulur. Lakin indiyədək heç bir bankın inzibatçıları bu hallar üzrə cəzalandırılmayıb. Halbuki bankı müflis olma həddinə çatdıracaq əməllərə yol verənlər kifayət qədərdir: heç bir girov təminatı olmadan, ödəniş qabiliyyəti olmayan şəxslərə çox böyük həcmdə uzunmüddətli, aşağı faizli kreditlər verilib, nəticədə bankın maliyyə göstəriciləri pisləşib, iflas həddinə çatıb. Kredit verilən şəxslər bankın inzibatçılarının yaxın adamları olub, yaxud verilən məbləğin bir hissəsi ”otkat” kimi geri qaytarılıb və sair. Bu kreditlər gedib və qayıtmayıb, onları qaytarmaq da mümkün deyil. Eyni əməllərə görə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev məhz belə əməllərə görə həbs olunub. Mən özüm 10 ilə yaxın bank sektorunda çalışmışam: iri kreditlər necə verilir, çox yaxşı bilirəm. Belə kreditlərə razılığı bankın bir neçə bölməsi verməlidir: risklərin idarə edilməsi, təhlükəsizlik, hüquq və sair. Yəni ən azı bankın bu 3 bölməsinin rəhbəri imzalamalıdır kreditin verilməsinə dair sənədləri. Daha sonra məsələ kredit şöbəsində müzakirə olunur, sənədlərə imza atılır. Yəni bu gün bankların əksəriyyətində olan çoxmilyonluq ümidsiz kreditlərin necə, kimlərin məsuliyyətsizliyi üzündən verildiyini müəyyənləşdirmək çox asandır. Yəni bu kimi cinayət hallarına görə kimlərin məsuliyyət daşıdığını müəyyənləşdirmək istəyən olsa, elə indiki qanunvericiliklə də rahatlıqla edə bilər. Mən razıyam ki, mövcud maddələr üzrə məsuliyyət ağırlaşdırılmalıdır – 5-10 illik həbs deyil, daha uzunmüddətli cəzalar nəzərdə tutulmalıdır. Adamlar tanıyıram ki, bu əməllərə görə tutulub, həbsxanada xan kimi yaşayır. 3-5 ildən sonra da müxtəlif yollarla belə adamlar azadlığa çıxarılır. Buna görə də cəzalar sərtləşdirilməsə, bu prosesin qarşısını almaq mümkün olmayacaq”.

Ekspert qeyd edir ki, bir sıra banklardan kredit alan sahibkarlara qarşı qanunsuz kredit alma maddəsi ilə cinayət işləri qaldırılıb: “Amma o kreditləri verən bankların səlahiyyətli şəxsləri barədə eyni ittiham irəli sürülməyib. Axı bu qanunsuz krediti sahibkar gedib bankdan zorla götürməyib, ona bank inzibatçılarının razılığı olub… Çox gülməli vəziyyətdir: əgər sahibkar zəruri sənədləri təqdim etməyibsə, yaxud təqdim etdiyi sənədlər tələblərə cavab verməyibsə, günah daha çox bu şəraitdə ona kredit verən şəxslərdədir, nəinki sahibkarda. Hesab edirəm ki, qanunvericiliyə dəyişiklik olunursa, yalnız banklar deyil, onların fəaliyyətinə nəzarəti həyata keçirən qurumlar da məsuliyyət daşıyıcısı kimi təsbit olunmalıdır. Çünki bankın həyata keçirdiyi qanunsuz əməliyyatları aşkarlamaq və qarşısını almaq onların bir nömrəli vəzifələridir.

Ən böyük iflas etmiş bankımız olan “Bank Standart”da 1 milyard manat vəsait batıb. Bundan nəzarət orqanlarının xəbəri olmaya bilməzdi. Lakin bu orqanlardan heç kim məsuliyyətə cəlb olunmayıb. Yaxud auditor şirkətləri var, bankların qanunsuz əməllərini ört-basdır etməyə yardımçı olurlar. Məsələn, KPMG auditor şirkəti var, uzun illər “Bank Standart” və “Texnikabank”ı audit edib, amma oradakı qanunsuzluqlara göz yumub. Bu şirkət Qarabağdakı qondarma qurumun banklarını, Kəlbəcərdə Azərbaycanın qızılını çıxarıb aparan şirkəti də audit edib. Yəni məsuliyyət müəyyənləşdirilirsə, bütün əlaqədar tərəflərin məsuliyyəti müəyyənləşdirilməlidir”.

Ə.Həsənovun fikrincə, bankların fəaliyyətində şəffaflıq ən ağrılı problemlərdən biridir: “Banklar bir çox hallarda hesabatlarını vaxtında açıqlamırlar, dövlətin güzəştli vəsaitləri hesabına verilən kreditlər barədə məlumatları gizlədirlər, özlərinin maliyyə göstəricilərini saxtalaşdırırlar. Bu gün biz haradan bilək ki, sahibkarlara güzəştli kreditləşmə üçün aldığı banklar məhz təyinatı üzrə yerləşdirirlər? Haradan bilək ki, bu kreditlər əsl ehtiyacı olan sahibkara verilir, yoxsa yox? Haradan bilək ki, yenə ”otkat” üçün formal sənədləşmələr aparılıb dövlətin güzəştli vəsaitləri mənimsənilmir? Bütün bunları nəzərə alaraq, bank qanunvericiliyində şəffaflıq tələblərinin sərtləşdirilməsini vacib hesab edirəm. Eyni zamanda bankların ləğvi prosesində də şəffaflıq təmin edilməlidir. Hazırda ləğvedici demək olar ki, bütün prosesləri qapalı saxlayır. Bu qapalılığın qarşısını almaq üçün bankların kreditorlarına geniş səlahiyyətlər verilməli, bütün sənədlərə çıxışları təmin olunmalıdır. Bunu edərlərsə, inanın ki, bağlanan bankları iflasa kimin gətirdiyini çox qısa zamanda müəyyənləşdirmək mümkün olacaq”.

Qeyd edək ki, 2015-ci ildən bəri Azərbaycanda 21 bankın fəaliyyət qabiliyyəti olmadığına görə lisenziyası geri alınıb. Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2020-ci ildə lisenziyası alınmış 4 bank üzrə 2021-ci il yanvarın 9-dək 616 milyon manatdan yuxarı əmanət qaytarılıb. Bu vəsaitlər sonradan bankların verdikləri kreditlər qaytarıldıqca, həmçinin onların əmlakı satıldıqca geri qaytarılacaq. Bu prosesin uzunmüddətli olması (təcrübə göstərir ki, bu, illərlə vaxt aparır) dövlətin əmanətçilərə ödədiyi vəsaitlərin mühüm bir hissəsinin inflyasiya nəticəsində itirilməsinə səbəb olur. Bu baxımdan, qanunvericilikdə bank idarəçilərinə cəzaları nəzərdə tutan müddəaların əlavə olunması iflas hadisələrinin qarşısını almaq üçün effektiv üsul ola bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159729

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930