Trampın Colan qərarının arxasındakılar: “Təpələr” kimin kimə hədiyyəsi olacaq?

25.03.2019 - 00:19

Ciddi hadisə baş verməsə, ABŞ prezidenti Donald Tramp sabah Ağ Evdə İsrail baş naziri Benyamin Netanyahu ilə görüşəcək və bu zaman Colan təpələrinin İsrail ərazisi olması haqda qərarnaməni də imzalayacaq. Bu barədə açıqlamanı İsrailin xarici işlər naziri vəzifəsini icra edən nəqliyyat naziri Yisrael Katz “Twitter”dən yayıb.

Əslində isə son bir həftədir Colan mövzusu Yaxın Şərq gündəminin əsas hadisəsinə çevrilib. Məsələ ondadır ki, Tramp özündən əvvəlki prezidentlərin heç birinin etmədiyini edərək Colanı İsrail ərazisi kimi tanıyacağını bildirib. Amma bu, ABŞ prezidentinin Yaxın Şərq məsələsində ilk “sürprizi” deyil. 2017-ci ilin dekabrında Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyanda dünya daha böyük çaşqınlıq içərisində idi. Amma ABŞ prezidenti bütün qınaqlara, çağırışlara, etirazlara baxmayaraq geri çəkilmədi, hətta onun qərarının əksinə gedən dünya ölkələrini yardımı kəsəcəyi ilə hədələdi. İslam Əməkdaşlqı Təşkilatının (İƏT), BMT Baş Assambleyasının qınaqlarına baxmayaraq artıq ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. İndi isə oxşar addımı Colan Təpələri ilə bağlı atır, daha doğrusu atmağa hazırlaşır.

Colan yüksəklikləri

Məlum olduğu kimi, İsrail-Suriya sərhədində yerləşən Colan Təpələri və ya Colan Yüksəklikləri adlı bölgənin böyük bir hissəsi 1967-ci il “altı günlük” müharibə nətcəsində İsrail ordusu tərəfindən işğal olunub. 6 il sonra, 1973-cü ildə Suriya və Misir işğal olunmuş torpaqlarını (Misir “altı günlük” müharibədə Sina yarımadasını itirmişdi – K.R.) geri almaq üçün oktyabrın 6-da yəhudilərin “Youm Kippur” bayramı günü İsrailə hücum etdi. Suriya ordusu savaşın ilk günlərində Colana girsə də, sonradan məğlub olaraq geri çəkildi, eyni ilə Misir kimi. Ancaq Misir sonradan Ənvər Sədatın ABŞ-la əməkdaşlığa getməsi (ABŞ və İsraillə barışması Sədata həyatı bahasına başa gəldi – K.R.) səbəbi ilə Sina yarımadasını geri alsa da, SSRİ ilə yaxınlaşan Hafiz Əsəd Colanı ala bilmədi. Colan Yüksəklikləri adlanan ərazi 52 ildir İsrailin işğalı altındadır.

golan təpələri ile ilgili görsel sonucu

Yeri gəlmişkən, Colan Yüksəklikləri rayonunda 12 türkmən kəndi olub. Bu kəndlərdən bir neçəsinin sakinləri Afşar tayfalarından olublar. 1967-ci il müharibəsindən sonra bu insanlar da Colandakı ərəb sakinlər kimi Suriyaya qaçıblar. Colan rayonu dağlıq və gözəl təbiəti olan, səfalı bölgədir. İsrail burada bir neçə yaşayış məskəni inşa edib. Bundan başqa, rayonda çoxlu sayda İsrail hərbi bazaları, kəşfiyyat nəzarət mərkəzləri yerləşir.

Colan Yüksəklikləri Suriya və İsraillə yanaşı, şimalda Livan, cənubda isə İordaniya ilə həmsərhəddir. Hər il aprelin 17-də – Suriyanın dövlət müstəqilliyi günü suriyalılar, əsasən də Colandan qaçqın düşmüş insanlar sərhədə gedərək işğala etiraz yürüşü təşkil edir.

colan abş ile ilgili görsel sonucu

1981-ci ildə İsrail hökuməti 1967-ci ildə ələ keçirilən Qüdsü və Colan Yükəskliklərini İsrailin ərazisi olaraq təsdiqləyib. Ancaq BMT və dünya ölkələri bu qərarı tanımayıb. Hətta ABŞ kimi İsrailin ən yaxın dost ölkəsi də, Yaxın Şərq münaqişəsində daha dərin fəsadlara səbəb olmamaq üçün Colanın ilhaqını tanımayıb.

Çünki bu baş verərdisə, yəni ABŞ Colanı İsrail ərazisi kimi tanıyardısa, o zaman Vaşinqtonun Ərəb-İsrail münaqişəsində vasitəçilik roluna kölgə düşər, ikincisi də ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətləri zərbə ala, mövqeyi zəifləyə bilərdi. Ancaq indi Tramp bu məsələri düşünmür. Çünki hazırda ərəb ölkələri arasında ciddi münaqişə var və ortaq mövqe sərgiləmələri nəinki mümkün deyil, əksinə, Vaşinqtondan ciddi şəkildə asılıdırlar. Məsələn, 2017-ci ildə Qətərlə Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn kimi ölkələr arasında münaqişə yarananda hər iki tərəf Vaşinqtona üz tutdu. Səudiyyə Ərəbistanı böhrandan iki həftə əvvəl Vaşinqtonla 110 milyard dollarlıq silah müqaviləsi imzalamışdı, Qətər isə böhrandan dərhal sonra ABŞ-la 12 milyard dollar dəyərində qırıcı təyyarə alınması müqaviləsi imzaladı, üstəlik bu yaxınlarda rəsmi Doha Vaşinqtonla Qətər ərazisində yerləşən ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan “Əl-Ubeyd”i yenidən qurmaq haqqında anlaşma imzaladı.

Yəni indi ərəb ölkələrinin nəinki Vaşinqtona qarşı ortaq cəbhə təşkil etmək imkanları var, əksinə, bir mənada Suriyanın cəzalandırılması olaraq göz yumacaqlar. Bunu Tramp və ABŞ rəhbərliyi də yaxşı bilir.

Colanın dəyəri

Bəs Tramp nədən indi Colan Yüksəklikləri barədə bu qərarı vermək istəyir? Birinci variant Netanyahudur, daha dəqiqi onun təmsil etdiyi qüvvələr. Tramp ABŞ-dakı Netanyahunu dəstəkləyən sağçı yəhudi dairələri ilə yaxşı əlaqələrə malikdir. Bu səbəbdən də aprelin 9-da keçiriləcək seçkilər öncəsi Netanyahu və onun şəxsində İsrail ifrat sağçılarına Colanı “hədiyyə edir”.

İkinci daha çox maraq doğuran məlumat isə Colan Yüksəkliklərində neft və qaz axtarışları haqda xəbərlərdir. Məsələ ondadır ki, Colan Yüksəkliklərində neft və qaz kəşfiyyatı fəaliyyətləri hələ 1970-ci ildən, yəni işğaldan dərhal sonra başlayıb. Lakin daha sonra, yəni 1992-ci ildə o dönəmin baş naziri İshak Rabin ərəblərlə İsrail arasında sülh danışıqlarında etibarı yüksəltmək üçün Colanda neft-qaz fəaliyyətlərini dayandırıb. 1995-ci ildə isə ifrat sağçı bir yəhudi 1967-ci il müharibəsnin qəhrəmanı, ordu komandanı Rabini ərəblərlə sülh bağladığı üçün güllələyərək öldürür. Bundan sonra sülh danışıqları da dayanır. 1997-ci ildə isə o dönəmin baş naziri Netanyahu neft-qaz fəaliyyətlərinə yenidən icazə verir. Bəzi ehtimallara görə, Colandakı neft-qaz ehtiyatları fantastik ölçüdə, yəni Səudiyyə Ərəbistanındakı ehtiyatlara bərabər həcmdədir. Hətta 2011-ci ildə ABŞ-ın Nyu Cersi ştatında Colan təpələrində neft-qaz çalışmalarını həyata keçirəcək “Genie Energy” adlı Holdinq qurulub. İndi isə Tramp bu məsələdə İsrailə tarixi dəstək verərək Colan məsələsini birdəfəlik həll etməyə çalışır.

trump golan ile ilgili görsel sonucu

Yeri gəlmişkən, “Genie Energy” şirkətinin məsləhətçisi ABŞ-da və dünyada məşhur olan siyasətçi, “şahinlərin” parlaq simalarından olan Dik Çeynidir. Şirkətin səhmdarları arasında dünyada xeyli məşhur simalar. O cümlədən Yakob Rotşild də var.

Gərginlik yüksəlir?

ABŞ dövlət katibi Maykl Pompeo isə prezident Trampın martın 21-dəki Colan qərarını bir daha müdafiə edib. O, Ağ Evin İsrailin Colan təpələri üzərindəki suverenliyini tanımaq barədə niyyətinin Krımdakı situasiya ilə eyni olmadığını deyib.

Pompeo bildirib ki, Trampın qərarı “reallığın tanınması və İsrailin müdafiəsi üçündür”.

Suriya hökuməti isə bir daha bəyan edib ki, Trampın qərarının nəticələrini tanımayacaqlar. Rusiya və İran da Vaşinqtona etirazını bildirib.
Ancaq 8 ildir vətəndaş müharibəsi aparan Suriyanın İsraillə mühairbəyə başlaması indi az ehtimal olunur. Lakin indi İsrail üçün bir təhlükəli ehtimal var. Bəşər Əsəd İsrailə qarşı Colanda partizan müharibəsi başlada bilər. Bunun üçünsə Fələstində, Livanda və Suriyada xeyli sayda hazırlıqlı qüvvələr var. Lakin indi bu qərarın müəllifi ABŞ olduğu üçün Colana qarşı başlayacaq əməliyyatlar həm də Vaşinqtonun müdaxiləsi üçün əsas yaradacaq.

İstənilən halda Qüds qərarında olduğu kimi, de-fakto işğalda olan Colanla bağlı ABŞ-ın qərarının sahədə münaqişəyə çevrilməsi ehtimalı azdır. Çünki Colan Yükəsklikləri faktiki olaraq işğal altındadır və İsrail ordusunun nəzarətindədir. Üstəlik bir qədər əvvəl ABŞ Colan ətrafında təhülkəsizilik zolağının yaradılmasını təklif edib. Bu, ikiqat müdafiə deməkdir, həm də. Amma Şərq sürprizləri sevir, hər şey mümkündür.

Rövşən Kənanoğlu, musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127528

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930