“Media Menecmenti” təlim proqramının bağlanış mərasimi keçirildi – FOTO
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının üçüncü modulu keçirilib.
“Audiovizual media menecmenti” mövzusunda keçirilən üçüncü modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite çıxış edib. O, iştirakçılara “Audiovizual mediada tendensiyalar, istehlakçılar və texnoloji yeniliklər”, “Audiovizual media subyektlərinin idarə olunması: Ənənəvi və müasir dövrdə üsullar və alətlər”, “Effektiv proqram siyasətinin qurulması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
“Media Menecmenti” təlim proqramının bağlanış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.
Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
60-dan çox media menecerinin iştirakı ilə keçirilən “Media Menecmenti” təlim proqramının əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsidir.
Short URL: https://www.cumhuriyyet.net/?p=186687