İran sanksiyalardan yayınmağın yollarını axtarır

05.07.2019 - 01:19

Ölkə kapital qaçışı, korrupsiya və vergidənyayınma problemləri ilə üz-üzə…

ABŞ-ın İrandan neft almaq üçün 8 ölkəyə verdiyi müddət bitdikdən sonra İranın neft ixracatı kəskin şəkildə aşağı düşüb. Belə ki, mayın 2-də güzəşt müddəti başa çatdıqdan az sonra İran neftinin iki böyük alıcısı – Hindistan və Çin Tehrandan “qara qızıl” alışını tamamilə dayandırdıqlarını bəyan edib. Eyni zamanda Türkiyə, Cənubi Koreya və Yaponiya da analoji addımı atıb.

Qeyd edək ki, bu 5 ölkə, həmçinin Tayvan, Yunanıstan və İtaliya cari ilin mart ayında İrandan gündəlik 1,6 milyon barel neft alıblar. Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə mayın 2-dək qalan müddətdə İrandan maksimum həcmdə neft almağa çalışırdılar. Buna görə də bu ilin əvvəlindən aprelin sonunadək İranın neft ixracatı ötən ilin son rübünə nisbətən xeyli artmışdı. Belə ki, yanvar ayında bu ixracın həcmi sutkada 1,1 milyon barel, fevralda 1,38 milyon barel təşkil edib. Bu ixracatın 710 699 bareli Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya edilib.

Mayın əvvəlindən neft ixracatı bütünlüklə sanksiyalar altına düşən İranda iqtisadi vəziyyət gün-gündən pisləşir. Ölkə büdcəsinin 80 faizini təmin edən neft satışı ən aşağı səviyyəyə düşüb. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, may ayında İranda neft hasilatı 1980-ci illərdən bəri ən aşağı göstəriciyə qədər azalıb. Mayda İranın sutkalıq neft ixracı 480 min barel azalaraq 810 min barel təşkil edib. Halbuki ötən ilin eyni dövründə Cənub qonşumuz dünya bazarına sutkada 2,5-2,6 milyon barel neft çıxarırdı.

Beynəlxalq Valyuta Fondu bu ilin sonuna İranda 6 faizlik iqtisadi azalma proqnozlaşdırıb. Vəziyyəti pisləşdirən əsas amillərdən biri dövlət büdcəsindəki kəsirdir. Keçən hicri ilinin ilk 9 ayında bu kəsir 400 trilyon rial – 9,5 milyard dollar olub. İndiki hicri ilinin sonunadək İran büdcə kəsirinin 600 trilyon riala – 14,36 milyard dollara çatacağı gözlənilir.

İranda iqtisadi böhranın dərinləşməsində rol oynayan faktorlardan biri də yüksək səviyyəyə çatmış vergidən yayınma və korrupsiyadır. İran parlamentinin İqtisadi komissiyasının sədr müavini Kazım Delxoşun sözlərinə görə, vergidən yayınmanın yüksək səviyyəsi nəticəsində ölkə vergi gəlirlərinin 35-40 faizini itirir. Bu isə “kölgə iqtisadiyyatı”nın və korrupsiyanın yüksək səviyyəsindən xəbər verir.

İranda iqtisadi böhranı dərinləşdirən daha bir amil likvidliyin yüksək artımıdır. Hökumətin bütün səylərinə baxmayaraq, İranda pul kütləsi sürətlə genişlənir. Keçən Hicri ilində bu genişlənmə 20,9 faiz olub, bu il üçün isə daha 25 faiz artım proqnozlaşdırılır.

Nəhayət, sanksiyaların kəskinləşməsi İrandan kapital qaçışının böyük vüsət almasına səbəb olub. Keçən Hicri ilində İran şirkətləri xaricə 42 milyard dollar dəyərində xammal satıblar ki, bunun yalnız 10 milyard dolları ölkəyə geri qayıdıb.

Əlbəttə, bu problemlərin hamısı İran hökumətinə bəllidir. Lakin hakim siyasi sistem problemlərin açıq etirafı, analizi və həlli yollarının tapılmasına imkan vermir. Əvəzində hökumət sanksiyalardan yayınmaq üçün müxtəlif ölkələrlə təmasları artırır. İranın neft nazirinin müavini Əmir Hüseyn Zamanian bildirib ki, ölkəsi ABŞ sanksiyalarından yayınmaq üçün “boz” xammal bazarından istifadə edəcək. İran rəsmisi qeyd edib ki, ənənəvi leqal yollardan kənar ticarəti “fırıldaq deyil, İran İslam Respublikasının qanunsuz və ədalətsiz hesab etdiyi sanksiyalara cavab”dır. Bununla bərabər, Zamanian “boz” bazar deyərkən məhz nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Nazir müavini həmçinin etiraf edib ki, ABŞ sanksiyalarının iqtisadiyyata mənfi təsirləri nəticəsində İran hökuməti təcili tədbirlər görmək məcburiyyətində qalıb: “Biz iqtisadi və maliyyə tənzimlənməsi sahəsində ciddi qərarlar qəbul etməliyik, hökumət bunun üzərində işləyir”.

Xarici ekspertlər də hesab edirlər ki, sanksiyaların mənfi təsirləri elə həddə çatıb ki, İran öz neftini gizli yolla satmaq məcburiyyətində qalıb. Bu zaman neftlə zəruri ərzaq və tələbat məhsullarının barteri, neft daşıyan tankerlərdə coğrafi koordinatları təqdim edən sistemin dayandırılması, həmçinin alqı-satqı müqavilələrinin məhsulun mənşə ölkəsinin qeyd olunmadan bağlanması kimi üsullardan istifadə mümkündür. Məsələ burasındadır ki, bundan əvvəl də uzun illər iqtisadi sanksiyalara məruz qalan İran neft satışında qeyd olunan bütün üsullardan məharətlə istifadə etməyi bacarıb. Əvvəllər İran bir sıra ölkələrlə, məsələn, Hindistan və Çinlə dollarsız alver edirdi. O, nefti həmin ölkələrə onların milli valyutası ilə – rupi, yaxud yuanla satırdı və bu pullar bankda qorunurdu. İran onlardan mal alanda, həmin bank hesabından ödəniş edirdi. Lakin İran neftinin bazar qiymətindən xeyli ucuza satılması hesabına başa gələn bu əməliyyatlar Tehranı heç də qane etmir. Buna görə də İran hökuməti sanksiyalardan yayınmaq üçün yollar axtarır. Belə yolları tapmaq isə deyəsən, çox da çətin olmayacaq.

Əvvəla, bundan əvvəlki sanksiyalar BMT egidası altında olmuşdusa, indi yalnız ABŞ-ın qadağalarından söhbət gedir. Hansı ki, Çin, Hindistan, Rusiya, Yaponiya, Cənubi Koreya, hətta Avropa Birliyi belə bu sanksiyaların əleyhinədir. Onların hər biri ayrı-ayrılıqda ABŞ cəzalarından yayınmaqla İranla ticari əlaqələri davam etdirmək üçün yollar axtarırlar. İyunun son günlərində İranın nüvə proqramı üzrə Müştərək Əhatəli Plana (MƏP) dair Vyana görüşündən sonra Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmid adıçəkilən ölkə ilə İNSTEX (İnstrument in Support of Trade Exchanges – Ticarət mübadilələrinə dəstək aləti) ödəmələr mexanizminin işə salındığını, artıq ilk köçürmələrin icra olunduğunu bildirib. H.Şmid “Twitter” hesabında MƏP birgə komissiyasının Vyana iclasında səmərəli müzakirələr aparıldığını, habelə Ərək və Fordou layihələrinə dair irəliləyiş əldə olunduğunu qeyd edib: “Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli yerinə yetirilməsi başlıca vəzifə olaraq qalır”.

İyun ayında həmçinin Rusiya İranla neft, neft-kimya, qaz və enerji sektorunda əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. İmzalanma ölkələrarası ticarət və iqtisadi əməkdaşlıq komissiyasının iclası çərçivəsində baş tutub. İran eyni zamanda, Çinlə “Bir kəmər-bir yol” layihəsi çərçivəsində əməkdaşlığı genişləndirmək üçün çalışmalarını sürətləndirib.

Beynəlxalq analitiklər hesab edirlər ki, İran artıq ABŞ sanksiyalarının mənfi təsirlərinin pik həddini arxada qoyub. Bundan sonra iqtisadi tənəzzül dərinləşsə belə, bu, əvvəlki kimi bütün ölkədə təşviş və həyəcana səbəb olmayacaq. İran vətəndaşları yaxın 5-6 ay müddətində iqtisadi böhranın təsirlərinə dözə biləcəklər. Bu müddətdə İran hökuməti Avropa Birliyi və sanksiyalara qarşı olan ölkələrlə koordinasiyalı əməkdaşlığı qurmağı, daxildəki korrupsiya və “kölgə iqtisadiyyatı”na qarşı effektiv mübarizəni təşkil etməyi bacarmasa, ölkədə ciddi vətəndaş etirazları baş qaldıra bilər. (Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129239

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031