Təbii qazın qiyməti ilə bağlı qərar əhalinin xərclərinə təsir göstərməyəcək – ANALİZ

30.06.2021 - 19:18

 

Təbii qazın qiyməti ilə bağlı qərar əhalinin xərclərinə təsir göstərməyəcək - ANALİZ

Təbii qazın qiyməti əhaliyə mənfi təsir göstərəcəkmi? Tarif Şurasının qərarından sonra bu məsələ müzakirə mövzusuna çevrilib və ictimai rəyin qiymət artımı üzərində köklənməsi müşahidə olunur. Hərçənd, iyunun 30-da keçirilən növbəti iclasda Dövlət Neft Şirkətinin (SOCAR) təbii qaz üzrə tarif tənzimlənməsinə dair müraciətinə baxan TŞ-nin qərarına nəzər yetirəndə və analiz edəndə məsələnin heç də təqdim olunduğu kimi olmadığı məlum olur.

Birincisi, sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb;

İkincisi, elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib;

Üçüncüsü, “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Yalnız digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib;

Dördüncüsü, ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb;

Beşincisi, ilik istehlak həcminin 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib;

Altıncısı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;

Tarif dəyişikliyinin aparılmasının səbəbləri var, yəni zərurət yarandığı üçün bu qərar qəbul olunur.

Ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18%-ə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib.

2020-ci il üzrə təbii qazın 44 faizini “Azərenerji” ASC 12 qəpik, 28 faizini kvotaya uyğun olaraq istehlak edən əhali 1 kubmetr üçün 10 qəpik, 28 faizini isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali (sənaye, kənd təsərrüfatı, xidmət sahəsi və s.) 20 qəpik tarifi ilə istehlak edib. Təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağı olub və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib.

COVİD-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kub metrdən 1,6 min kub metrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb.

Tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq həyata keçirilib.

– Enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması;
-İqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması;
– Resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi;
– Dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi;
– Dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və dövlətin maliyyə yükünün azaldılması;

Məqsəd əhalinin əksər hissəsinə toxunmadan dövlətin yükünün də azaldılmasıdır.

Dünya ölkələri ilə müqayisə də Azərbaycanda təbii qazın qiymətinin iki- üç qat aşağı olduğunu göstərir.

Misal üçün, 2020-ci ildə Türkiyədə təbii qazın 1 kubmetri əhaliyə 32,6 qəpik, Ukraynada 32,6 qəpik olub. 2021-ci ildə isə bu qiymət sürətlə artıb. Türkiyədə 23.9-41,6 qəpik arası, Ukraynada 54,8 qəpik.

Gürcüstanda 1 kubmetr təbii qazın tarifi 29,1, Belarusda 34,8, Rusiyada iisə 16,6 qəpikdir.

Bu qiymətlər Azərbaycanda əhali üzrə ən yüksək həddən artıqdır. Ölkəmizdə 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə yuxarı hədd 20 qəpikdir. Bu, Türkiyədə 50,8 qəpik, Ukraynada 26,3 qəpik, Belarusda 79,6 qəpik, Rusiyada 17,7 qəpikdir.

Ekspertlər tarif dəyişikliyinin müsbət nəticələrinin də olacağını qeyd edirlər. Əhaliyə göstərilən xidmət səviyyəsi yüksələcək, dövlət büdcəsindən asılılıq, subsidiyaların alınması aradan qalxacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək, yeni investisiya yatırımları təmin ediləcək, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi imkanı yaranacaq.

Tarif dəyişikliyinin əhaliyə mənfi təsirlərini minimallaşdıran amillər də diqqətdən yayınmamalıdır. Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35% artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub. Tarif dəyişikliyi ölkə əhalisinin təxminən 51%-nin (5 milyon nəfər) orta aylıq xərcinə təsir etməyəcək. Tarif tənzimlənməsi əhalinin alıcılıq qabiliyyətinə təsir göstərməyəcək. Belə ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1000 kub metr qaz istehlakı deməkdir. Bu isə, aşağı tarifli qaz istehlakı limiti çərçivəsindədir (aşağı tarifli limit 1200 kub metrdir).

Enerji xərcləri sənaye və kənd təsərrüfatı mallarının istehsalına təsir göstərdiyinə görə, qiymət artımına yol verməmək üçün təbii qazın bu sahələr üzrə qiyməti dəyişdirilməyib və mövcud səviyyədə (1 kub metr üçün 20 qəpik) saxlanılıb.

Məhəllə qazanxanalarına verilən təbii qazın tarifi 35% endirilib. Bu, ilk növbədə əhalinin bu xidmətlərə əlçatanlığını artıracaq. Digər tərəfdən isə yaşayış binalarında mənzillərin fərdi isitmə sistemlərindən daha qənaətli mərkəzləşdirilmiş məhəllə qazanxanalarına keçidi stimullaşdıracaq.

Mövcud durumu, dünya ölkələrindəki vəziyyəti və verilən qərarları analiz etdikdə konkret nəticələrə gəlmək mümkündür:

– Təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək;
– Kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq;
– Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib;
– Təbii qaz üzrə tarif tənzimlənməsi elektrik enerjisinin qiymətinə təsir göstərməyəcək;
– Tarif dəyişikliyi əhalinin 51 faizinin orta aylıq xərcinə təsir etməyəcək;
– Qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;
– Təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin mütləq əksəriyyətinin xərclərinə təsir göstərməyəcək;
– Təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin davamlı və keyfiyyətli istiliklə təmin olunmasına şərait yaradacaq;
– Təbii qaz üzrə tarif tənzimlənməsi dövlətin maliyyə imkanlarının artmasına şərait yaradacaq;
– Təbii qaz üzrə tarif tənzimlənməsi nəticəsində əldə olunan vəsait əhalinin sosial rifah halının daha da yüksəldilməsinə yönəldiləcək;

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031