Rusiya Gürcüstanı “sıxır” – milli valyuta çətin durumda

05.07.2019 - 00:45

Gürcüstanda milli valyutanın dəyərsizləşməyə başlaması qonşu ölkəni çətin duruma salıb. Bu ölkənin tarixində ilk dəfə olaraq, Milli Bank iyulun 2-də 1 dolların kursunu 2,83 lari olaraq müəyyənləşdirib.

Əksər ekspertlər Gürcüstanda bu vəziyyətin yaranmasında Rusiyanın barmağının olduğunu düşünürlər. Xüsusilə, rus deputatın gürcü parlamentində spikerin kürsüsündə əyləşməsinə etiraz olaraq Gürcüstan daxilində etirazların baş qaldırması və günlərlə davam etməsindən sonra larinin şok yaşamasının təsadüf olmadığı vurğulanır. Burada daha çox siyasi çalarlar axtarılır.

Ortada iyun ayında Rusiya prezidentinin Gürcüstana aviareyslərin dayandırılması barədə əmri var ki, bu qərar iyulun 8-dən qüvvəyə minir. Bundan əlavə, Rusiya Fitosanitar Nəzarət Xidməti Gürcüstandan idxal edilən alkoqollu içkilərin keyfiyyətinin yoxlanması barədə qərar qəbul edib. Bu yoxlamanın ardından gürcü şərablarının Rusiyaya idxalını dayandıracağı gözlənilir.

Qonşu ölkəmizdə yaşananların Azərbaycana təsir edib-etməyəcəyi yönündə fərqli mövqelərə rast gəlməkdəyik.

Sabiq maliyyə nazir, iqtisadçı alim Fikrət Yusifov Gürcüstanın çox ciddi bir güclə üz-üzə gəldiyini qeyd etdi: “Rusiya Gürcüstan münasibətlərində artıq illərdir yaşanan gərginlik bir müddət öncə baş vermiş insident nəticəsində özünün ən yüksək nöqtəsinə çatdı. Sabiq prezident Mixail Saakaşvili hakimiyyətdən getdikdən sonra Gürcüstanda hakimiyyətə gəlmiş qüvvələr Rusiyaya müəyyən bağlılığı ilə seçilsələr də, bu iki ölkə arasındakı münasibətlərin əvvəlki axara düşməsi demək deyildi. Gürcü xalqı bu münasibətlərdə ölkəsinin müstəqilliyinə zərər gətirə biləcək hər bir məsələyə həssalıqla yanaşmağa çalışdı. Lakin buna baxmayaraq MDB-dən çıxmış Gürcüstan zaman–zaman Rusiya ilə ticarət və iqtisadi əlaqələri bərpa etməyə məcbur oldu. Bu təbii idi. Çünki Gürcüstan bu gün elə bir inkişaf səviyyəsinə yüksəlməyib ki, onun iqtisadi və ticari tərəfdaşlarının hamısı Avropanın inkişaf etmiş ölkələri olsun. Ənənəvi gürcü məhsullarının ən münbit bazarı yenə də Rusiya qalır və bu, hələ uzun müddət belə olacaq. Ötən il Gürcüstana Rusiyadan gələn turistlərin sayı bir milyon nəfərdən çox olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 16% artım deməkdir. Cari ildə bu göstəricinin 1,5 milyon nəfərə çatması və bu hesaba 1,5 milyard dollar vəsait əldə etmək proqnozlaşdırılırdı ki, son olaylar bu gözləntiləri alt-üst etdi. Verilən məlumatlara görə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 1 milyard 373 milyon dollar səviyyəsində olub. Rusiyadan Gürcüstana idxal olunan məhsulların həcmi isə Gürcüstanın xarici ticarət dövriyyəsinin 11%-ni təşkil edir. Sadalanan bu göstəricilər kifayət qədər ciddidir. Son illər Rusiyadan olan iş adamları Gürcüstanın iqtisadiyyatına böyük yatırımlar etməyə başlamışdılar.

Təkcə keçən il rusiyalılar Gürcüstanda 17 000-dən çox ev, mənzir, kommersiya təyinatlı binalar və digər daşınmaz əmlaklar alıblar. Rusiya Prezidentinin qərarı ilə iki ölkə arasında uçuşların dayandırılması Gürcüstanın turizm sektoruna həm maddi və həm də mənəvi çox böyük zərbə deməkdir. Gürcü hökuməti bunun fərqindədir. Gürcüstandakı bir çox qüvvələr tərəfindən Rusiyaya nə qədər böyük nifrət bəslənilsə də, reallıq budur ki, iki ölkə arasındakı körpülərin tam yandırılması Gürcüstan üçün acınacaqlı ola bilər. Son günlər gürcü larisinin kəskin ucuzlaşması ölkənin bank maliyyə sektorunda ciddi böhranın yaşanmasına aparan bir yoldur.

Mən gürcüləri başa düşürəm. Onların torpaqları işğal altındadır. Rusiyaya olan sevgisizliyin bir əsas səbəbi budur. Ancaq nə etməli? Gürcüstan bu gün elə bir güclə üz-üzə dayanıb ki, qarşı tərəf daha ciddi hərəkətə keçsə, bunun nəticələri kifayət qədər acınacaqlı olacaq. Odur ki, emosiyaları cilovlamaq zamanıdır. Qarşıda münasibətlərin qeyri-sivil qaydalarından hər dəm məharətlə istifadə etməyi bacaran bir güc var və bu güclə hələ ki, bütün dünya hesablaşmaq zorundadır. Ölkəmizə qonşu və dost olan və eyni zamanda bir çox transmilli layihələrdə tərəfdaşımız olan, bir neçə yüz min soydaşımızın yaşadığı Gürcüstanda mövcud durumun sabitləşməsi olduqca vacibdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129225

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30