İxtisas seçimində saxtakarlıq: tədris mərkəzi abituriyentlərə tələ qurub
Hamımıza məlumdur ki, bu günlərdə ali məktəblərə qəbulun son mərhələsi olan ixtisas seçiminə start verilmişdir. Bununla bağlı müxtəlif iddialar səslənməkdədir.
Bu yaxınlarda “Teleqram” saytında “Birlik Team” adlı bir istifadəçinin səhifəsində kodlaşdırma ilə məşğul olan bəzi dırnaqarası mütəxəssislərin abuturiyentləri israrla ilk olaraq özəl universiteti seçməyə məcbur etməsi barədə məlumat paylaşmışdı. Bununla bağlı cumhuriyyet.net sözügedən mənbəyə istinadən bildirir ki, “mütəxəssis”lərin kodlaşdırma zamanı abuturiyentlərə ilk olaraq özəl universitet qeyd etmələrini,onları əks halda “bayırda qalcaqlarına” inandırmasıyla təhdid etmələrini bildirmiş və bunun müqabilində özəl universitetə qəbul olacaq hər tələbəyə görə pul almalarını qeyd etmişdir. Eyni problemlə bağlı bu günlərdə cumhuriyyet.net-ə şikayət daxil olmuşdur.
Belə ki, adının çəkilməyini istəməyən bir valideynin övladı “Kainat” kursu tərəfindən kodlaşdırılmaya dəvət olunmuşdur. İxtisasca müəllim olan valideyn ixtisas seçimini düzgün şəkildə ardıcıllıqla yazıb kursa sistemə köçürülmək üçün yollamışdır. Lakin kodlaşdırma ilə məşğul olan “mütəxəssis” kodlaşdırmanı özü etməyəcəyi halda sistemə köçürməyəcəyini qeyd edib. Məsələyə başqa bir mütəxəssis – özünü “Xəzər kursu” nun məsul işçisi kimi təqdim edən Ruslan Ağakişiyev qarışıb. O telefonla valideynə zəng edərək bu kodlaşdırmaya heç bir qarantiya vermədiyini deyib. Valideyn isə cavabında bildirib ki, narahat olmağa əsas yoxdur, çünki abuturiyentin real balından yüz otuz doqquz bal aşağıya qədər ixtisaslar ardıcıllıqla yazılıb. Ruslan müəllim isə bu il üçüncü qrupda balların çox qalxacağını qeyd edib və valideynə nə üçün özəl universiteti qeyd etmədiyini irad tutub. Valideyn isə cavabında ən sonuncu yerə bir özəl universiteti qeyd etmələrinə icazə verib. Ruslan müəllim isə buna qəti razı olmayıb, özünün də özəl universitet məzunu olduğunu, orda dərslərin dövlət məktəblərindən daha yaxşı keçirilməsini, özəl universitet diplomlarının isə “daşdan keçdiyini” və bu universitetləri ön sırada yazmaq lazım olduğunu söyləyib. Valideyndən yenə də qaneedici cavab almadığını görən mütəxəxssis onu üzbəüz görüşüb söhbət etməyə çağırıb.
Valideyn cumhuriyyet.net-ə bunu da qeyd edib ki, Nərimanovda “Life center”in birinci mərtəbəsində baş tutan bu kodlaşdırma zamanı demək olar ki, sıralamada ilk yerlərə istisnasız olaraq Azərbaycan Universiteti yazılıb.
Mənbənin sözlərinə görə hal -hazırda həmin qrup rayonlara yola düşüb və Azərbaycanın müxtəlif bölgələrində bu saxtakarlığı reallışdırmaqla məşğuldur.
Mətbuat olaraq bu məsələni işıqlandırmağı özümüzə borc bildik. İnanırıq ki, gənclərimizin taleyiylə oynayan bu qrupun saxtakar əməlləri ifşa olunacaq!
Short URL: https://www.cumhuriyyet.net/?p=203188